SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib

İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
Xarici işlər nazirinin müavini: Qarabağda qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirənlərə qarşı uyğun addımlar atılır
Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirilib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, nəql Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyənin üç müxtəlif istiqamətinə göndərilib və müvəffəqiyyətlə alıcıya çatdırılıb.

Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib.

Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə “qapıdan qapıya” metodu əsasında çatdırılması məqsədilə “SOCAR Carbamide” şirkətinin istehsal etdiyi karbamidin də nəql olunması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yükdaşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, gələn ildən bu yol ilə sərnişindaşıma da həyata keçiriləcək.