Sual-cavab

Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib
AVCİYA seçki ilə əlaqədar seminarları davam etdirir
AVCİYA və SAMF Şamaxıda ədəbiyyat müəllimləri ilə görüş-seminar keçirib

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Qeydə alınmış namizədin namizədlik statusundan imtina etməsi mümkündürmü?
İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Lakin əgər namizəd bu cür yazılı xəbərdarlıq edirsə onu bir daha geri götürə bilməz.
Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Yeri gəlmişkən, belə ərizələr geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

– Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqat hansı şərtlər daxilində aparılır?
– Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır.
Seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.
Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.
Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.
Qanunvericiliyə uyğun olaraq seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictima asayişin qorunması təminatını müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.

– Seçkiqabağı təşviqat zamanı kütləvi informasiya vasitələrinin əsas vəzifələri nədən ibarət olmalıdır?
– Teleradio verilişləri təşkilatlarının və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələridirsə və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, bu teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaratmalıdırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər.
Yuxarıda qeyd olunan və verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatları, habelə dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi Seçki Komissiyası göstərilən teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən 20 gün gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən dərc edir.
Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan teleradio verilişləri təşkilatları, Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairəsində qeydə alınmış namizədə, siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər. Teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən ən geci 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə seçki komissiyaları tərəfindən dərc edilir.
Seçki Məcəlləsinə görə təsisçisi bələdiyyə qurumları olan teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqatın aparılmasına şərait yaratmağa və qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku üçün seçkiqabağı təşviqatın aparılması məqsədilə müvafiq bələdiyyənin ərazisində bərabər imkan yaratmağa borcludurlar. Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə, formasından asılı olmayaraq hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər
Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, həmçinin dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.
Bu zaman ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.
Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təbliğatla bağlı materialların dərcinə məcbur edilə bilməzlər. Lakin əgər bu cür material hər hansı namizəd və ya siyasi partiya üçün dərc edilibsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi partiyalar üçün eyni olmalıdır. Seçki Məcəlləsinin 85.4 maddəsinin tələbinə görə istisna yalnız qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və ya siyasi partiyaların blokuna daxil olan siyasi partiyalar tərəfindən təsis edilmiş dövri nəşrlərə aiddir. Belə ki, nəşr səhifələrində bərabər şərtlərlə yer ayrılması barədə tələblər həmin dövri nəşrlərin redaksiyalarına şamil edilmir.

– Seçkiqabağı təşviqat aparılarkən nələrə yol verilmir?
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramlarında, yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.
Ceçki Məcəlləsinin 88.2 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Seçkiqabağı təşviqatda bilavasitə, yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
– təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
– göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
– malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
– əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
– seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.
Teleradio verilişləri təşkilatlarının teleradio proqramları və dövri nəşrlərin redaksiyaları seçki kampaniyasında iştirak edərək qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək ləyaqətini və şərəfini müdafiə etmək və ya qeyri-obyektiv məlumatları seçki kampaniyası zamanı təkzib etmək imkanını təmin etmirsə, namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Seçki Məcəlləsinin 88.6 maddəsinin tələbinə görə qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini müdafiə etmək imkanının verilməməsi teleradio verilişləri təşkilatlarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola bilər.
Qeydə alınmış namizəd təşviqat aparılması ilə bağlı Seçki Məcəlləsinin tələblərini pozduqda, müvafiq seçki komissiyası təqdimatla məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu Məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna öz qərarı ilə xəbərdarlıq edir və ya qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması barədə təqdimatla məhkəməyə müraciət edir. Seçki komissiyasının müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.
Məcəllədə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarını teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları pozduqda, müvafiq seçki komissiyası nəzdindəki Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət mətbuat qrupunun təşəbbüsü ilə qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.