Tiflis – Borçalı ədəbi mühitinin Qızıl dövrü Şahbaz Şamıoğlu ilə söhbət

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir 
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Məşhur Bakı milyonçusu haqqında serial çəkiləcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən bu Assosiasiyanın prezidenti Elxan  Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsinə, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsinə həsr olunmuş və maarifçi səciyyə daşıyan “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin növbəti qonağı Borçalı əsilli filoloq alim, publisist, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Şahbaz Şamıoğludur. Borçalı və Tiflisin Azərbaycan ədəbi mühitinin və tarixinin tanınmış tədqiqatşısı olan Şahbaz müəllim  bu mövzuya dair bir sıra məqalələrin və monoqrafiyaların müəllifidir. Onunla “Tiflis-Borçalı ədəbi mühitinin Qızıl dövrü” mövzusunda söhbətimiz Tiflis-Borçalı ədəbi mühitinin parlaq mərhələsinin, 1840-1940-cı illər ədəbi prosesinin ümumi cizgilərinə həsr olunmuşdur.

Tiflis – Borçalı ədəbi mühitinin Qızıl dövrü

Şahbaz Şamıoğlu ilə söhbət

Asif Hacılı: Hörmətli Şahbaz müəllim, dəvətimizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. AVCİYA-nın milli-kulturoloji layihələrindən biri olan “Borçalı söhbətləri: Azərbaycan – Gürcüstan dostluğu” adlı Layihənin məqsədi Azərbaycan xalqının tarixi yurd yerlərindən olan Borçalının tarixi, mədəniyyəti, burada yaşayan soydaşlarımızın folkloru və ədəbiyyatı, sosial həyatı, bu ölkənin dövlətçiliyində iştirakı, Azərbaycan və Gürcüstan arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq əlaqələrinin, strateji müttəfiqlik münasibətlərininin mütəxəssislərlə müzakirəsindən, xalqlarımız arasında dostluğun güclənməsinə töhfə verməkdən ibarətdir. Sizin Borçalınnın tarixi, mədəniyyəti  haqqında əsərlərinizi bir daha gözdən keçirərək, tədqiqatlarınızda xüsusi olaraq hərtərəfli araşdırdığınız Borçalı-Tiflis ədəbi mühiti, xüsusən, Sizin terminlə desək, bu mühitin “Qızıl dövr”ü haqqında müşahidə və təhlilləriniz diqqətimizi cəlb etdi. Sizinlə bu ədəbi dövr haqqında danışmaq istərdik. Borçalı ədəbi mühiti tarix boyu zənginliyi ilə seçilmiş, ümum-Azərbaycan ədəbiyyatı və qardaş gürcü xalqının ədəbiyyatı ilə müvazi inkişaf etmişdir. Zəngin folklorumuz olmuşdur. Bu mühit XIX yüzildə də, keçən əsrin ilk onilliklərində də inkişaf etmişdir. Ancaq kommunist-bolşevik rejiminin keçmiş Sovetlər Birliyində 40-cı illərdən xüsusilə kəskinləşdirdiyi antimilli repressiv siyasət bütövlükdə Azərbaycan mədəniyyətinə və həm də Gürcüstandakı soydaşlarımızın mədəni həyatına, əsəbiyyatına təsirsiz ötüşməmişdir. Bu dövrdən sonra bir müddət durğunluq yaranmışdır.  

Şahbaz Şamıoğlu. Bəli, sovet ölkəsində 70 il hökm sürən bolşevik rejimi bir çox xalqlara, xüsusən türk xalqlarına qarşı kəskin repressiyalar, sürgünlər həyata keçirmişdir.  Borçalıda da bu proses izlənmiş və xalqın milli mədəni, ədəbi mühitinin forma­laşması və onun inkişafına təkan verən amillərin XX əsrin 30-40-cı illərindən etibarən hər vəchlə aradan qaldırılmasına cəhdlər göstərilmişdir. Bu, bolşevizmin millətlərə, xüsusən tür-müsəlman xalqlarına qarşı yeridilən xüsusi tendensiyalı siyasətin nəticəsi idi. Maraqlı burasıdır ki, «xalqlar dostluğu» üzərində bərqərar olan imperiyada ötən əsrin 30-40-cı illərindən etibarən sovet-bolşevik rejimi türk xalqlarına qarşı xüsusi basqı siyasəti yeritmişdir. Azərbaycanda düşünən beyinlər, ziyalılar təqiblərə məruz qalmış, repressiya maşını işə salınmış, sənətkarların çoxu məhv edilmişdir. Qonşu respublikalarda yaşayan soydaşlarımız da çeşidli təzyiqlərlə üz-üzə qalmış, onların mədəni inkişafına maneçiliklər törədilmişdir. Ermənistandakı tarixi torpaqlarımızdan yüz minlərlə soydaşımız keçmiş SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə Azərbaycana deportasiya edilmiş, yurdlar boşaldılmış, mənəvi mühitə öldürücü zərbələr vurulmuş, bununla yanaşı, ədəbi mühit, ləhcə, xalq yaradıcılığı itkilərlə, zədələnmələrlə üzləşmişdir. Gürcüstanda, xüsusən Borçalı bölgəsində isə türklərin min illərdən bəri formalaşdırıb yaşatdığı mənəvi mədəniyyətin inkişafına əngəllər törədilmişdir. Ədəbiy­yat, mədəniyyət və incəsənət sahələri subyektiv maneə­lərlə üz-üzə qalmışdır. Bu baxımdan ədəbi hərəkatın formalaşmasında əvəz­siz rola malik mətbuat orqanlarına qarşı yeridilən siyasət xeyli mürtəce olmuşdur. Tarixən götürdükdə isə, Gürcüstanda türkdilli mətbuatın təşəkkül tapması və fəaliyyəti ədəbi hərəkatın formalaşması və inkişafında, bu regionda yaşayıb-yaradan qə­ləm sahiblərinin şəxsi yaradıcılığının cilalanması, istiqamətləndirilməsi və zənginləşməsində tarixən müstəsna rol oynamış, bütövlükdə Borçalı ədəbi mühitinin inkişafına xüsusi təkan vermişdir. Borçalı ədəbi mühitinin əhatə dairəsinin genişlənməsi, onun ümumtürk mühiti ilə qovuş­ma­sı, ondan bəhrələnə bilməsi məhz Gürcüstandakı türkdilli mətbuat orqanlarının adı ilə bağlıdır.

Asif Hacılı: Borçalı ədəbi mühitinin inkişafında bu bölgənin zəngin tarixi-mədəni sərvətinin – xalq yaradıcılığının, folklorun, xüsusən aşıq məktəbinin rolu əvəzsiz olmuşdur və bunu Siz də əsərlərinizdə qeyd edirsiniz. Zəngin folklor ənənəsinin fonunda bəzən Borçalıda müəyyən ədəbi mühitin mövcudluğuna belə şübhə ilə baxılır. Borçalı daha çox folklor məkanı kimi təqdim edilmişdir. Ancaq əks fikirdə olanlar, özünəməxsus Borçalı ədəbi mühitin varlığını və ya Borçalı və Tiflis Azərbaycan ədəbi-mədəni mühitlərinin vəhdət təşkil etdiyini təsdiqləyənlər də az deyil. Siz də, mənim anladığım qədər, bu mövqedəsiniz. Belədirsə, şifahi ənənədən qaynaqlanan Borçalı ədəbi mühitinin ümumi cizgilərini necə səciyyələndirərdiniz?

Şahbaz Şamıoğlu: El şairlərinin yaratdığı söz inciləri yüz illər boyu şifahi şəkildə ya­yılmış və yaşamış, zəngin Borçalı folkloru nümunələri ilə əkiz qar­daşlar kimi birgə saz-söz məclislərinin yaraşığı olmuş, dillərdə əzbər söylənmiş, o qədər sevilmiş və əzizlənmişdir ki, hətta çox zaman bu incilərin həqiqi müəlliflərinin adları da unudulmuş, yaradıcılıqları isə xalqın yaddaşında və dilində xalq ədəbiyyatının bəhrələri kimi qalmışdır. Odur ki, bu gün Borçalı ədəbiyyatından bəhs edərkən onun təşəkkül tapması, formalaşması tarixini Borçalı ağız ədəbiyyatının yarandığı dövr­lərlə bağlamaq gərəkdir. Təəssüf ki, bu vaxta qədər Azərbaycan ədəbiy­yat­şünaslığında Borçalı ədəbiyyatı fundamental şəkildə öyrənilməmiş, üstəlik Borçalıda ədəbi mühitinin mövcudluğu məsələsinə xeyli ehtiyatla yanaşılmışdır. Tədqiqatçılardan Şurəddin Məmmədli və Müşfiq Mə­dədoğlunun bu sahədəki monoqrafiyaları olduqca qiymətli, ədəbiy­yatşünaslıq elmimizin uğurlarındandır. Tiflis ədəbi mühitindən bəhs edənlər isə, nədənsə, hər iki mühitin bir-birinə müsbət təsiri, qarşılıqlı əlaqələri məsələlərindən bəhs etməmişlər. Görünür, həm də Tiflis ədəbi mühitinin daha geniş və zənginliyi Borçalı­dakı ədəbi prosesi bir növ unutdurmuş, tədqiqatçılar üçün onun üzərində ayrıca dayanmağı lüzumsuz etmişdir.

