Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq

Bu gündən vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə başlanır
Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub
Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb

Türkiyədə dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəviyə həsr olunmuş layihələr reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə, il ərzində Türkiyədə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” adlı rəsm müsabiqəsi və sözügedən əsərlərin sərgisini açacaq. Layihəyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi də müvafiq dəstək göstərəcək.

Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara şəhər Mədəniyyət və Turizm müdiri Erhan Karakaya arasında keçirilən görüşdə razılıq əldə olunub.

Qeyd edək ki, müsabiqə məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzi, Ankara Etnoqrafiya Muzeyi və Rəsm, heykəllər Muzeyinin mütəxəssislərindən ibarət Təşkilat Komitəsi yaradılacaq. Bu ilin mart ayında Nizami Gəncəvinin anım günlərindən başlayacaq müsabiqəyə dahi şairin doğum günlərində – sentyabr ayında yekun vurulacaq.

Türkiyəli rəssamlar arasında elan olunan müsabiqəyə əsasən Nizami Gəncəvinin “Xəmsə” personajlarının motivləri əsasında işlənən miniatürlər – rəsm əsərləri təqdim olunacaq və əsərlər hazırlanarkən Azərbaycan-Türk təsviri sənət ənənələri əsas götürüləcək.

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Simfonik Orkestrinin iştirakı ilə dahi Nizami Gəncəvinin əsərlərindən ibarət “Şan-şöhrəti cahana sığmaz Türklərin” adlı Azərbaycan və Türkiyə vokalçılarının ifasında Ankarada möhtəşəm konsert proqramının keçirilməsi nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri