Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə müraciətlərin qəbulu davam edir

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada
Niderlandda mart soyqırımı ilə bağlı “Səssiz yürüş” keçirilib
Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir

“e-telebe.edu.az” elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin qəbulu iyunun 11-dək aktiv olacaq. Sözügedən qrupdan olan tələbələr müraciətlərini həmin tarixədək tamamlayıb təsdiq etməlidirlər.

Nazirlik tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün Çağrı Mərkəzinin “146-5” nömrəsi (həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək), “e-telebe.edu.az” elektron portalının daxilində yazışma (dəstək) bölməsi xidməti təqdim edilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı “e-telebe.edu.az” elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı “e-telebe.edu.az” elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

AZƏRTAC