Asif Hacılı: Yəni Borçalı ədəbi mühiti ayrıca fakt kimi nəzərə alınmalı və eyni zamanda Tiflis mühiti ilə sıx əlaqədə öyrənilməlidir. Belə olduqda, bir-biri ilə mənəvi, mədəni, insani əlaqələrlə sıx bağlanmış Tiflis və Borçalının ortaq Azərbaycan türk ədəbi mühiti, bir qədər də çözələsək – həm də Ahıska mühitinin ortaq tipologiyası, oxşar və müəyyən fərdi cizgiləri tədqiq olunmalıdır.  

Şahbaz Şamıoğlu. Bu ortaqlıq olsa da, Borçalıda yaranan ədəbi proses müəyyən mənada ayrı bir mühitin yetirməsidir. O, özünün qaynaqlarını minilliklərin o tayından götürür və üstəlik əsasən XIX əsrdən etibarən formalaşan Tiflis ədəbi mühitindən yaşca çox-çox qədimdir. Heç təsadüfi deyildir ki, tanınmış ədəbiyyatşünas Əflatun Saraclı da Borçalı ədəbi mühitindən danışarkən onun bir qolunu məhz folklora bağlamışdır: “Xalq ədəbiyyatının zənginliyi ilə seçilən Borçalı ədəbi mühi­tinin birinci dövrünün barı hələ toplanıb öyrənilməyib”. Bu vaxta qədər Azərbaycan ədəbiyyatşünaslığında Borçalıda yaşayıb-yaratmış neçə-neçə el şairi məhz aşıq kimi qəbul edilmiş, onların bədii yaradıcılığı aşıq yaradıcılığının tərkib hissəsi kimi tədqiq olunmuşdur. Hətta saz çalmağı belə bacarmayan şairlər xalq arasında uzun illər boyu el aşığı kimi şöhrətlənmişlər. Bütün bunlar isə səbəbsiz deyildir. Borçalı el şairlərinin bəziləri yazıb-oxumağı bacarmadığından onların zəngin bədii irsi məhz şifahi şəkildə yayılmış və yaşamış, üstəlik də ifadə tərzi və məzmun baxımından folklor nümunələrindən seçilməz olduğundan onları janr etibarilə şifahi xalq ədəbiyyatının nümunələri kimi qəbul etmişik. Folklorşünas Elxan Məmmədli haqlı olaraq yazır: “Neçə illərdir ki, bu sərvətimiz “canlı kitablarda” – nənə-babalarımızın, ustad aşıqlarımızın yaddaşında nəsildən-nəslə keçir. Elə vaxtlar da olub ki, neçə-neçə sənət­karlarımızın nəinki yaradıcılığı, hətta adları da unudulub. Neyləmək olar, bu da bir tarixdir. Erkən əsrlərdən Borçalı saz-söz sənətkarlarının yara­dıcılıq irsi bu günə gəlib çıxmadığından (bəlkə də əməlli-başlı tədqiq edilmədiyindən – E.M.) bu mahalın şair və aşıqlarından söhbət düşəndə ilk öncə Xəstə Həsən, Qarani və Aşıq Şenlikdən (XVIII əsr) başlamalı oluruq”.

Asif Hacılı: Yəni Ahıska, Posxov, Qərbi Azərbaycanda da məşhur və “özününkü” olan bu sənətkarları həm də özünəməxsus Borçalı ədəbi mühitinin nümayəndələri hesab etmək etnik-tarixi və ədəbi-mədəni məntiqə uyğundur! Bu haqlı qənaət isə qeyd etdiyimiz coğrafi məkanların əhalisinin eyni bir etnik-mədəni toplumu – türk-oğuz toplumunu təmsil etdiyini, yəni “bir millət” konseptini bir daha təsdiqləyən dəlil kimi diqqəti cəlb edir.

Şahbaz Şamıoğlu. Şübhəsiz ki, adıçəkilən sənətkarlar, eləcə də Güllər Pərisi, onun qardaşı İsmayıl Güllər, Leyli Əzizbəy qızı, bir qədər sonra Aşıq Oruc, Dost Pirməmməd, Qul Allahqulu, Şair Nəbi, Şair Ağacan, Şair Əhməd, Şair Hüseyn, Kor İsmayıl (Saraclı) və yüzlərlə başqaları Borçalı ədəbi mühitinin yetirmələridir. Qətiyyətlə söyləmək olar ki, bu sənətkarlar indi adları bizə bəlli olmayan el şairlərinin və aşıqlarının varisləridirlər, onla­rın yaratdıqları söz gülüstanından bəhrələnərək araya-ərsəyə çatmışlar. Əgər sənətdə varislik prinsipini və adıbəlli el şairlərinin əldə olan ədəbi nü­munələrinin təhlilini əsas götürsək, görərik ki, XVIII yüzillikdən üzübəriyə yaşayıb-yaratmış sənətkarlar Borçalı ədəbi mühitinin məhz orta qatına mənsub olanlardır. Onun ilk qatlarına hələlik əlimiz çatmır, həmin qatlara mənsub sənətkarlar haqqında dəqiq bilgilərimiz yoxdur. Lakin ədəbi həyatın bugünkü səviyyəsi və keçilmiş çoxəsrlik yaradıcılıq yolunun öyrənilməsi göstərir ki, onun yaşı xeyli qədimdir, kifayət qədər möhkəm özül üzərində formalaşmışdır.

Asif Hacılı: Siz, beləliklə, Qafqaz və Anadolu, Gürcüstan və Azərbaycan, Turan və İranı birləşdirən, böyük məmləkətlər quran qarapapaqlar yurdunun mədəniyyətlər arasında birləşdirici rolunu bir daha təsbitləyirsiniz. Borçalı mədəniyyətinin zənginliyini yalnız məkan müstəvisində deyil, zaman baxımından da geniş dövrədə cizgiləyir və Borçalı ədəbi mühitini üç dövrə: ilk mərləsinə əlimiz çatmayan erkən dövrə; XVIII yüzillikdən üzübəri orta dövrə;  ayrıca olaraq, XIX yüzilin 40-cı illərindən XX yüzilin 40-cı illərinə qədərki qızıl dövrə; keçən əsrin ortalarından bugünə qədər gələn müasir mərhələyə bölürsünüz. Bu gün haqqında danışacağımız Qızıl dövr müasir anadilli peşəkar ədəbiyyatın və mətbuatın yarandığı mərhələ kimi diqqəti cəlb edir. Bu dövrün Tiflis ədəbi-mədəni mühiti əslində bütövlükdə milli mədəniyyətimiz baxımından olduqca əhəmiyyətli bir tarixi fenomendir. Bəs bunula yanaşı, bu tarixi dövrdə ayrıca Borçalı ədəbi mühitini necə səciyyələndirərdiniz, bunu hansı tipologiyaya aid edə bilərik – yerli, regional və ya ümummili? Yaxud, Borçalı mühitini Tiflis mühitini bir parçası və ya bunları ortaq mühitin hissələri hesab edə bilərik? Bu dövrdə Borçalıda ədəbi proseslər ədəbi mühitin formalaşmasına şərait yaradan fəallıq, məhsuldarlıq və keyfiyyətlə cərəyan edirdimi?   

Şahbaz Şamıoğlu. Düşünürəm ki, yüksək fəallıq və məhsuldarlıqla cərəyan edirdi. Buna görə də Borçalı ədəbi mühitinin ikinci dövrünü – məhsuldarlığına görə “qızıl dövr” hesab etmək daha doğru olardı – təxminən yüzillik zaman kəsiyini əhatə edir. Bu dövr XIX əsrin ikinci yarısında Azərbaycandilli mətbuat orqanlarının təşəkkül tapması ilə başlanır və XX əsrin qırxıncı illərinə qədər davam edir. Borçalı ədəbi mühitinin məhz bu şəkildə dövrlərə ayrılması, bəlkə də, bir qədər şərti xarakter daşıyır. Məsələ burasındadır ki, məhz XIX əsrin qırxıncı illərində ana dilimizdə ilk mətbuat nümunə­lərinin yarandığı vaxtlarda Borçalı ədəbiyyatı özünün yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Əsrlərdən bəri mövcud şəraitlə bağlı özünün varlığını ancaq şifahi şəkildə qoruyub-saxlayan və inkişaf etdirən ədəbiyyatın qarşısında yeni üfüqlər açılmışdır. Yüzlərlə Borçalı sənət­karı ilk dəfə çap olunmaq imkanı qazanmış, Borçalı yazılı ədəbiyyatının əsası qoyulmuşdur. Bir qədər sonra isə müxtəlif janrlı püxtələşmiş yazılı ədəbiyyat ənənəsi formalaşmağa başlamışdır. Bu ənənənin yaranması və inkişafında Zaqafqaziyanın ovaxtkı inzibati mərkəzində yaşayan və Azərbaycandilli mətbuat orqanlarının ətrafına yığışan görkəmli şair və yazıçıların, ziyalıların, qulluq sahiblərinin müstəsna xidmətləri olmuşdur. Əflatun Saraclı yazırdı: “M.F.Axundov, M.Cəlil, Ö.Faiq, M.Şahtaxtlı, F.Köçərli, Ə.Sabir, H.Cavid, N.Nərimanov, A.Şaiq kimi onlarca sənət­çinin Borçalı və Tiflis ilgiləri bu mühitə yeni ab-hava gətirdi. Bu, öncə ədəbiyyatda duyulur. Alxas Ağa, Şair Nəbi, Aşıq Gorani, Quşçu İbra­him, Şair Ağacan kimi el sənətçiləri bu gün də Borçalıda tanımlıdırlar”.

Asif Hacılı: Yəni anadilli mətbuatın formalaşması Borçalı ədiblərinin – el sənətçiləri və peşəkar yazarların yaradıcılığının peşəkar səviyyəyə qalxması, dövrün ictimai, mədəni, estetik, ədəbi proseslərinə və tələblərinə uyğunlaşmasına təkan verən başlıca amillərədən oldu!

Şahbaz Şamıoğlu. Borçalı ədəbi mühitini formalaşdıran amillər içərisində müstəsna yeri olan mətbuat orqanları ədəbi qüvvələrin istiqamətləndirilməsi, onların yaradıcılığının cilalanması və püxtələşməsi işində əvəzsiz rol oynamışdır. Bu gün mübaliğəsiz söyləmək mümkündür ki, “Əkinçi” qəzetindən (1875) hələ xeyli əvvəl Tiflisdə nəşr olunan “Tiflis əxbarı” (1832-ci il. “Tiflisskie vedomosti” qəzetinə əlavə), “Qafqazın bu tərəfinin xəbəri” (vərəq-əlavə, “Zakavkazskiy vestnik”in nəzdində) də daxil olmaqla “Ziya” (1883), “Kəşkül” qəzeti (1884-1891), “Şərqi-Rus” (1903-1905), “Molla Nəsrəddin” (1906-1918), eləcə də 1918-1921-ci illərdə müstəqil Gürcüstanda nəşr olunan “Gələcək”, “Al bayraq”, “Vətən”, “Yeni dünya” kimi mətbuat orqanları dolayısı ilə, yaxud birbaşa Borçalı ədəbi mühitinin taleyində mütərəqqi rol oynamış, onun inkişafına təkan vermiş­dir. 1920-1940-cı illərdə Gürcüstanda nəşr olunan mətbuat orqan­ları da Borçalı ədəbi qüvvələrinin tribunasına çevrilmiş, çoxsaylı qəzet və jurnal­ların səhifələrində minlərlə şeir, hekayə, povest, pyes, poema dərc edil­mişdir. “Kommunist” (1921), “Yeni fikir” (1922-1927), “Yeni kənd” (1927-1938), “İşıq yol” (1924), “Dan ulduzu” (1926-1931), “Şərq kolxoz­çusu” (1931), “Qızıl şəfəq” (1926-1930), “Yeni qüvvə” (1930-1939) kimi mətbuat orqanları bu baxımdan xeyli iş görmüşlər. Mübaliğəsiz söyləmək mümkündür ki, adları çəkilən həmin mətbuat orqanlarının, ayrıca götürsək, ömrü çox uzun olmasa da, hər halda onlar bir yerdə iyirmi il ərzində Sovet hakimiyyətinin sonrakı əlliillik mövcud­luğu dövründəki ədəbi orqanlarla müqayisədə xeyli çox material dərc etmiş, bütöv bir yazarlar nəslinin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Borçalıda ədəbi prosesin inkişafında müstəsna xidmət gös­tərən “Dan ulduzu” (1926-1931) jurnalının timsalında o dövrün qəzet və jurnallarının gördüyü iş barədə təsəvvür əldə etmək mümkündür. Məsə­lən, beşillik fəaliyyəti dövründə – cəmi 55 nömrəsi işıq üzü gör­müşdür – “Dan ulduzu”nun səhifələrində 176 poema və şeir, 81 hekayə, 69 ədəbi-tənqidi məqalə və resenziya dərc edilmişdir.

Asif Hacılı: Əslində bu rəqəmlər intensiv və rəngarəng milli ədəbi prosesinin, dinamik yaradıcılıq mühitinin və fəal yazıçı, çair və publisistlərin mövcudluğundan və fəaliyyətindən xəbər verir. Bu əsərlərin nəşri həm də müvaqiq hazırlığı olan oxucu mühitinin varlığına dəlalət edir. Nəticə etibarilə, Azərbaycan türklərinin Gürcüstan ərazisində, ilk növbədə Tiflis və Borçalıda zəngin mənəvi-mədəni həyat yaşadığını, ədəbiyyatın, sənətin borçalılar üçün əhəmiyyətini təsbitləyir. Eyni zamanda, Sizin dediyiniz kimi, mətbuatın ədəbi-bədii yaradıclığı yeni səviyyəyə qaldırdığını əyan edir.

Şahbaz Şamıoğlu. Gürcüstanda nəşr olunan Azərbaycandilli mətbuat orqanlarının araş­dırıcısı R.Məmmədli yazır: “Dan ulduzu” jurnalı öz səhifələrində ədəbiyyat və incəsənət məsələlərinə geniş yer verir, Gürcüstanda yaşayan azərbay­canlıların mədəni və iqtisadi həyatındakı nailiyyətləri və uğurları əks etdirir, geniş xalq kütlələri arasında Azərbaycan ədəbiyyatı və folklorunun təbliğ olunmasında müstəsna rol oynayırdı”. Digər mətbuat or­qan­ları barədə də bu sözləri söyləmək mümkündür. M.Rzazadə (Mühəq­qər), B.Mürşüdov (Təəssübkeş), H.Məcruh, Ə.Qarabağlı, H.Səbri, Ə.Şəri­fov, R.Şahvələd, N.Məmmədov, Z.Borçalı və eləcə də onlarca el aşığı və şairinin ədəbi tərcümeyi-halı məhz həmin mətbuat orqanları ilə sıx bağlıdır. Ədəbiyyatşünas Razim Məmmədov haqlı olaraq yazır: “Maraqlıdır ki, yaradıcılığa 1920-1930-cu illərdə başlayan S.Rüs­təm, M.Rahim, S.Vurğun, M.Müşfiq, M.Dilbazi, R.Rza, N.Rəfibəyli, Ə.Va­hid kimi bəzi tanınmış şairlərin əsərləri ilk dəfə Gürcüstanda nəşr edilən mətbuat orqanlarında işıq üzü görmüşdür. Azərbaycanın xalq şairi R.Rzanın ədəbiyyata qədəm basdığı “Bu gün” şeiri Tiflis Türk Proletar Yazıçıları böl­mə­sinin “Qığılcım” ədəbi almanaxında nəşr olunmuşdur”.

Asif Hacılı: Şahbaz müəllim, mətbuat ədəbiyyatın, yazıçı və şairlərin sənətkarlıq səviyyəsini, peşəkarlığını, estetik tələblərə uyöunlaşmasını şərtləndirən əsas amillərdəndir. Tiflisdə və Gürcüstanın bəzi bölgələrində türkdilli mətbuatın tərəqqisi və bu vəsilə ilə qədim ənələri olan yazılı ədəbiyyatımızın inkişafı, xüusən, ictimai aktuallıq, realist çalar və üslub qazanması oxucunu da təbəddülata sövq edirdi. Belə desək, peşəkar oxucular, tənqidçilər, publisistlər formalaşırdı. Onlar Tiflis-Borçalıda və mən Ahıskanı da bura əlavə edərdim,nəşr olunan yeni əsərləri, eləcə də teatr tamaşalarını, mədəniyyət hadisələrini, ədəbi mühitin daxili aləmini diqqətdə saxlayır və mətbuatda ətraflı və operativ işıqlandırırdılar. Özü də yalnız Tiflisdə deyil, bölgələrdə cərəyan edən mədəni hadisələri də. Bu baxımdan, həmin “Qızıl dövr”də Gürcüstandakı Azərbaycan ədəbi tənqidini necə qiymətləndirərdiniz?

Şahbaz Şamıoğlu. XX əsrin 20-ci illərindən başlayaraq Borçalıda artıq ədəbi tənqidçilər nəsli də formalaşmağa başlayırdı. Ə.Nazim, Ə.Abid, R.Nəcəfov, Ə.Şərif kimi təcrübəli tənqidçilərdən başqa, Y. Yaqubov, R.Qasımov, A.İsmayılov, R.Şahvələd kimi gənc ədəbi tənqidçilərin imzaları görünürdü.. Həm də maraqlıdır ki, Borçalı ədəbi həyatı elə bir səviyyəyə gəlib çatmışdı ki, sağlam ədəbi tənqidə kəskin ehtiyac duyulurdu. Təsadüfi deyil ki, “Dan ulduzu” jurnalı 1930-cu il 10-cu sayından etibarən özünün səhifələrində “Gürcüstan Türk Proletar Yazı­çılarının tribunası” adlı ədəbi-bədii tənqid rubrikasına yer vermişdir. Hə­min qəbildən ilk məqaləni R.Şahvələd yazmışdır. Qeyd etmək lazımdır ki, əksər ədəbi-tənqidi məqalələrdə bolşevizm tendensiyası üstünlük təşkil edir, partiyalı, kommunist ideologiyalı əsər­lərin yazılması tələb olunurdu. R.Şahvələd «Dan ulduzu» jurnalının 1930-cu il 10-cu sayında dərc etdirdiyi  “Entuziazm dalğaları və proletar ədəbiyyatı hegemoniyasına doğru” məqaləsində yazırdı: “… Hücum bayraqlarımıza kəskin bolşevik tənqidini yazaraq hücuma keçiriz…”. Müəllif yazarlar qarşısında xüsusi tələblər qoyurdu: “Biz yazıçılarımızdan yaxşı əsər yazmalarını tələb etməklə bərabər, hə­yatda daim mübariz, zərbəçi, geniş bir dünyagörüşə malik olmalarını da tələb ediriz. Bu da yalnız istehsalata doğru getmək və ciddi mütaliə sayəsində ola biləcəkdir”. Öz qələmini həm də şeir, hekayə və publisist yazılarda sınayan R.Şahvələd dövrünə hakim olan kommunist ideologiyasının təsirindən çıxa bilmir, çox zaman sağlam tənqidi mülahizələr söyləməyi bacarmırdı. Bu baxımdan onun “Yeni fikir”, “Sovet Gürcüstanı”, “Dan ulduzu” və başqa mətbuat orqanlarında işıq üzü görən tənqidi məqalələri diqqəti çəkir. R.Şahvələd çox zaman özünün subyektiv mülahizələrini alternativi olmayan həqiqət kimi təqdim etməyə cəhd göstərir. Ədəbiyyatşünas R.Məmmədov onun ədəbi əsərlərə və ədiblərə bu cür münasibətini təəccüblü hesab edir. Onun “Xəyal içində səadət arayanlar” məqaləsi bu baxımdan xeyli xarakterikdir. Məqalə gəncliyin davranışına həsr olunsa da, müəllif iki nəfər şairin yaradıcılığından misal gətirərək gəncliyi xarakterizə edir, onlara pessimizmdən uzaqlaşmanın yollarını göstərir. Maraqlı burasıdır ki, R.Şahvələd məqalədə bədii ədəbiyyatı, o cümlədən də poeziyanı yeni cəmiyyətin tələblərinə tabe etdirmək niyyətini gizlətmir. Gənclərin şeirlə­rində siyasi nöqteyi-nəzərdən “nöqsan” tapan tənqidçi poeziya nümunə­lərini əslində sənətkarlıq və bədii dəyər baxımından deyil, sinfilik priz­masından dəyərləndirir. Bəzən o, təhlilə cəlb etdiyi hər hansı bir misranı, yaxud beyti kontekstdən ayıraraq onu istədiyi kimi yozur, eşqdən yazılanları “çürümüş havacatlar”, “dalay-dalaylar” adlandırır, bunlar bilmərrə ortalıqdan qaldırılmalı və heç bir ictimai müəssisə buna yol verməməlidir deyir.

Bütün yaradıcılığı boyu siyasi tendensiyanın təsirindən yaxa qurtara bilməyən tənqidçi H.Hacızadə, M.Cəmil, Ə.Ülvi, N.Məmmədli və başqa­la­rının yaradıcılığı barədə maraqlı fikirlər söyləmiş, böyük ədəbiyyata qədəm qoyan gənc yazarların daim mütaliəyə ehtiyac duymalı olduqlarını vurğulamışdır.

Asif Hacılı: Təbii ki, tənqidin siyasi konyunkturadan asılılığı ədəbiyyatı təbii axarından, estetik qayəsindən çıxarırdı və bu, qabaqcıl ədiblərin, istedadlı sənətkarların yaradıclıq potensialına oduqca mənfi təqir edirdi. Bu amil hətta bütövlükdə bədiiyyata, poeziyaya ağır zərbə vurur, sənət öz ali estetik-mənəvi məhvərində çıxarılırdı. Bir çox istedadlı, savadlı ədiblər, tənqidçilər daxillərində vəziyyətin acınacaqlı olduğunu anlasalar da, fikirlərini aşıq deyə bilmir və mətbuatda ya aqressiv ittihamnamələr, ya da ziddiyyətlərlə dolu təhlil cəhdləri və azadfikirliliyə açıq və ya malalanmış basqılar meydana çıxırdı. Xüsusən keçən əsrin iyirminci illərində, hələ sosialist realizminin qərarlaşmadığı, proletarçılıq ideyasını hökm sürdüyü, ehkamların bədii yaradıcılığa hələ sirayət etməkdə olduğu bir dövrdə  belə ziddiyyətlər, inkarçılıq ədəbi tənqiddə, ədəbi fikirdə, həm müasir, həm də klassik ədəbiyyata münasibətdə kifayət qədərdir. Bu isə Tiflis və Borçalının Azırbaycan ədəbi prosesinə sarsıdıcı təsir edir, ədəbi mühiti durğunlaşdırıdı.   

Şahbaz Şamıoğlu. Borçalıda mövcud ədəbi prosesin zəifliyini ədəbi tənqidin sönüklüyü ilə izah edən R.Şahvələd Ə.Şərif, Y.Qabulov, R.Qasımov kimi o dövrün tənqidçilərindən fəallıq tələb etməkdə haqlı idi. Danılmaz həqiqətdir ki, həmin dövrdə ədəbi tənqid ümumən ədəbi proseslə ayaqlaşa bilmirdi. 1926-cı ildə “Dan ulduzu” jurnalında Başmaqçıoğlu imzası ilə dərc olunan “Ədə­biy­yatımızın inkişafı yolunda” məqaləsində hədəf doğru seçilmişdir: “Ədəbiyyatda tənqid böyük rol oynayır, çünki tənqid ədəbiyyatın parlayış və inkişafı üçün qayət mühüm bir amildir”.

Dövrünün istedadlı şairlərindən sayılan, “İşıq yol” qəzeti və “Dan ulduzu” jurnalında müntəzəm çıxışlar edən Əli Nazimin də ədəbi tənqidlə bağlı mülahizələrində dərin ziddiyyətlər mövcud idi. Bu baxımdan onun “Şer nədir” adlı şeri maraq kəsb edir. 6 bənddən ibarət şerdə müəllif əsl şerin necə olmasını izah edir, klassik ədəbiyyatda “şeir nədir?” sualının cavabını özünəməxsus şəkildə verir:

                    … Şer birər incidir ki, ruh telinə düzülmüş,

                    Hər bir qəlbi həm söylədir, həm güldürür, həm ağladır.

                    Əvət bu pək gözəl, fəqət ideallı bir təsvir!

                    Çünki şer xiyal dəyil… könüllərin ən acı,

                    Ən yanıqlı bir fəryadı, ya nəşəli səsidir,

                    Ki zəhərli ruhlarındır ən şəfalı əlacı!

Ə.Nazim 1924-cü ildə “Türk ədəbiyyatı” adlı məqaləsində ədəbiy­yatı millətin bədii zövqünün, ruhi duyğularının mizanı hesab edir, lakin “türklər kəndilərinə məxsus milli bir ədəbiyyata malik deyildirlər” qənaətinə gəlməklə ciddi səhvə yol verir. Müəllifə görə, guya islamiy­yətə qədər türklərin ədəbiyyatı olmamış, yalnız islam dininin qəbulundan sonra “ərəblərin bəlağəti, farsların söz yaradıcılığı bunlara da təsir edərək ədəbiyyat ilə tanış olmuşlar və yazmağa başlamışlardı”. Onun tendensiyalı bir cərəyanın təsiri altında yanlış nəticəyə gəldiyi göz qabağındadır.

Ə.Nazim “Türk ədəbiyyatı tədqiqlərində yeni bir sahə” (1926-1927-ci illər) adlı məqaləsində ədəbiyyatın inkişafı məsə­ləsini nəzərdən keçirir. Müəllifin fikrincə, ədəbiyyatın “daxili dialekti­kası” və “xarici həyatı”nın öyrənilməsi aktual məsələdir. O haqlı olaraq belə hesab edir ki, “müxtəlif türk ədəbiyyat ocaqlarının türk olmayan qonşu ədəbiyyat ocaqları ilə olan münasibətini” araşdırmaq çox vacibdir. Çünki: “…heç bir mədəniyyət mücərrəd, uzaq və özbaşına yaranmadığı və yarana bilmədiyi kimi yaşaya bilməz, inkişaf edə bilməz və nəhayət, ölə bilməz”. Müəllif həmçinin belə hesab edir ki, “türk ədəbiyyatının tədqiqi üçün türklərlə sıx əlaqəsi bəlli olan millətlərin öyrənilməsi” çox vacibdir.

