TAĞIZADƏ Eldar Abdulla oğlu

HƏMİDOV Şükür Nəriman oğlu
HÜSEYNOV Rövşən Şəmil oğlu
MİRABOV Rəşad Akif oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu (6.9.1963, Bakı ş. – 3.6.1992) – Azərbaycanın Milli Qəhrəmanı (3.9.1992, ölümündən sonra).

1963-cü il sentyabrın 6-da Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. 1970-80-ci illərdə Nəsimi rayonundakı 164 saylı orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Eldar polis orqanlarında işləməyi arzulayırdı. Hələ Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən Səbail Rayon DİŞ-nin cinayət-axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. Nəhayət, 1988-ci ildə arzusu həyata keçdi. O, Daxili İşlər Orqanlarına işə qəbul edildi. 1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. Baş leytenant E.Tağızadə Səbail rayon DİŞ-də əməliyyat müvəkkili vəzifəsinə təsdiq olundu. Sonra DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkildi.

O, işi ilə bağlı tez-tez döyüş bölgələrinə ezam olunur, ermənilər tərəfindən əsir götürülən əsgərlərimizin azad edilməsində, girovların dəyişdirilməsində yaxından iştirak edirdi. Vəzifəsinin öhdəsindən layiqincə gəldiyini nəzərə alaraq, 1991-ci ildə ona kapitan rütbəsi verilmişdi.

Bundan sonra o, DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edildi.

3 iyun 1992-ci il… E.Tağızadə yenidən Qarabağa ezam olundu. O, “Şaka” ləqəbli təhlükəli qatili və onun dəstəsini zərərsizləşdirmək üçün əməliyyata rəhbərlik edirdi. Eldar öz dəstəsi ilə “Şaka”nın gizləndiyi evi müəyyən edərək mühasirəyə alır. Qatilə təslim olmaq təklif edilir. O, polis əməliyyatçılarına atəş açır. Eldar özünü təhlükə altına ataraq, əlverişli məqam seçib “Şaka”nın gizləndiyi binaya daxil olur. Eldarın silahsız olduğunu görən qatil, gülləni onun sinəsinə sıxır. Cəsur kapitan qəhrəmancasına həlak olur.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təhsil aldığı 164 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 273