Tarixi, siyasi, hüquqi və mənəvi zərurətdən qaynaqlanan qanun

Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib
İsveçrənin mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb
Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Ombudsmanına müraciət edib

Xalqımız tarixi və şanlı günlər yaşayır. Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilmiş qələbənin birinci ildönümünə üç həftə qalmış bir ərəfədə – 18 oktyabr 2021-ci ildə dövlətçilki tariximizdə xüsusi önəm kəsb edən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının  qəbul edilməsinin 30 illiyi xüsusi qürur və ehtiramla qeyd edilir.  

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 30 il əvvəl – 18 oktyabr 1991-ci il tarixində öz dövlət müstəqilliyini bərpa edib. Buna baxmayaraq, müstəqilliyimizin bərpasından keçən 30 il müddətində 28 may tarixini Respublika günü, 18 oktyabr tarixini isə Müstəqillik günü kimi qeyd etmişik.

Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını özündə ehtiva edən 28 may 1918-ci il bəyannaməsi “Respublika bəyannaməsi” deyil, məhz “İstiqlal Bəyannaməsi” adlanır və bu Bəyannamədə dövlətin Cümhuriyyət formasında yaradıldığı vurğulanır. Göründüyü kimi, obyektivlik baxımından 28 may Azərbaycan xalqının Respublika günü deyil, İstiqlal, yəni Müstəqillik günüdür.

Odur ki, tarixi və siyasi ədaləti bərpa etmək, biri-biri ilə vəhdət təşkil edən tarixi hadisələrin qanunvericilik səviyyəsində məntiqi ardıcıllıqla sistemləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz qanunvericilik təşəbbüsündən istifadə edərək Milli Məclisə “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” qanun layihəsi təklif etdi. Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif edilmişdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisədir və tariximizə dərin hörmət və ehtiramın təcəssümüdür. Belə ki, Azərbaycan Respublikası tarixi varislik üzərində inkişaf edərək və keşməkeşli inkişaf yolu keçərək siyasi, iqtisadi, sosial, hərbi və demoqrafik baxımdan Cənubi Qafqazın ən qütrətli dövləti səviyyəsinə çevrilib, dünyada etibarlı tərəfdaş imicini qazanıb. Təqdim olunan qanun layihəsinin əsas məqsədi tarixi ədaləti bərpa etmək, ötən 103 ilin iki möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.

Milli Məclisə daxil olan daxil olan sənəddə qeyd edilirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb.

Beləliklə, Azərbaycan xalqı XX əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Qeyd edilənlər kontekstində 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab edilməsi ölkəmizin inkişafının tarixi mərhələlərinin məntiqi ardıcıllıqla vəhdətini özündə ehtiva edir.

Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” qanun layihəsi artıq 3 oxunuşada müzakirə edilərək qəbul edilib. Bu qanunun qəbul edilməsi tarixi, siyasi və hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu qanun özündə tarixi həqiqətləri əks etdirir, hüquqi baxımdan qanunvericilik səviyyəsində mövcud olmuş boşluqları aradan qaldırır, qanunvericilik səviyyəsində müstəqilik dövrlərini ardıcıl və məntiqi şəkildə vurğulayır, tarixi proseslərin dərkinə sistemlilik gətirir.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili 18 oktyabr 2021-ci ildə tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əldə edilmiş tarixi qələbə Azərbaycan dövlətinin dünyaya qüdrətini bir daha göstərdi. Azərbaycan Respublikasının tarixdə misli görünməmiş qısa bir müddət ərzində ərazi bütövlüyünü bərpa etməsi, bölgədə yaranan yeni geosiyasi reallıqlar, ölkəmizin beynəlxalq aləmdə yeri, əldə etdiyi böyük nüfuz, ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və dövlətçilik tariximizdə böyük əhəmiyyətə malik günlərin mahiyyət və məzmun baxımından daha da dəqiqliklə təsbit olunması zərurətini yaratdı. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Belə ki, siyasi baxımdan Azərbaycan Respublikasının Azərbaycan xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olması bir daha ərazisi 114 min kv.km olması gündəmə gətirir və müxtəlif dövrlərdə itirilmiş torpaqlarımızda, xüsusən də İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərimizdə Ermənistanın mövcudluğunu xatırladır və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan əlavə, yeni qanun postmüharibə dövründə siyasi-diplomatik müstəvidə daha qətiyyətlə mübarizə aparması üçün əlavə imkanlar yaradır. Ermənistan tərəfinin qeyri-səmimi, destruktiv fəaliyyəti davam etdikdə, əsassız ərazi iddialarından əl çəkmədikdə, iki dövlət arasında delimitasiya və demarkasiya işlərindən yayınmaqda və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımamaqda davam etdikdə bu dövlətə qarşı ciddi tədbirlərin görülməsi kontekstində Azərbaycana əsaslı dəlillər verir.

Elxan Süleymanov,

AVCİYA Prezidenti