Asif Hacılı: Türklüyə və türklərə belə münasibət sovet məfkurəsindən, keçmiş çar imperiyasının ərazilərinin əksəriyyətinin sahibi olan, əhalinin böyük hissəsini təşkil edən türk xalqlarına hələ Pyotrdan gələn imperialist siyasətin nəticələrindən idi. Başqa xalqların bu şəkildə öyrənilməsi məsələsi də məhz assimilyasiya siyasətinə xidmət edirdi. Əslində əlifbanın dəyişdirilməsinə də sovet ideoloqları heç də xoş niyyətlə qol qoymamışdılar. Həmin dövrdə Turançılıq və Avrasiyaçılıq ideyalarını kənarlaşdıraraq, sinfi qardaşlıq meyarını önə çəkən bolşevik məfkurəsi, təbii ki, milliliyə, ilk növbədə türkçülüyə düşmən idi.  Bir qədər sonra isə sosialist realizmi nəzəriyyəsində mahiyyətcə milliliyi istisna edən və bu anlayışı zahiri görkəmə müncər edən konsepsiya – “məzmunca sosialist, formaca milli” mədəniyyət, ədəbiyyat, incəsənət konsepsiyası meydana atıldı və partiyalılıq, sinfilik, inqilabilik kimi tezislərlə bərabər, uzun illər sovet cəmiyyətində və ideologiyasında, himanitar fikrində hökm sürdü. Sizin söylədikləriniz bu ideoloji konsepsiyaların cücərmə və təşəkkül proseslərinə işıq salır və Tiflis-Borçalı mühitinin də bu axından kənar qala bilmədiyini göstərir. Ancaq həmin ədiblər, tənqidçilər, yazıçıların fəaliyyəti bizim gerçək tariximizdir və ətraflı öyrənilməli, ziddiyyətli məqamları çözələnməli, mədəniyyətimiz, ədəbiyyatımız naminə atdıqları müəyyən müsbət addımlar, apardıqları müəyyən təhlillər, yazıya alıb təqdim etdikləri material elmi dövriyyəyə daxil olub araşdırılmalıdır. Mən şadam ki, Siz Borçalı mühitinə aid araşdırmalarınızda səthi inkarçılığı yox, məhz belə dialektik təhlil yolunu tutursunuz, hər bir xadimimizin qüsurlu cəhətləri ilə bərabər, dəyərli xidmətini də qeyd edirsiniz. Bu baxımdan, Tiflis-Borçalı ədəbi mühiti haqqında ədəbiyyatçünas və tənqidçilərin fikirləri, müəyyən mübahisələr, fərqli yanaşmalar, fikir ayrılıqları əslində həqiqətin aşkarlanmasına xidmət edir və buna görə də təbii qarşılanmalı, obyektiv tədqiq edilməlidir. 

Şahbaz Şamıoğlu. Bəli, belə hallar çox olmuşdur və onlara obyektiv yanaşmaq, mənfi və müsbəti olduğu kimi, emosiyaya qapılmadan təqdim etməyi doğru yol hesab edirəm. Borçalıda da xeyli bu tip sənətkar, tənqidçi, ədib var. Müxtəlif janrlı əsərlərində sovet ideologiyasının təsiri açıq-aydın duyulsa da, Ə.Nazim Borçalı ədəbi mühitinin formalaşması və yeni türk əlifbasının təbliği sahəsində xeyli əmək sərf etmişdir. “İşıq yol” qəzetinin səhifələrində onun “Yeni əlifbaçılara” (1924), “Yeni yol”a (1920), “Gələcək” (1920), “Qadın” (1924), “Qərb imperialistlərinə” (1924), “Məzlum millətlərə” (1924), “Cütçü” (1924) və s. onlarla şeri dərc edilmişdir.

Dövrün ədəbi tənqidçilər nəslinin tanınmış nümayəndələrindən biri də Arıxlı kəndində Borçalı qazısı Allahyarzadə Yusif Əfəndinin ailəsində dünyaya gəlmiş Ziyəddin Əfəndiyev (Ziya Borçalı) idi. İlk təhsilini ailədə alan, sonralar Tiflis Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən Z.Əfəndiyev ana dilindən əlavə, ərəb və fars dillərini də mükəmməl bilirdi. Onun həyat və yaradıcılığından bəhs edən tədqiqatçıların qeyd etdiyi kimi, Z.Əfəndiyev qələmini ədəbi janrların bütün növlərində sınamış, uzun illər pedaqoji fəaliyyət göstər­miş, üstəlik Borçalıda dildə-ağızda dolaşan xalq incilərini – folklor nümu­nələrini, ən çox isə bayatıları toplamış və mətbuat orqanlarında hissə-hissə çap etdirmişdir. Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondundakı sənədlərdən və Z.Əfəndiyev yaradıcılığından bəhs edən araşdırıcıların qeydlərindən bəlli olur ki, uzun müddət mövcud mətbuat orqanları ilə əlaqə saxlamış ədib “Pedaqoq” adlı bir jurnal da nəşr etdirmək istəmişdir. Borçalı ədəbi həyatında yazıçı, şair, jurnalist kimi tanınan, Tiflis və Borçalı ədəbi mühitlərinin tükənməz çeşmələrindən bəhrələnən Z.Əfəndiyev daha çox ədəbi tənqidçi kimi şöhrət tapmışdır. Müəllif “Tbi­li­sidə yaranmış Azərbaycan ədəbiyyatı (1880-1920-ci illər)”, “Tbi­li­si­də Azərbaycan ziyalılarının ədəbi və jurnalistik fəaliyyəti (1880-1920-ci illər)”, “C.Məmmədquluzadənin ədəbi fəaliyyətinin Tbilisi dövrü (1904-1917)” və s. kimi fundamental tədqiqat əsərləri ilə yanaşı, Azərbaycan yazıçı və şairləri, habelə Borçalı türklərinin yazılı və şifahi ədəbiyyatı barədə onlarla məqalə yazmış, Azərbaycanın tanınmış ədibləri ilə yara­dıcılıq əlaqələri saxlamışdır.

Borçalının Kolagir kəndində anadan olan, “Sabir satirik şeirinin davamçılarından sayılan” (Ş.Məmmədli), “adı M.S.Ordubadi kimi tanınmış sənətkarlarla yanaşı çəkilən” (R.Məmmədov) M.Rzazadə (Mühəqqər) haqqında ilk ətraflı elmi məqaləni də məhz Z.Əfəndiyev yazmışdır. “Şair Mühəqqər” məqaləsi adı subyektiv səbəblərdən unudulmaqda olan şairin ədəbi həyatda mənəvi reabilitasiyası olmaqla bərabər, həm də Borçalıda yaranan ədəbiyyatın ümumazərbaycan ədəbiyyatından qidalan­dığını, Borçalı şair və yazıçılarının klassik Azərbaycan sənətkarlarından bəhrələnərək araya-ərsəyə çatdıqlarını bir daha təsdiqləmək baxımından xeyli əhəmiyyətlidir. Məqalədə Mühəqqərin “Dükkan”, “Dilənçi”, “Əsri­miz” və başqa şerləri təhlil edilmiş, şairin bədii sənətkarlığına qiymət verilmiş, əsərlərinin ictimai əhəmiyyəti qabardılmışdır. Z.Əfəndiyev Mühəqqəri haqlı olaraq Sabir ədəbi məktəbinin davamçısı hesab etmiş, bu ölməz ədəbi irsin təsiri altında böyük ədəbiyyata qədəm qoymuş şairi yüksək dəyərləndirmişdir. Z.Əfəndiyevin ədəbi tənqid və yeni ədəbi qüvvələrin istiqamət­lən­dirilməsi sahəsinə aid dəyərli məqalələri, orijinal fikir və mülahizələri çoxdur. Lakin onun ədəbi-tənqidi görüşlərində müəyyən qüsurlar da mövcuddur. O, bəzən faktları sadəcə qeydə almaqla kifayətlənmiş, müəl­lif barədə quruca məlumat vermiş, üstəlik marksist-leninçi metodolo­giya­nın birtərəfli, yanlış estetik prinsiplərinin təsiri altında ədəbi hadisə və faktları düzgün qiymətləndirə bilməmiş, təsvir olunan adi məişət hadisə­lərinin kökündə də sinfi mahiyyət axtarmışdır. Lakin bununla belə, Z.Əfən­diyev ədəbi tənqiddə öz sözü olan, xüsusi yazı manerasına malik bir sənətkardır. Borçalı ədəbi həyatının canlanmasında, ədəbi-mədəni mühitin inkişafında onun xüsusi rolu vardır.

Asif Hacılı: Borçalının əsrarəngiz daxili mühitindən, zəngin saz-söz, şeir-sənət aləmindən çıxmış, əsasən el-oba çevrəsində formalaşmış və kamil biliyə sahib olmuş ədiblərimiz çoxdur. Onların bir qismi sonralar Bakıya köçmüş, bir qismi isə doğma yurdda fəaliyyət göstərmişlər. Təəssüf ki, bu söz, sənət fəadilərinin bir çoxunun yaradıcılığı layiqincə araşdırılmayıb, layiqli qiymətini almayıb. Burad söhbət yalnız fərdlərdən, ayrıca şəxslərdən getmir. Məncə, bu məsələ daha dərindir və digər regionlarımızı da əhatə edir. Söhbət müəyyən regionlarda, başqa ölkələrdə yaşayan soydaşlarımızın mənəvi aləminə, mədəni mühitinə Azərbaycan Respublikasının nüfuzlu elm və təhsil ocaqlarının diqqətindən gedir. Ümummilli mədəniyyətimizin qıraqlarda formalaşan mühitlərindən gedir. Həyatını ana dilimizə, ədəbiyyatımıza, milli varlığımıza həsr etmiş vətənpərvər qələm adamlarının yaradıcılığından gedir. Layiqli dəyərini almamış belə qələm adamlarından biri də yaradıcılığını, həyatını Borçalıya həsr etmiş Abbas Kirəclidir. Onun haqqında söz açanlardan biri də Siz olmusunuz. 

Şahbaz Şamıoğlu. Borçalı ədəbi mühitinin gəlişməsində, inkişafında, gənc yazarların istiqamətləndirilməsi və bütövlükdə ədəbi-mədəni həyatın özəlliklərinin müəyyənləşdirilməsi sahəsində Abbas Kirəclinin (Məmmədov) xüsusi xidmətləri olmuşdur. A.Kirəcli Borçalının tanınmış şairi, M.Ə.Sabir ənənələrinin davamçısı, kamil tərcüməçi Mirzə Həsən Məmmədovun ailəsində dünyaya gəlmiş, hələ uşaqlıq illərindən klassik Azərbaycan ədəbiyyatının bütün inciləri ilə tanışlıq imkanı əldə etmişdir. Olduqca qısa həyat sürməsinə baxmayaraq, A.Kirəcli zəngin və şərəfli bir ömür yaşamış, Azərbaycanın H.Cavid, M.Rəfili, Ə.Nazim, Ə.Sultanlı, A.Şaiq, M.Cəlal, C.Xəndan, M.Hüseyn, O.Sarıvəlli, Ə.Qarabağlı, İ.Əfən­diyev kimi görkəmli şair, yazıçı və ədəbiyyatşünas alimləri haqqında maraqlı fikirlər söyləmiş, onların yaradıcılığına dair məqalələr yazmışdır. Bu baxımdan onun “A.Şaiqin “Araz” romanı haqqında” (1940), “Uşaq ədəbiyyatı haqqında” (1941) və 1946-1947-ci illərdə yazdığı “H.Mehdinin “Fəryad” əsəri haqqında qeydlər”, “İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləri haqqında” və başqa məqalələri xeyli xarakterikdir. Tənqidçinin həmin dövrdə qələmə aldığı “Borçalı şairləri haqqında” məqaləsi xüsusi maraq doğurur. Müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, çağdaş Borçalı ədəbi həyatı möhkəm özül üzərindədir. Gənc yazarlar öz sənətkarlıqlarını klassikləri dərindən öyrənmək, onlardan əxz etməklə artırmış, beləliklə də, Borçalı ədəbi həyatında sələf-xələf münasibətləri bir növ ədəbi norma sayılmışdır. A.Kirəcli Borçalı şairləri arasında Məc­ruh, Ağacan, Xındı, Əmrah, Mühəqqər və başqalarının adlarını çəkir, onların çoxşaxəli yaradıcılıq xüsusiyyətlərindən bəhs edir. Təbiət gözəl­liklərinin təsviri, vətənə və torpağa məhəbbət, lirik motivlər Borçalı şairlərinin yaradığılığında başlıca yer tutur. Ayrı-ayrı şairlərdən nümunə­lər gətirməklə Borçalı ədəbi həyatının mənzərəsini canlandıran müəllif şairlərin Vaqif, Vidadi, Aşıq Pəri kimi söz ustalarının yaradıcılıqlarından bəhrələndiklərini, qələmlərini həm klassik, həm də xalq şeri üslubunda sınadıqlarını göstərir.

Məlum olduğu kimi, Borçalı şairləri bütün dövrlərdə çap olunmaq problemi ilə üzbəüz qalmış, ədəbi nəşrlərin azlığı ucbatından poeziya və nəsr nümunələri ancaq rayon miqyaslı mətbuat orqanlarında işıq üzü görmüşdür. A.Kirəcli yazır: “…təəssüflə qeyd etmək lazımdır ki, bu şairlər hələ öz rayon mətbuatlarından (Məcruh istisna olmaqla – A.Kirəcli) kə­nara çıxa bilməmişlər…”. Şübhəsiz ki, bunun obyektiv və subyektiv səbəbləri vardı. Əvvəla, ötən əsrin otuzuncu illərində Gürcüstanda azərbaycanca nəşr olunan respublika miqyaslı qəzet və jurnallar barmaqla sayılacaq qədər az idi. Əksər mət­buat orqanları ya bağlanmış, ya da yönümü dəyişdirildiyindən ədəbi prosesi izləmək imkanını itirmişdi. Uzun müddət Borçalı şair və yazıçıları üçün mükəmməl ədəbi tribuna olmuş “Dan ulduzu” jurnalının da taleyi belə idi; jurnalın 1930-cu il, 8-ci sayından etibarən daha çox aqrar sahəyə üstünlük verilmiş, 1931-ci ildə isə onun fəaliyyəti dayandırılmış, bazasında isə cəmi 6 sayı işıq üzü görmüş iki həftədə bir dəfə çap olunan “Şərq kolxozçusu” jurnalı nəşr edilmişdir. Digər tərəfdən, Borçalı sənətkarlarının Bakı və bütövlükdə Azərbaycan ədəbi həyatı ilə birbaşa əlaqələri zəif olduğundan onlar həmişə çap olunmaq problemi ilə üzləşmişlər.

Asif Hacılı. Şahbaz müəllim, çox aktuak məsələyə toxundunuz. Bu problen Gürcüstanın digər böyük türk toplumu olan Ahıska türkləri üçün, qeyd edim ki, Dərbənddə, hətta Cənubda, Orta Asiyada yaşayan soydaşlarımız üçün də səciyyəvidir. Bəzən yüksək ədəbi dəyəri olmayab həvəskar yazarların yaradıcılığı nəzərə almasaq,el şairləri adlandırdığımız sənətkarların içində istedadlı şairlər, bəzən nasirlər olur. Ancaq mətbuat, nəşriyyat, ədəbi qurumlar bunlara elə bir diqqət göstərmir. Deyək ki, Borçalının talesiz şairi adlandırdığı istedadlı sənətkar İsa Sadiqin şəxsiyyətinə və yaradıcılığına Tiflis-Borçalı və Ahıska ədəbi-mədəni mühitinin, mətbuatının, teatr tarixinin ciddi tədqiqatçısı atam Abbas Hacıyev xüsusi məqlələr həsr edib nəşr etdirməsəydi, Bakı mühiti onu tanımayacaqdı. Bu reallığı nəzərə alaraq, mən “525-ci qəzetdə” qəzeyin baş redaktoru, dəyərli ziyalımız və və ədibimiz Rəşad Məcidin dəstəyi ilə Ahıska yazarları silsiləsinə başlamışam və artıq ona qədər məqalə hazırlayıb dərc etdirmişəm. Bu sənətkarların yaradıcılığı yalnız ədəbi əhəmiyyət daşımır, vətənindən qıraq qalan qədim bir toplumun çağdaş duyğularını, mənəvi və maddi durumunu, istək və arzularını ifadə edir. Bununla da onların yeni nəslini öz etnik köklərinə daha səx bağlayır və bu vəsilə ilə milli kimliklərinin qorunmasına xidmət edir. Təəssüf ki, böyük bir yurd yerimiz olan Borçalının qələm əhlinə, şair və yazarlarına, elm adamlarına, gənc istedadlarına Azərbaycan ictimaiyyətinin, müvafiq qurumların yetərli diqqət yetirdiyini deyə bilmərik. Bu baxımdan, Sizin öz tədqiqatlarınızda bu məsələnun obyektiv və subyektiv aspektlərinə toxunmağınızı və bu gün də bu problemi gündəmə gətirməyinizi alqışlyıram.

Şahbaz Şamıoğlu. Minnətdaram, qeyd edim ki, obyektiv amillərlə yanaşı, Borçalı sənətkarlarının bir qisminin əsasən rayon miqyasından kənara çıxa bilməməsinin subyektiv səbəbləri də mövcud idi. Yazarların bir çoxunun yaradıcılığı əslində ədəbi yaşarlılıq qazanmaq səviyyəsində deyil­di və bu qəbildən olan şair və yazıçıların əsərləri sadəcə rayon səviyyəsində məhdudlaşıb qalırdı. Bütün bunları lazımi səviyyədə dərk edən A.Kirəcli yazırdı: “Borçalı şairlərinin yaradıcılığını öyrənərkən… rayon şairlərinin yaradıcılığı məsələsinin müasir həyat üçün çox lazımlı və müsbət bir hadisə olduğu yəqininə gəlib çıxırıq. Buradan da Azər­baycan sovet yazıçıları ittifaqının rayon yazıçıları üzərində öz rəhbərliyini ciddiləşdirməsi və qüvvətləndirməsi vəzifəsi qarşısında dururuq”.

Asif Hacılı. Bu dedikləriniz bir daha göstərir ki, bizim başqa ölkələrdəki yurdlarımızda, o cümlədn Borçalıda nəinki ədəbi-bədii proses, ədəbi-estetik fikir, elmi-filoloji düşüncə, ədəbi tənqid mövcuddur və müasir səviyyədədir, orada səriştəli tənqidçilər, ədəbiyyat biliciləri mövcuddur. Bizim vəzifəmiz isə, onların yaradıcılığını öyrənmək, əsərlərini nəşr etmək, elmi-ədəbi dövriyyəyə cəlb etməkdir. Sizinlə söhbət əsnasında məndə bəzi qüssəli fikirlər yarandı. Ölkəmizdə ədəbiyyat və mədəniyyətimizin bir çox sahələri üzrə beynəlxalq, yerli elmi tədbirlər keçirilir, ədəbi əlaqələr öyrənilir. Ancaq Borçalı, Cənub, Dərbənd, başqa ölkələrdə yaşayan soydaşlarımızın ədəbi, mədəni həyatı, mənəvi aləmi, ana dilinin qorunması, milli təhsili və sairənin müzakirə olunduğu elmi tədbir mənim yadıma gəlmir. O cümlədən, haqqında danışdığınız Abbas Kirəclinin zəngin və çoxcəhətli yaradıcılığının.  

