Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi haqqında

Şəhidlərimizin vətənpərvərliyinin təbliğinə dair layihə çərçivəsində bir sıra universitetdə tədbirlər keçirilib
Azərbaycan Prezidenti Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər

Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi haqqında 

 ƏSASNAMƏ

Ümumi müddəalar

  1. Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi doğma diyarın tarixinə marağı inkişaf etdirmək, məktəblilər arasında vətənpərvərlik hissini gücləndirmək, erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirilmiş əcdadlarımızın xatirəsini bir daha yad etmək məqsədi daşıyır.
  2. Müsabiqədə nəsr formasında yazılmış inşalar iştirak edir.
  3. İnşa müəllifləri doğma rayonlarında 1918-ci ildə ermənilər tərəfindən törədilən faciəli hadisələrdən bəhs etməlidirlər.
  4. Müsabiqənin təşkilatçıları Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və 1905.az portalıdır.
  5. Bu əsasnamə müsabiqənin təşkili və keçirilməsi qaydalarını müəyyənləşdirir.

İnşa müsabiqəsinin iştirakçıları

Müsabiqə ümumtəhsil mətəblərinin 7-11-ci sinif şagirdləri arasında keçirilir.

Təhsil müəssisələri müsabiqənin birinci mərhələsində iştirak edəcək şagirdlərin sayını müstəqil surətdə müəyyənləşdirir.

Müsabiqənin təşkili və keçirilməsi qaydaları

Müsabiqədə göstərilən mövzuya cavab verən inşalar iştirak edəcək.

Müsabiqə iki mərhələdə keçirilir:

Məktəb səviyyəsində – 01.10.2014 – 30.11.2014-cü il tarixdə

Rayon səviyyəsində – 11.01.- 18.01.2015-ci il tarixdə

Rayon səviyyəsində müsabiqənin hazırlanması və keçirilməsi Təşkilat Komitəsi tərəfindən icra olunur.

Təşkilat Komitəsi icraedici orqandır və müsabiqənin təşkili və keçirilməsi, arxivin qorunub saxlanılmasına görə məsuliyyət daşıyır, müsabiqənin keçirilməsi və ona yekun vurulması ilə bağlı tədbirləri hazırlayır.

Təşkilat Komitəsinin tərkibi Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və 1905.az portalı tərəfindən müəyyənləşdirilir.

Təşkilat Komitəsi:

–      Müsabiqəyə təqdim olunan inşaların ekspertizasını keçirir;

–      Münsiflər heyətinin tərkibini və iş qaydasını təsdiq edir;

–      Münsiflər heyətinin işini təmin edir;

–      Yekun mərasimini təşkil edir.

Münsiflər heyəti:

–      Müsabiqəyə təqdim olunan inşaları qiymətləndirir;

–      Müəyyən olunmuş aşağıdakı meyarlar əsasında qalibləri müəyyənləşdirir:

a)     hadisələrin təsvir olunma məntiqi və tarixə uyğunluğu

b)    mövzunun tam əhatə olunması

c)     vətənpərvərlilik yönümü və tərbiyəvi əhəmiyyəti

d)    təsvir üslubu

e)     mövzuya şəxsi münasibətin əks olunması

f)      savadlı tərzdə yazılması

Müsabiqəyə təqdim olunan inşalar üçün tələblər

İnşalar yazılı şəkildə 12 və ya 18 vərəqli dəftərdə təqdim olunmalıdır.

Dəftərin üstündə təhsil müəssisəsinin adı, şagirdin adı və soyadı, sinfi, onu müsabiqəyə hazırlayan Azərbaycan dili və ədəbiyyat müəlliminin adı və soyadı olmalıdır.

Birinci mərhələnin yekununa uyğun olaraq məktəb ikinci mərhələdə iştirak etmək üçün qalibləri seçir və ikinci mərhələdə onların iştirakını təmin edir.

Müsabiqəyə təqdim edilmiş inşalar geri qaytarılmır.

Müsabiqə qaliblərinin mükafatlandırılması

Müsabiqə qalibləri Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, 1905.az portalının diplomları və pul mükafatları ilə təltif olunurlar.

Müsabiqədə qalib gəlmiş şagirdlərin inşaları əsasında “1905.az studiyası” tərəfindən mini filmlər çəkiləcəkdir. Müsabiqədə qalib gəlmiş şagirdlər həmin filmlərin ssenari müəllifi olacaqdır.

 

Müsabiqə haqqında məlumatlar www.elkhan-suleymanov.azwww.avciya.az və www.1905.az  saytlarında yerləşdiriləcəkdir.