Türkiyə Prezidenti: Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü icra edib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir
Gələn il Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülük Mərkəzinə sədrlik edəcək
Bakıda yəhudi irsi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqı dağıldıqdan sonra meydana çıxdı və demək olar 30 il davam etdi. Bu illər ərzində Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxladı, bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin saldı. Minlərlə insan həyatını itirdi. Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşdü. Onların taleyi hələ də bəlli deyil”.

APA-nın xəbərinə görə, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb.

Türkiyə Prezidenti müraciətində bildirib ki, Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü icra edib.

“Azərbaycan bu illər ərzində səbirlə gözlədi, lakin sonra başa düşdü ki, heç bir nəticə yoxdur və həll olunmamış məsələnin taleyini öz üzərinə götürməli oldu. 44 günlük müharibə zəfərlə sona çatdı və münaqişəyə son qoyuldu. Bir neçə gündən sonra qələbənin birinci ildönümü qeyd olunacaq. Allah şəhidlərə rəhmət eləsin! Nəhayət ədalətsizlik aradan qaldırıldı. İndi biz gələcəyə baxmalıyıq”, – Türkiyə dövlət başçısı müraciətində qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən sonra regionda altı ölkənin iştirakı ilə “altılıq platforması”nın yaradılması təşəbbüsü irəli sürülüb.

“İnfrastruktur yerindədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP-ı əhatə edən Cənub Qaz Dəhlizinin tamamlanması. Bunlar beynəlxalq layihələrdir və Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirir. Bizim əsas missiyamız və məqsədimiz region ölkələrini bir araya gətirmək, xalqların rifahını yüksəltmək və dostluğu gücləndirmək, eyni zamanda düşmənçiliyi aradan qaldırmaqdır. Təbii ki, növbəti mərhələ qlobal sülhə töhfə verməkdir. Türkiyə çox strateji mövqedədir. Ətrafımızda – Suriyada, İraqda, Liviyada münaqişələr var. Əfqanıstandakı vəziyyəti də unutmaq olmaz. Biz adıçəkilən ölkələrdə xaosun, münaqişənin aradan qaldırılması üçün səylər göstərmişik. Cənubi Qafqazda sülh və əmin-amanlığı gücləndirmək üçün töhfələr veririk və bu istiqamətdə səylərimiz davam edir. Həmçinin Balkan regionunda da bu səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Balkanların təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün önəmlidir. Avropa İttifaqı keçmişdə etdiyi ağrılı səhvləri təkrarlamaqdan çəkinməli, məsələyə detallı şəkildə yanaşmalıdır”, – Türkiyə dövlət başçısının müraciətində qeyd olunub.

APA