Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir

Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalça aşkara çıxarılıb
Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər

Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, Şəki sənətkarlarının misilsiz sənət ənənələrini böyük sevgi ilə davam etdirir, bu qədim el sənətini yaşadır. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən bu el sənətkarının əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir.

Hüseyn Hacımustafazadə yeni şəbəkələr hazırlamaqla yanaşı, qədim şəbəkə nümunələrini bərpa etmək, gələcək nəsillərə çatdırmaq məqsədi ilə də axtarışlar edir, Şəkinin qədim evlərindən tapdığı şəbəkə nümunələrinə yeni nəfəs verməyə çalışır. Hazırda Hüseyn usta 270 ilə yaxın yaşı olan qədim şəbəkə pəncərənin bərpası üzərində işlərə başlayıb.

Sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, şəhərin “Otaq eşiyi” adlanan ərazisindəki qədim evdən götürülən bu şəbəkə pəncərənin şüşələri yaxşı vəziyyətdə qalsa da, taxta hissələri çürüyüb sıradan çıxıb. Onun sözlərinə görə, şəbəkə pəncərənin bərpası zamanı 1000-dən artıq detal və rəngli şüşədən istifadə olunacaq. Bütün taxta hissələr yenilənməlidir. Şəbəkənin bərpasına 3 ay vaxt lazımdır. “İstəyirəm ki, bu əsəri Parisdə təşkil olunacaq növbəti sərgidə nümayiş etdirim. Azərbaycanın, Şəkimizin necə qədim mədəni irsə malik olduğunu xaricdə də təbliğ edim, ölkəmizin mədəni dəyərlərinin tanıdılmasında mənim də zərrə qədər də olsa əməyim, zəhmətim olsun”, – deyə Hüseyn usta bildirib.

Xatırladaq ki, Hüseyn Hacımustafazadə ötən il də 270-ə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edib. Şəmsi və nəbati naxışlardan toxunan şəbəkənin hazırlanmasında 800-dək detal və rəngli şüşədən istifadə olunub. Bu əsər ilk dəfə cari ilin fevralında Moskva şəhərində, Rusiya Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgidə, daha sonra mayda Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günü çərçivəsində təşkil olunan sərgidə uğurla nümayiş etdirilib və böyük marağa səbəb olub.

Bərpa olunan qədim şəbəkənin özəllikləri barədə danışan Hüseyn usta deyib: “Qədim şəbəkə nümunələri ilə müasir şəbəkələr arasında xeyli fərq var. Qədim şəbəkələrdə İtaliyadan gətirilən rəngli şüşələrdən istifadə olunurdu. Qalınlığı 1 millimetr olan belə şüşələrlə işləmək ustalar üçün daha asan idi. Eşitdiyimə görə, vaxtilə Şəki xanı Hüseyn xan yerli sənətkarlar üçün İtaliyadan belə şüşələr gətirdib. Müasir şəbəkələrdə isə Rusiyadan gətirilən 3 millimetr qalınlığında zavod şüşələrindən istifadə edirik. Bu şüşələr bir az parıltılı olduğu üçün gözü qamaşdırır. Qədim şəbəkə nümunələrinə isə nə qədər çox baxsan da göz yorulmur. Ona görə də sənətsevərlər belə əsərlərə həmişə yüksək qiymət verirlər”.

Ümumiyyətlə, Hüseyn Hacımustafazadənin yaradıcılığında qədim şəbəkə nümunələrinin bərpası xüsusi yer tutur. Sənətkar Şəkinin məşhur tarixi-memarlıq abidələrindən olan Şəki xanlarının sarayının, “Yuxarı Karvansaray” mehmanxana kompleksinin, Şəkixanovların ev-muzeyinin, həmçinin Gəncə və Bərdə şəhərlərindəki qədim məscidlərin şəbəkə pəncərələrinin bərpasında da yaxından iştirak edib.