Şahbaz Şamıoğlu. Tamamilə doğrudur. Ədəbi tənqid sahəsində olduqca qiymətli məqalələr müəllifi olan Abbas Kirəclinin, eləcə də Borçalının digə şair, nasir, tənqidçilərinin  həyat və yaradığılığının hərtərəfli öyrənilməsinə ehtiyac duyulur. Daim axtarışda olan, ədəbi prosesi ustalıqla izləyən Abbas Kirəcli Borçalı ədəbi-mədəni həyatının yetirməsi kimi, bütün yaradıcılığı boyu regionda yaşayıb-yaradan sənətkarlara mənəvi dayaq olmuş, onların qüvvətli və zəif cəhətlərini açıb göstərməklə bütöv bir yazarlar nəslinin formalaşmasına əmək sərf etmişdir.

Asif Hacılı: Şahbaz müəllim, Tiflis, Borçalı, eləcə də Dərbənd, Təbriz və digər bu kimi ədəbi mühitlərin soydaşlarımıza məxsus ədəbi, mədəni mühitlər ümummilli Azərbaycan ədəbiyyatının tərkib hissələridir. Ancaq bu mühitlər yerli coğrafiyadakı digər xalqların mədəniyyəti, sosial həyatı ilə də sıx bağlıdır. Bu baxımdan, Borçalıda qeyd etdiyimiz dövrdən üzü bəri ədəbiyyatın, ilk növbədə ədəbi tənqidin özünəməxsusluğu və bir yaradıcılıq növü kimi səviyyəsi barədə fikrinizi bilmək istərdim. Borçalı-Tiflis mühitində Azərbaycan ədəbi tənqidi orijinallığı ilə seçilən bir ədəbi-estetik fenomen kimi baş tutubmu və ya bu, bizim ədəbi tənqidin orta statistik bir tərkub hissəsidir?  

Şahbaz Şamıoğlu. Gürcüstanda nəşr olunan mətbuat orqanlarında işıq üzü görən ədəbi-tənqidi məqalələr Borçalı sənətkarlarının yaradıcılığının cilalanmasına yardımçı olmaqla yanaşı, həm də bu mühitdə ədəbi tənqid janrının inkişafına gətirib çıxarırdı: “Borçalı-Tiflis mühitində meydana çıxmış ədəbi-tənqidi məqalələr, qeydlər öncül tənqidin inkişafına, onun irəli sürdüyü mülahizələrin möhkəmlənməsinə kömək edib”.

Beləliklə, ədəbi tənqid janrı Borçalı ədəbi-mədəni həyatında aparıcı mövqeyə çıxmağa başlayır, ədəbiyyatşünaslıq elminin bu qolu regionda özünün orijinal üslubunu saxlaya-saxlaya püxtələşmə mərhələsinə qədəm qoyurdu.

Asif Hacılı: Son ifadələrinizdə bu sualı dolğun cavablandırdınız: ədəbiyyatçünaslığımızın bir qolu özünün regional özünməxsusluğunu saxlaya-saxlaya püxtələşdi. Belədirsə, bəs bu regional mühitdə Azərbayvcan yazarlarının ədəbi əlaqələrini, Tiflisin həmin dövrlərdə, elə indi də bir çox xalqların nümayəndələrinin daxil olduğu qaynar mədəni həyatına xas mədəniyyətlərarası dialoqunu, tərcümə işini lakonik olaraq necə qiymətləndidərdiniz? Ənənəvi mədəniyyətimizin bu prosesdə durumu necə idi?

Şahbaz Şamıoğlu. Borçalı ədəbi mühitinin istiqamətləndirilməsi və canlandırılması işində o dövrün mətbuat orqanlarında Azərbaycanın və dünyanın bir sıra xalqlarının məşhur yazıçı və şairlərinin əsərlərinin dərc edilməsi də mühüm rol oynamışdır. Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.Vurğun, S.Rüstəm, M.Hüseyn kimi Azərbaycan sənətkarları ilə yanaşı, A.Sivirski, M.Cavaxişvili, A.Serafimoviç, L.Tolstoy, S.Yesenin, V.Mayakovski, M.Qor­ki, A.Barbüs, Sun-Yat-Sen və onlarca başqa yazıçı və şairlərlə ta­nış­lıq Borçalı yazarlarının ədəbi-bədii zövqünün formalaşmasında  xeyli iş görmüşdür. Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Qurbani, Aşıq Alı, Aşıq Ələs­gər kimi aşıq şeri korifeylərinin Gürcüstandakı Azərbaycan mətbuatı orqanlarında tez-tez anılmaları və çap olunmaları Borçalı folklorunun yazıya alınmasına, köçürülməsinə və nəşrinə kömək edirdi. Aşıq Sadıq, el şairi Pəhləvan, Yaralı, Aşıq Daşdəmir, Şair Ağacan, Şair Nəbi və başqa sənətkarlar haqqında mətbuat orqanlarının sistematik çıxışları olduqca faydalı və mütərəqqi idi.

Asif Hacılı: Şahbaz müəllim, yaxşı bildiyiniz kimi, Tiflisdə mədəni həyat həm də daxili sistemliliyi ilə seçilib və bu baxımdam ədəbi dərnəklər, nəşriyyatlar, eləcə də Paronbəyov karvansarayında yerləşən dərnəklər, teatr truppaları ədəbi inkişafda böyük rol oynayıb. Bu mühit öz canlı yaradıcılıq aləmi, oxucu, tamaşaçı fəallığı ilə seçilib.

Şahbaz Şamıoğlu. Mətbuat orqanlarının ətrafında fəaliyyət göstərən ədəbiyyat dərnək­lərinin də işi təqdirəlayiq idi. Gənc ədəbi qüvvələr öz ilk addımlarını məhz bu dərnəklərdə atmağa başlayır, eləcə də püxtələşmiş sənət­kar­ların yaxından köməyi və yardımı ilə böyük ədəbiyyata gedən yolda xe­yir-dua alırdılar. Tiflisdə fəaliyyət göstərən ədəbiyyat həvskarları klubu, N.Nərimanov adına klub və başqaları bir növ mədəniyyət mərkəzi funk­siyasını yerinə yetirirdilər. Burada ədəbi qüvvələrlə  ictimaiy­yətin görüşləri keçirilir, müzakirələr, söhbətlər, musiqi gecələri, səhnə əsərlərinin tamaşaya qoyulması oxucuların və tamaşaçıların dərin mara­ğına və rəğbətinə səbəb olurdu. Borçalıda da Tiflisdə olduğu kimi, ədəbi-bədii gecələr keçirilirdi və bu olduqca dəbdə idi. Ən başlıca yeri, şübhəsiz ki, nağıl, dastan gecələri, aşıq məclisləri tuturdu. Əflatun Saraclı yazır: “O zaman Əhməd Cavad, Nemət Bəsir, Cəlil Mursaqulov, Neman Məmmədli və başqaları Borçalı obalarında on bir ədəbiyyat dərnəyi yaratmışdılar”. Həmin dövrdə Gürcüstan Yazıçıları Birliyinin nəzdində Azərbaycan-Türk Yazarlar Bölməsi fəaliyyət göstərirdi. Bölmə öz ətrafında iyirmi iki Borçalı yazıçısını birləşdirirdi. Şübhəsiz ki, bu, Borçalı ədəbi mühi­tinin daha da canlanması və inkişafına xüsusi təkan verirdi.

Asif Hacılı: Şahbaz müəllim, qısa da olsa, böyük bir dövrü, bu dövrün fərqli aspektlərini, zəngin bir dərya olan Borçalı-Tiflis ədəbi-mədəni mühitinin səciyyəsini dolğun səciyyələndirdiniz. Əsas təəssürat ondan ibarətdir ki, Borçalı-Tiflis ədəbi mühitinin təxminən yüz ilə (1840-1940) aid etdiyiniz “Qızıl dövrü” milli mədəniyyətimizin parlaq, zəngin, mənalı bir hissəsi olub. Burada böyük sənətkarlar fəaliyyət göstərib, ana dilimiz, mətbuatımız, teatrımız, ədəbiyyatımız inkişaf edib. Folklor ənənələrimiz, klassik irs, dünya ədəbiyyatı bu mühitdəki ədəbi prosesdə sintez edilib, orijinal əsərlər yazılıb, tamaşalar səhnələşdirilib. Rus ədəbiyyatının XIX yüzilə aid edilən “Qızıl dövrü”ndən sonra XX əsrin əvvəllərində ecazkar “Gümüş dövr” gəlir. Bəs Tiflis-Borçalı Azərbaycan ədəbi mühitinin sonrakı, Sizin üçüncü dövr adlandırdığınız mərhələ necə, əvvəlki epoxa ilə müqayisəyə gələ bilərmi? Bu dövrdə nələr baş verdi. Bu məsələni bütövlükdə başqa bir söhbətə saxlayaraq, qısa rəyinizi bilmək maraqlı olardı.

