Sual-cavab

AVCİYA Prezident seçkiləri ilə əlaqədar seminarlara yekun vurdu
AVCİYA prezident seçkiləri ilə bağlı fəaliyyət planını açıqlayıb
“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
– Seçkiqabağı təşviqat aparılarkən nələrə yol verilmir?
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramlarında, yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.
Ceçki Məcəlləsinin 88.2 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
– təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
– göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
– malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
– əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
– seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.
Teleradio verilişləri təşkilatlarının teleradio proqramları və dövri nəşrlərin redaksiyaları seçki kampaniyasında iştirak edərək qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək ləyaqətini və şərəfini müdafiə etmək və ya qeyri-obyektiv məlumatları seçki kampaniyası zamanı təkzib etmək imkanını təmin etmirsə, namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Seçki Məcəlləsinin 88.6 maddəsinin tələbinə görə qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini müdafiə etmək imkanının verilməməsi teleradio verilişləri təşkilatlarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola bilər.
Qeydə alınmış namizəd təşviqat aparılması ilə bağlı Seçki Məcəlləsinin tələblərini pozduqda, müvafiq seçki komissiyası təqdimatla məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu Məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna öz qərarı ilə xəbərdarlıq edir və ya qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması barədə təqdimatla məhkəməyə müraciət edir. Seçki komissiyasının müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.
Məcəllədə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarını teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları pozduqda, müvafiq seçki komissiyası nəzdindəki Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət mətbuat qrupunun təşəbbüsü ilə qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.