“Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib

Tərtər rayonunun Tərtər çayı hövzəsində yerləşən yaşayış məntəqəsinin siyahısı
Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını sərt şəkildə pisləyib

Bu gün “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının Azərbaycan, ingilis və fransız dillərindəki variantlarının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin rəhbərləri AVCİYA prezidenti Elxan Süleymanov, AVCİYA vitse-prezidenti Vəli Əlibəyovdur. Kitabın müəllifləri isə tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, sənətşünas Minaxanım Əsədova və arxeoloq, tarix elmlər namizədi Təvəkkül Əliyevdir.

Kitabda Sərsəng su anbarının təsir dairəsində olan Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Yevlax rayonları ərazilərindəki tarixi və mədəniyyət abidələrinin tədqiqatına dair hesabat əksini tapıb.

Təqdimatda çıxış edən V. Əlibəyov deyib ki, Sərsəng su anbarında hər hansı fəlakət olarsa, 4 min insan tələf olar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Yevlax rayonları ərazilərindəki tarixi və mədəniyyət abidələri məhv olar. O, həmçinin qeyd edib ki, Sərsəng su anbarı işğal altındadır və ermənilər bu su anbarından Azərbaycana qarşı hidroloji təhdid kimi istifadə edirlər.

Tədbirdə bildirilib ki, Sərsəng su anbarı ilə əlaqədar aparılan tədqiqatların nəticələri Avropa Şurası Parlament Assambleyasına çatdırılacaq, AŞ PA-nın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzrə məruzəçisinə də bu hesabat təqdim ediləcək.

Tədqiqat qrupuna rəhbərlik etmiş M. Zülfüqarlı tədqiqatın bu ilin may-iyun aylarında aparıldığını söyləyib. M. Zülfüqarlı həmin bölgələrdə çoxlu sayda kurqanların olduğunu nəzərə çatdırıb: “Anbarda qəza olacağı halda tək orta və müasir dövrə dair abidələrimiz yox, miladdan əvvələ aid kurqanlar da məhv ola bilər”.

O, tədqiqatlarda alman arxeoloqlarının da iştirak etdiyini açıqlayıb.