Şahbaz Şamıoğlu. Əgər Borçalı ədəbi həyatının ikinci dövrünü (1840-1940) “qızıl dövr” hesab ediriksə, üçüncü dövr barədə belə demək mümkün deyildir. Çünki artıq 1940-1950-ci illərdən başlayaraq burada ədəbiyyat özünün coşqun inkişafından xeyli geri qalmağa başlayır, iti qələmə, parlaq gələcə­yə malik neçə-neçə istedadlı yazıçı və şairi öz sıralarından itirir, uzun il­lərdən bəri malik olduğu ədəbi tribunalardan, ən başlıcası isə dövlət qayğısından məhrum olur. Ə.Saraclı da “Borçalı ədəbi mühiti” adlı məqaləsində bu mühitin XX əsrin 40-cı illərində durğunluq keçirdiyini qeyd edir: “Savaş illərində (1941-1945) Borçalı ədəbi qüvvələrinin çoxu çətinlik üzündən Bakıya köçməli oldu, ədəbi mühitdə xeyli durğunluq yarandı. Bir də 50-60-cı illərdə Tiflisdə “Şərqin şəfəqi”, sonralar “Gürcüstan” qəzetləri çıxdıqdan sonra burada ədəbi mühitdə yeni oyanış başlandı. Azərbaycan və gürcü ədəbi ilgilərinin genişlənməsi də bu işə qol-qanad verdi” (1992). Borçalıdakı ədəbi qüvvələrin Bakıya köçüb getmələri maddi, yaxud müharibənin gətirdiyi digər çətinliklərlə qətiyyən bağlı deyildi. Əslində Borçalı ədəbiyyatında yaranan durğunluq bir sıra subyektiv səbəblərlə əlaqəli idi. Ən başlıcası isə bir neçə yazarlar nəsli yüzillik ənənəyə malik mətbuat orqanları kimi ədəbi tribunadan məhrum olmuşdu. Yuxarıda adları çəkilən və həmişə şərəfli tarix kimi xatırlanan mətbuat orqanlarının istisnasız olaraq hamısı fəaliyyətini dayandırmış və beləliklə də, on doqquzuncu yüzillikdən iyirminci əsrin qırxıncı illərinə qədər uzanıb gələn mətbuatda varislik zənciri qırılmışdı. Vaxtilə sorağı Qafqazın hüdudlarını aşaraq Türkiyə, İran, Rusiya, Orta Asiya, Yaxın və Uzaq Şərqdən gələn mətbuat orqanları dövlət səviyyəsində laqeydliyin, etinasızlığın, ögey münasibətin qurbanı olmuş, coşqun ədəbi prosesin normal məcrada inkişafı subyektiv maneələrlə qarşılaşmışdır.

XX əsrin 30-cu illərindən sonra Marneulidə (1930 -“Pambıqçı”, “Stalin yolu”, “Kommunizm uğrunda”; 1965- “Yeni Marneuli”, hazırda” “Kvemo Kartli” – Azərbaycan və gürcü dillərində), Dmanisidə (1933- “So­sializm maldarlığı”, sonralar “Trialeti” adı ilə iki dildə nəşr olunmuş­dur. 1991-ci ildə qəzetin Azərbaycan şöbəsi bağlanmışdır. Hazırda “Dmanisi” adı ilə yalnız gürcü dilində nəşr olunur), Bolnisidə (1935- “Al bayraq”, sonralar “Qələbə bayrağı” adı ilə iki dildə nəşr olunmuş, 1990-cı ildə “Bolnisi” adlandırılmış və həmin ildən azərbaycanca nəşri dayandı­rıl­mışdır), Qardabanidə (1931 – “Stalinçi”, hazırda “Samqori”), Adıgündə (1933 – “Qızıl rəncbər”), Axalsixedə (1930 -“Kommunist”), Aspindza (1933 – “Bağban”, 1940 – “Sosializm kəndi”) nəşr olunan rayon qəzetləri ədəbi mühitin bütün ağırlıqlarını çiyinlərində daşıya bilmir və şübhəsiz ki, ədəbi prosesə qayğı göstərmək iqtidarına malik deyildi. Digər tərəfdən, həmin qəzetlərin əksəriyyəti çox qısa bir dövrdən sonra öz fəaliyyətini dayandırdı və hazırda onlardan yalnız ikisi işıq üzü görür.

Azərbaycandilli mətbuat orqanlarının fəaliyyətinə xitam verilməsi Borçalıdakı ədəbi prosesə uzun illər boyu öz mənfi təsirini göstərmişdir. Məsələ burasındadır ki, Gürcüstan hökumətinin respublikada Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinə soyuq münasibəti onun bu sahə ilə bağlı digər qərarlarında və addımlarında da öz əksini tapmışdır; Eyni zamanda, XX əsrin əllinci illərində Gürcüstan Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən Azərbaycan bölməsi bağlanmışdır. Halbuki həmin dövrlərdə Gürcüstan Yazıçılar İttifaqının nəzdindəki rus, erməni və kürd bölmələri bu cür münasibətlə üzləşməmişdir.

Asif Hacılı. Bəs Borçalıda yaşayan yazıçı və şairlərimizin, tənqidçiləri, ədəbiyyatşünasların Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilməsi və heç olmazsa bu yolla ümummilli ədəbi prosesə qoşulmalarına təkan verilməsi niyə xeyli müddət mümkün olmayıb?

Şahbaz Şamıoğlu. Borçalıda yaşayıb-yaradan yazıçı və şairlər uzun illər boyu mövcud qanunlara əsasən, Azərbaycan Yazıçılar Birliyinin üzvü ola bilməmişlər. Gürcüstanda isə bölmənin fəaliyyətinin dayandırılması ədəbi mühitə öz mənfi təsirini göstərmişdir; bu, dövlət qayğısından birbaşa məhrum olmaq demək idi. Sovet hakimiyyəti illərində Gürcüstanda Borçalı ədiblərinin əsərləri kitab şəklində çap olunmamış, üstəlik bu məsələ Azərbaycanda da başlı-başına buraxılmışdır. Təsadüfi deyildir ki, Bakıda Hidayət Bayramovun “Vətəndaş rəis” hekayələr kitabı nəşr olunanda Əli Abbasov onu Borçalı torpağının ilk qaranquşu hesab etmişləir. Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsinin bağlanması Borçalı şair və yazıçıları üçün həm də olduqca böyük mənəvi zərbə idi. Borçalı sənətkarlarının ədəbi taleyinə tamamilə düzgün qiymət verən Əflatun Saraçlı yazır: “İndi Borçalıda gənc ədəbi qüvvələr ədəbiyyata gəlir, el arasında tanınır, elə el şairi kimi də qalır. Rəşid Hacallı, Mühəqqər, Eyyub Məmməd və başqalarının ədəbi taleyi belə olub” (1992). Gür­cüstanda ilk Azərbaycandilli almanaxla (“Əşar məcmuəsi” – 1923) ikincisinin (“Çeşmə” – 1980) nəşri arasında 60 illik bir zaman kəsiyinin mövcudluğu bu respublikada yaşayıb-yaradan sənətkarlarımıza bəslənilən münasibəti aydınlaşdırır. Beləliklə, Borçalı ədəbi mühiti iyirminci yüzilliyin ikinci yarısına yaralanmış şəkildə qədəm basmış, «qızıl dövr» öz ömrünü başa vurmuş, ədəbiyyat, ədəbi-mədəni həyat siyasi basqılarla üz-üzə qalmışdır. Bütün bunlara baxmayaraq, mayası xalq yaradıcılığından tutulmuş Borçalı ədəbi mühiti ayaq üstə qalmağı bacarmış,  çətinliklərlə dolu yeni dövrə başlamışdır.

Asif Hacılı: Şahbaz müəllim, Siz XX əsrin ikinci yarısı, yəni sovet-bolşevik dövrünün çox ağrılı problemlərinə toxundunuz. Ancaq hazırda Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq münasibətləri bərqərar olub. Soydaşlarımız son dövrlər ictimai-siyasi proseslərdə vətəndaş kimi fəal iştirak edirlər. Gürcü dilini, xarici dilləri öyrənir, eyni zamanda doğma dili unutmurlar. Tiflisdə, Borçalıda çox dəyərli ziyalı, alim, tərcüməçi soydaşlarımız fəaliyyət göstərir. Əmin olaq ki, Borçalı-Tiflis ədəbi mühiti də dirçələcək, öz əvvəlki nüfuzunu və daxili zənginliyini bərpa edəcək. Maraqlı söhbətə, dəyərli məlumat, fikir və mülahizələrinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, sonrakı mərhələ və müasir dövr haqqında da növbəti görüşlərdə söhbət açmağa imkanımız olacaq.

 Şahbaz Şamıoğlu. Asif müəllim, Sizə və AVCİYA-ya belə mühüm mövzuya müraciət etdiyinizə görə təşəkkür edirəm. Söhbətimizin davamına məmnuniyyətlə hazır olduğumu bildirirəm