Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub

Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb
Ceyhun Bayramov: “Hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir”

Şərq Tərəfdaşlığının (ŞT) 2020-ci ildən sonrakı nəticələri barədə ŞT ölkələrinin Xarici İşlər nazirlərinin Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheyli ilə görüşü olub. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdə iştirak edib.

Elmar Məmmədyarov çıxışında bildirib ki, gələcək nəticələr 2017-2020-ci illəri əhatə edən əvvəlki hədəflər qrupundan öyrənilmiş dərslər əsasında hazırlanmalıdır. Bu hədəflər real, mümkün və ölçülə bilən olmalıdır. Aİ ilə münasibətlərdə ayrı-ayrı tərəfdaş ölkələrin müxtəlif ambisiyalarına uyğun olmalıdırlar. Eyni zamanda, Aİ daim dəyişən ehtiyac və şərtlərə uyğunlaşmalı və gözləntilərini yenidən nəzərdən keçirməlidir. Bu baxımdan Aİ-nın böyük çevikliyi Şərq Tərəfdaşlığının canlılığı və aktuallığının qorunmasında həlledici rol oynayacaq.

Dayanıqlı, davamlı və inteqrasiya olunmuş iqtisadiyyatdan danışan nazir qeyd edib ki, hərtərəfli iqtisadi siyasət rəqəmsallaşdırma, internet bağlantısı və yeniliyə diqqət yetirərək, səhiyyə və təşkilatların gücləndirilməsi, ticarət və investisiya qoyuluşunu asanlaşdırmaq tədbirlərinə beynəlxalq dəstəklə birləşdirilməlidir. Kiçik və orta müəssisələrin dirçəldilməsi və beynəlmiləlləşdirilməsinə yönəlmiş tədbirlər iqtisadi inkişafın miqyasının genişləndirilməsində prioritetdir.

Enerji bağlılığı məsələsinə gəldikdə, nazir Cənub Qaz Dəhlizinin uğurunun əsas götürülməli olduğunu deyib. Bildirib ki, Qərbi Balkanlardakı həmkarlarımızla daha geniş bir coğrafi bölgəyə qaz tədarükünü genişləndirmək üçün sıx işləyirik. Cənub Qaz Dəhlizi tədarük mənbələrini və marşrutlarını şaxələndirməyi hədəfləyən Qərbi Balkanlarda Aİ-nin siyasət prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Nəqliyyat bağlılığına gəldikdə, Aİ-nin dəstəyi Şərq-Qərb və Şimal-Cənub ticarət dəhlizlərinin inkişafı üçün çox vacibdir. Biz, həmçinin Aİ-ni Mərkəzi Asiyaya və ondan kənarda alternativ bir marşrut təmin edəcək GUAM nəqliyyat dəhlizi, həmçinin ATƏT-in “Xəzər dənizi bölgəsində yaşıl limanların və bağlantıların inkişafına dəstək” layihəsini təmin etmək üçün səyləri dəstəkləməyə çağırırıq.

Elmar Məmmədyarov vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq standartlarının Avropa standartlarına uyğunlaşdırılması daxili siyasətin əsas prioritetidir və bu istiqamətdə gələcək əməkdaşlığa hazırıq.

“Biz Aİ-nın beynəlxalq hüquqa dair prinsipial mövqeyini və münaqişələrin Helsinki Yekun Aktı prinsipləri, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək əsasında həlli mövqeyini yüksək qiymətləndiririk. Aİ-nin həll olunmamış münaqişələrin dinc yolla həllini təşviq etməsini, xüsusilə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, infrastruktur layihələri vasitəsilə status-kvonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz fəaliyyətə və münaqişənin siyasi həllini pozmaq üçün mövcud formatları dəyişdirmək cəhdlərinə qarşı öz siyasət və təcrübələrində beynəlxalq hüquqa hörmətin gücləndirilməsi yanaşmasını davam etdirəcəyini gözləyirik”, – deyə Elmar Məmmədyarov qeyd edib.

Nazir deyib: “Aİ-nın fərqləndirmə siyasəti bütün tərəfdaşları qorumaq üçün vacibdir. Biz bunu yüksək qiymətləndiririk, lakin bu, Şərq Tərəfdaşlığının bəzi tərəfdaş ölkələri kimi beynəlxalq hüquq prinsiplərindən sui-istifadə və ya yanlış şərh edilməsinə səbəb olmamalıdır”.

Ətraf mühitin və iqlimin təsirlərinə qarşı müqavimət məsələlərindən danışan nazir deyib ki, qlobal tullantıların aradan qaldırılması üçün regional və beynəlxalq səylərin artırılması və konkret layihələr vasitəsilə daha yaşıl iqtisadiyyat yaratmaq üçün işlərin aparılması vacibdir.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan hazırda hökumətin rəqəmsal transformasiya strategiyası üzərində işləyir. Süni intellekti inkişaf etdirmək və potensial kiber təhlükəsizlik təhlükələrini aradan qaldırmaq üçün “Microsoft” ilə sıx işləyirik. İnsanların rəqəmsal bacarıqlarına dair startapların təşviqi iqtisadiyyatımızı neft sektorundan şaxələndirməyə kömək edəcək.

Elmar Məmmədyarov qeyd edib ki, insan kapitalına, xüsusilə gənclərə investisiya qoyuluşu sosial və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsində əsas rol oynayacaq. COVID-19-un səbəb olduğu təhsil sektorundakı fəsadları aradan qaldırmaq üçün davamlı həllər hazırlamalıyıq.

“Münaqişədən zərər çəkmiş əhalinin hüquqlarına hörmətin təmin edilməsi yurdundan zorla qovulan azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün məqsədyönlü tədbirləri əhatə etməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun asanlaşdırılması müvafiq etimadın qurulması tədbiri ola bilər”, – deyə nazir bildirib.

Elmar Məmmədyarov, həmçinin çıxışında deyib: “İrqi və dini ayrı-seçkilik təəssüf ki, insan həyatının itirilməsinə səbəb olur, icmalar arasında nifrət və zorakılıq yayır. Dözümlülüyü, müxtəlifliyi və dinc yanaşı yaşamağı təşviq etmək, zorakılıq, separatizm, ekstremizm və ksenofobiya da daxil olmaqla hər cür zorakılığa qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalıyıq”.