Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”

Erməni tərəfi söz verib ki, minalanmış bütün ərazilərin xəritəsini bizə verəcək
Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək – ekspertlər
Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya müsahibəsi
– Avropa Şurası Parlament Assambleyasında münaqişələrin öyrənilməsi ilə bağlı alt komitə hansı zərurətdən yaradılıb və onun fəaliyyəti nədən ibarət olacaq?
– Alt komitə Gürcüstan-Rusiya münaqişəsindən sonra üzv dövlətlər arasında münaqişələrin olmaması və münaqişələrin müharibə səviyyəsinə qalxmasının qarşısının alınması üçün xüsusi araşdırmalar və tədqiqatlar aparmaq üçün yaradılıb. Bu zərurət AŞ PA-da ciddi şəkildə səsləndirilib və bunun nəticəsi olaraq büronun yanvar sessiyası çərçivəsində keçirilən iclasında qərara alınıb ki, mövcud münaqişələrin alovlanmaması, ümumiyyətlə, üzv ölkələr arasında münaqişələrin yaranmaması, onların qarşısının alınması üçün xüsusi bir alt komitə yaradılsın. Bu mərhələdə yalnız komitənin yaradılmasına qərar verilib və britaniyalı deputat, demokrat qrupun rəhbəri Devid Vilşir komitənin rəhbəri təyin olunub. Komitənin iş planı, gələcək fəaliyyəti, konkret addımları böyük ehtimalla aprel sessiyasında daha konkret müəyyənləşəcək. AŞ qaydalarına əsasən alt komitələrin iclasları əksər hallarda sessiyalar çərçivəsində keçirilir. Ona görə ki, bu iclasları sessiyalararası dövrdə təşkil etmək çox çətin və problemlidir. Aprel sessiyası çərçivəsində alt komitə fəaliyyətə başladıqda təbii ki, biz bu komitənin fəaliyyətini izləyəcəyik və lazım gəlsə, onun işində yaxından iştirak edəcəyik.
– Alt komitə Dağlıq Qarabağ münaqişəsi ilə də məşğul olacaqmı? Məlum olduğu kimi, artıq AŞ PA-da Dağlıq Qarabağ üzrə alt komitə mövcuddur.
– Təbii ki, istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin araşdırılması ilə bağlı məsələlər gündəmə gələcək. Bu alt komitə ilə Dağlıq Qarabağ üzrə alt komitə arasında əlaqələr olacaq. Biz buna tərəfdarıq. Komitənin işinə yardımçı olmağa hazırıq ki, bu qurum işini normal, düzgün şəkildə təşkil edə bilsin.
– D. Vilşir bildirib ki, qurum münaqişələrlə bağlı müxtəlif görüşlər keçirəcək. Dağlıq Qarabağla bağlı hansısa tədbirin keçirilməsi nəzərdə tutulubmu?
– Dediyim kimi, hələ konkret, təsdiq olunmuş iş planı yoxdur. Ancaq hər bir alt komitə fəaliyyətə başlayanda müxtəlif yığıncaqlar, söhbətlər, konfranslar keçirilir. Bu, onların iş üsuludur. Alt komitələrin iş prinsipi məhz danışıqlar aparmaq, dəyirmi masalar, konfranslar və bu kimi tədbirlər keçirməkdir. Dağlıq Qarabağ münaqişəsi AŞ PA-da dəfələrlə müzakirə obyekti olub, keçən il Berlində “dondurulmuş münaqişələr”ə həsr olunmuş böyük konfrans keçirilib, ondan əvvəl Dağlıq Qarabağ üzrə alt komitədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri və alt komitənin üzvləri söhbətlər aparıblar.
– Yeni alt komitəyə Azərbaycan nümayəndə heyətindən üzv seçiləcəkmi?
– Alt komitələrin işi elə təşkil olunur ki, vacib məsələlər olanda, hansısa problemlər üzə çıxanda hər bir AŞ PA üzvü onun işində iştirak edə bilir. AŞ PA-da yalnız bir komitə – Monitorinq Komitəsi iclaslarını qapalı keçirir. Başqa komitələrin iclası açıq olur. Alt komitələr isə ümumiyyətlə, qapalı iclas keçirmir və maraqlanan hər bir kəs onun işində iştirak edə bilər. Burada heç bir məhdudiyyət yoxdur./APA/