“Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub

SAMF bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqini aparıb
“Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri

Dekabrın 27-də Şamaxı şəhər Mədəniyyət evində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə çap edilmiş “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub. Mərasimi giriş sözü ilə E.Süleymanovun rayondakı qərargahının rəhbəri, kitabın həmmüəllifi Dəyanət Musayev açıb. D.Musayev təqdimat mərasiminin iştirakçılarını salamladıqdan sonra söz Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova verilib. A.Məmmədov kitabın əhəmiyyətindən bəhs edib, onun 1930-40-cı illərdə Şamaxıda aparılan repressiyaların üzərinə işıq salmaqla  geniş ictimaiyyətə məlum olmayan hadisələri araşdıran dəyərli tədqiqat əsəri kimi qiymətləndirib.

Daha sonra çıxış edən kitabın müəlliflərindən biri, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı kitab haqqında ətraflı danışdı. M.Zülfüqarlı bildirdi ki, 1930-40-cı illərdə Şamaxıda həyata keçirilən repressiyalar Azərbaycanda Çar Rusiyasının yeritdiyi müstəmləkə siyasətinin davamı olub. Həmin repressiya siyasəti əvvəlki illərdə həyata keçirilən anti-Azərbaycan, anti-türk siyasətinin tərkib hissəsi idi.

Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, Şamaxı Ağsaqqallar Şurasının sədri Aydın Alcanov, Repressiya olunmuş Hüseynbaba Zərbəliyevin oğlu Süleyman Zərbəliyev, “Şamaxı prosesi”ndə saxta ittihamla həbs olunan Şamaxı rayon prokuroru Əhməd Əmirovun nəvəsi hüquqşünas Arzuxan Əlizadə rayon ərazisində baş verən repressiyaların mahiyyətindən bəhs edərək, kitabla bağlı ürək sözlərini bildiriblər.

Tədbirin sonunda Şamaxının millət vəkili Elxan Süleymanov geniş çıxış edib. E.Süleymanov qeyd edib ki, onun təşəbbüsü ilə ötən ildən Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilmiş, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı – 1918-ci il” kitabı nəşr edilib. “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı da həmin layihənin tərkib hissəsidir.

Qeyd edək ki, Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı və Dəyanət Musayevin müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan  kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunub. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olmuş şamaxılılar haqqında geniş məlumat verilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin Elmi Şurasının qərarı ilə çap edilməsi tövsiyə olunan bu kitab www.elkhan-suleymanov.az saytının növbəti nəşridir.