Səsvermə zamanı pozuntular aşkar edilməyib

Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib
Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb
Baş nazir Novruz Məmmədov: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyədədir

Bakının seçki məntəqələrində seçki prosesinə mane olan kobud pozuntular aşkar edilməyib. Bu barədə MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (PAA DİMBİ) Bakı Filialının məlumatında deyilir.
Bələdiyyə seçkilərində seçicilərin aktivliyi yerli vaxtla saat 17.00-a 28,51% (1 308 190 seçici) təşkil edir. Bu barədə Azərbaycan MSK-nın nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzindən Trend News-a məlumat verilib.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
“Bakının Əzizbəyov, Sabunçu, Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov, Yasamal və Səbail rayonlarındakı seçki məntəqələrində demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb”, – göstərilən rayonlarda monitorinq keçirən institut qeyd edib.
“Səhər seçici göstəricisinin aşağı olmasına baxmayaraq, günün ikinci yarısı aktivlik müşahidə olunub”, – məlumatda deyilir.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 17.00 və 19.00-da məlumat verəcək.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb.
MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib./Trend/