Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın Nümayəndələr Palatasına etiraz məktubu göndərib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib
Bərdə rayonunun raket atəşə tutulması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər həlak olub

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə nümayəndə heyəti göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu, ŞƏT-in ölkəmizdə keçirilən seçkiləri izləyəcək ilk müşahidə missiyası olacaq. Təşkilatın baş katibi Rəşid Alimovun rəhbərlik edəcəyi və 20 nəfərə yaxın şəxsdən ibarət missiyanın tərkibinə ŞƏT-in Pekindəki mənzil-qərargahının məsul əməkdaşları, habelə üzv ölkələrin nümayəndələri daxil olacaq.

ŞƏT-in müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək, Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron rayonunda və Mingəçevirdəki məntəqələrdə səsvermə prosesini izləyəcəklər.

Aprelin 5-dən 13-dək davam edəcək səfər çərçivəsində ŞƏT-in baş katibi Rəşid Alimovun bir sıra görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş status ilə təmsil olunur.

Şahin Cəfərov, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin