“Türkiyənin Qarabağ şərtindən vaz keçdiyinə dair iddiaları parlamentdə qaldıracağıq”

“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”
Veronika Kotek: “Moskva Bəyannaməsi xüsusi öhdəliyin yenidən təsdiqlənməsidir”
30 ölkə prezidentlərin idarəetmə müddəti formatlarını bu və ya digər formada nəzərdən keçiriblər

Milliyyətçi Hərəkat Partiyasının Tokatdan seçilmiş millət vəkili, Türk cümhuriyyətləri ilə əlaqələr üzrə keçmiş dövlət naziri Rəşad Doğrunun APA-ya müsahibəsi
– Rəşad bəy, Türkiyənin Ermənistanla danışıqlarda Dağlıq Qarabağ şərtindən vaz keçdiyi barədə məlumatları necə qarşıladınız? Sizcə, bu məlumatlar nə dərəcədə doğrudur?
– İnşallah, bu iddialar doğru olmaz deyə ümid edirik. Çünki Azərbaycan və Türkiyə iki qardaş dövlətdir. Bu iki dövlətin birinin dərdi o birinin də dərdidir. Əgər Türkiyə hökuməti belə bir yanlış addım atarsa, bu, hər iki dövlətin zərərinə olacaq. Milliyyətçi Hərəkat Partiyası olaraq bizim mövqeyimiz bundan ibarətdir ki, əsas məqsəd Azərbaycan torpaqlarından ermənilərin çıxmasına nail olmaq olmalıdır. Bu olmadan Ermənistanla Türkiyə arasında heç bir münasibət qurulmamalı, heç bir istiqamətdə əlaqələr inkişaf etdirməməlidir. Biz Qarabağda ermənilərin törətdiyi vəhşilikləri unuda bilmərik. Biz Xocalını yaddaşımızdan silə bilmərik. Bu faciələrin hesabı verilmədən, ən azı ermənilər Azərbaycan torpaqlarından çıxmadan Türkiyə Ermənistanla heç bir ilişki qurmamalıdır.
– Belə çıxır ki, Siz, ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında heç bir müzakirənin aparılmamasının tərəfdarısınız?
– Bəli. Heç bir əlaqə, müzakirə olmamalıdır. Mən bunu normal qarşılamıram. Avropa Birliyi, ABŞ istəyir deyə, bu addımları atmaq doğru da deyil, bizim qardaşlıq münasibətlərimizə, milli mənafelərimizə uyğun da deyil.
– Türkiyənin bu addımları xarici təzyiqlərlə atdığını düşünürsünüz?
– Mən hesab edirəm ki, hökumət beynəlxalq təzyiqlər altında bu addımları atır. Amma Türkiyə xalqı belə düşünmür. Türkiyə xalqı hər zaman Azərbaycanın yanındadır və Qarabağ problemini özünün problemi hesab edir. Bu problem həll olunmadan Ermənistanla münasibətlərdən söhbət gedə bilməz.
– Türkiyənin bəyanatlarında son günlərdə dəyişiklik hiss olunur – əvvəlki açıqlamalardan fərqli olaraq indi, sadəcə, “Ərazi bütövlüyünü dəstəkləyirik” şəklində bəyanatlar verilir. Bunu geriçəkilmə kimi dəyərləndirə bilərikmi?
– Ərazi bütövlüyünü dəstəkləyiriksə, Qarabağ şərtindən vaz keçə bilmərik, bunu da açıq-açıq söyləməliyik. Qarabağ Azərbaycan torpağıdır və bu torpaqlar qaytarılmadan heç bir addım atılmayacaq. Bütün bəyanatlarımızda bunu vurğulamalıyıq. Türkiyə-Azərbaycan münasibətləri hər şeyin üzərində olmalıdır. Qardaşlıq da, qonşuluq da, strateji müttəfiqlik də bunu tələb edir.
– Azərbaycan ictimaiyyətini narahat edən sualları hökumət qarşısında qaldırmağı düşünürsünüzmü?
– Əlbəttə. Mən bu günlərdə parlamentə Xocalı faciəsi ilə bağlı qanun layihəsi təqdim etmişəm. Hesab edirəm ki, Türkiyə Xocalı faciəsini soyqırımı kimi tanımalıdır. Eyni zamanda Türkiyənin Qarabağ şərtindən vaz keçdiyinə dair iddiaları da parlamentdə gündəliyə gətirməyi düşünürük. Mən bu barədə məsələ qaldıracağam.
– Türkiyə Ermənistanla sərhədləri açarsa və ya diplomatik münasibətlər qurarsa, hansı addımları atacaqsınız?
– Buna reaksiyamız çox sərt olacaq. Çünki hər şey ortadadır – Qarabağ işğal altındadır və bu işğal bitmədən münasibət qurula bilməz. Əgər hökumət belə bir addım atarsa, bizim sərt təpkimizlə qarşılaşacaq./APA/