Sual-cavab

Heydər Əliyev və multikultural dəyərlər
AVCİYA-nın petisiyasına ABŞ-ın münasibəti necə olacaq?
Səs ver! İşğalçı Ermənistanı bütün dünyada birgə ifşa edək!

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandıracaqlar.

İlkin müraciətlər daha çox qanunvericiliyə dəyişikliklərlə bağlıdır.

– Parlamentin “Seçki Məcəlləsinə” etdiyi dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən də təsdiqləndi. Dəyişikliklər özündə nəyi ehtiva edir?

– Seçki Məcəlləsinə dəyişikliklər əsasən seçki kampaniyasının müddətləri ilə bağlıdır. Yeni hüquqi normaya görə ümumilikdə seçki kampaniyasının müddəti 75 gündən 60 günə endirilib. Eyni zamanda seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının vaxtı da müvafiq olaraq 28 gündən 23 günə, namizədlərin qeydə alınması üçün müvafiq seçki komissiyası tərəfindən qəbul ediləcək qərar üçün müddətlər isə 10 gündən 7 günə endirilmişdir və s. Digər dəyişikliklər qeydə alınan namizədlərə dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin ləğv olunması və prosedur qaydalarında texniki xarakterli düzəlişləri özündə ehtiva edir.

– Aktiv və passiv seçki hüququ dedikdə nə nəzərdə tutulur?

– Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12-ci məddəsinə müvafiq olaraq Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, Bələdiyyə seçkilərinin və eləcə də Referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ var. Məhz bu hüquq aktiv seçki hüququ adlanır. Passiv seçki hüququ isə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13-cü maddəsi ilə tənzimlənir. Məcəlləyə görə aktiv seçki hüququna malik hər bir vətəndaşın referendum üzrə təşəbbüs qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ vardır ki, bu da passiv seçki hüququ adlanır. Eyni zamanda aktiv seçki hüququ 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının hamısına şamil olunan hüquqdursa, passiv seçki hüququ bələdiyyə seçkilərində 21, Milli Məclisə seçkilərdə 25 və prezident seçkilərində 35 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına verilən hüquqdur.

– Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin və xarici ölkə vətəndaşlarının seçkilərdə iştirakı mümkündürmü?

– Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezidentliyə, Milli Məclisə, Bələdiyyələrə seçkilər zamanı, eləcə də referendum zamanı səsvermədə iştirak edə bilərlər. Xarici ölkə vətəndaşları isə əgər 5 ildən artıq müvafiq bələdiyyə ərazisində yaşayırsa o zaman bələdiyyə seçkilərinə səsvermədə iştirak etmək hüququ əldə edirlər (o şərtlə ki, onların vətəndaşı olduqları ölkələrdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).