Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlardakı məhkəmələrdə bütün işlərin qəbulu bərpa olunur

Əfv Komissiyası iclasları yekunlaşdırır, sərəncam imzalanacaq
Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq ediləcək
Reza Deqati: Bütün imkanlardan istifadə edib, Azərbaycan reallıqlarını dünyaya çatdırmalıyıq

Ali Məhkəmə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə bir sıra tövsiyələr verilib.

Belə ki, avqustun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulunun və baxılmasının tam şəkildə bərpa olunması tövsiyə olunub.

Bundan başqa, Azərbaycan Respublikasının bütün məhkəmələrində hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll edilməsi, vətəndaşların qəbulu dayandırıldığından qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilməsi barədə tövsiyə verilib.

Həmçinin tövsiyə olunub ki, məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddətdə qoruyucu maskalardan istifadəsi, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.