Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918-ci il Şamaxı soyqırımı” mövzusunda konfrans keçirilib

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
Məşğulluq altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir
Şamaxı rayonunda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı” mövzusunda elmi–praktik konfrans keçirilib.

APA-nın məlumatına görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 31 mart soyqırımı və Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edib. Məlumat verilib ki, erməni quldurları 1918-ci ildə Azərbaycanın Bakı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərində olduğu kimi Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər. S.Şaumyanın tapşırığı ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev gizlincə Şamaxıda, eləcə də, Mədrəsə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin rus kəndlərinə-Xilmilli, Qızmeydan, Çuxuryurda silah-sursat paylayıb, onları başdan-ayağa silahlandıra bilib. Stepan Lalayevin başçılıq etdiyi erməni əsgərlər azğınlaşaraq 1918-ci ilin mart-aprel aylarında Şamaxıda müsəlmanları soyub-talayıb və qırıblar. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsi­nə od vurulub, 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılıb, mədəniyyət abidələri dağıdılıb. Dinc əhali Cümə Məscidinin içərisinə doldurularaq diri-diri vəhşicəsinə yandırılıb. Bu faciənin ürək ağrıdan qanlı izləri indi də Cümə Məscidinin divarlarında yaşayır. Erməni quldurlar Şamaxı şəhərində və kəndlərdə 8-12 min, bütövlükdə Şamaxı qəzasında isə 40 minə yaxın dinc insanı qətlə yetiriblər, onların yalnız 12 min nəfəri qeydə alınıb.

Bildirilib ki, 1918-ci ildə  Şamaxının dinc müsəlman əhalisinə qarşı törədilən erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırması üçün tədqiqat işləri aparmaq, müxtəlif dillərdə kitab və məqalələr nəşr etmək, elmi konfranslar təşkil etmək zəruridir. Məhz buna görə də AVCİYA 2011–ci ilin martında Şamaxıda beynəlxalq konfrans keçirib və “Şamaxı soyqırımı” adlı  Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın təqdimatını keçirib. Assosiasiya 2012-ci ilin martında Bakıda  “Azərbaycanda erməni terrorunun izləri: 1918-ci il Şamaxı soyqırımı” mövzusunda  elmi–praktik konfrans keçirib. Assosiasiyanın dəstəyi ilə və millət vəkili Qənirə Paşayevanın ssenarisi əsasında çəkilən “Şamaxı soyqırımı” adlı sənədli film  də faciə haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Konfransda  AVCİYA-nın  üzvü, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı “Şamaxı soyqırımının tarixşünaslığı”, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Minaxanım Əsədli  “Şamaxının mədəniyyət abidələrinə qarşı erməni vəhşilikləri” mövzusunda məruzə edib. Sonda konfrans iştirakçılarına AVCİYA-nın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı kitablar və disklər paylanılıb.