«Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının hazırlanmasına ikinci yarımillikdə başlana bilər»

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan enerji təhlükəsizliyi məsələsində daha əhəmiyyətli ölkə olacaq
Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”

Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına 2009-cu ilin ikinci yarısında başlana bilər. Bu barədə APA-nın Mərkəzi Asiya bürosuna açıqlamasında Qazaxıstanın «KazMunayQaz» Milli Şirkəti» ASC-nin prezidenti Kayırgəldi Kabıldin məlumat verib.
«Bu layihə sazişin prinsiplərinə uyğun olaraq ARDNŞ-la birlikdə həyata keçiriləcək. Artıq hər iki şirkət beynəlxalq şirkətlərin iştirakı ilə layihə üzrə texniki məsələləri yekunlaşdırmaq üzrədir. TİƏ layihəsinin hazırlanması üzrə tender sənədləri hazırdır», – deyə «KazMunayQaz» rəhbəri vurğulayıb. 
K.Kabildin Qazaxıstan tərəfinin artıq Eskene-Kurık neft kəməri üzrə TİƏ-nin hazırlığını başa çatdırdığını qeyd edib. Tədqiqatlar yekunlaşandan sonra, nəticələr layihə-smeta sənədlərinin hazırlanması üçün «Transxəzər-KMQ» şirkətinə veriləcək.
Eskene-Kurık neft kəməri tikiləndən sonra Kurık qəsəbəsindəki sahilyanı ərazidə və Azərbaycanda yeni neft terminalının tikilməsi, neftin və neft məhsullarının Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınması üçün tanker donanması və buna müvafiq infrastrukturun yaradılması planlaşdırılır.
Üç il əvvəl «Transxəzər» layihəsinin həyata keçirilməsi üçün Qazaxıstan və Azərbaycan prezidentləri tərəfindən sənədin imzalandığını xatırladan şirkət rəhbəri müqavilənin şərtlərinin inkişafı üçün «KazMunayQaz» və ARDNŞ arasında bir neçə memorandumun imzalandığını diqqətə çatdırıb. İmzalanan sənədlərdə hər iki tərəfin neft və qazın çıxarılması, neft kimyası, nəqli, neft emalı və Qazaxıstanın enerji ehtiyatlarının daşınması məsələləri əksini tapıb.
K.Kabıldin 2008-ci ildə «KazMunayQaz» ilə ARDNŞ arasında imzalanmış sazişdə birgə layihənin maliyyələşdirilməsi, tarif xərcləri və mərhələlərin əks olunduğunu vurğulayıb: «Bu gün bizim şirkətlər bu birgə sənədlərin həyata keçirilməsi sahəsində görüşlər və real işlər aparmaqdadır. Öz növbəsində hər iki tərəf Transxəzər layihəsinin reallaşması üçün beynəlxalq neft şirkətləri ilə danışıqlar aparır. Layihənin həyata keçirilməsində hər iki şirkət eyni hüquqa malikdir».
K.Kabıldin Qazaxıstanın neft-qaz sahəsində mütəxəssislərinin hazırlanması üçün Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu da qeyd edib./APA/