Təhsil naziri Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı brifinq keçirib

“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub
Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 15-ci iclası keçirilib
Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İyunun 18-də təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə təhsil naziri Fondun yaradılmasının əsas məqsədinin ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması olduğunu qeyd edib. Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir vurğulayıb ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək.

Nazir bildirib ki, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq.

Təhsil naziri əlavə edib ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.