Türkmənistan Birinci Xəzər İqtisadi Mediaforumunun keçirilməsinə hazırlaşır

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edib
Xalqımızın sevimli sənətkarı, Azərbaycan səhnəsinin “Qaynanası”nın 105-ci ildönümü tamam olur

Bu il avqustun 12-də “Avaza” turizm zonasında Birinci Xəzər İqtisadi Mediaforumu keçiriləcək. Türkmənistan bu tədbirə hazırlaşmağa başlayıb. Rəmzi haldır ki, Xəzəryanı dövlətlərin tarixdə ilk belə iri forumu Xəzər günü ilə eyni vaxtda düşür.

AZƏRTAC xəbər verir ki, fevralın 5-də Türkmənistan Ticarət-Sənaye Palatasında qarşıdakı regional iqtisadi foruma həsr edilmiş beynəlxalq mediaforum keçirilib.

Türkmənistanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Sərdar Durdıyev mediaforumun açılış mərasimində çıxış edib. O qeyd edib ki, tarixdə ilk dəfə belə bir forumun məhz Xəzər hövzəsində – dünyanın ən iri regionunda keçirilməsi təşəbbüsü 2014-cü il sentyabrın 30-da Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülüb. Mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, keçən il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində Türkmənistan liderinin bu təşəbbüsü keyfiyyətcə yeni məzmun kəsb edib. Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzərdə beştərəfli qarşılıqlı fəaliyyətin səmərəsi çox cəhətdən dövlətlərimizin ticari-iqtisadi və nəqliyyat proseslərinə cəlb edilməsi dərəcəsindən asılıdır. O əmin olduğunu bildirib ki, 2019-cu ildə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi bütün Xəzəryanı dövlətlərin bu istiqamətdə öz səylərini birləşdirməyə hazır olmasını təsdiqləyəcək. Natiq vurğulayıb ki, bu mənada Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin və Birinci Xəzər İqtisadi Forumunun Türkmənistanda keçirilməsi barədə ideyalarının dəstəklənməsi bütün qonşu ölkələrin yüksək etimadını əks etdirir.

Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Mırat Atacanov qeyd edib ki, forumun keçirilməsi konsepsiyasının layihəsi baxılmaq üçün Türkmənistan liderinə təqdim edilib. Bununla əlaqədar Prezidenti Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzər regionu ölkələri ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi Türkmənistanın xarici siyasət kursunun prioritet vektorudur. Regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzərin strateji əhəmiyyəti, onun mühüm tranzit-nəqliyyat və logistika qovşağı kimi rolu Xəzəryanı dövlətlərin səylərini daha da birləşdirmək zərurətini yaradır. Prezidenti Qurbanqulu Berdiməhəmmədov Baş nazirə və daxili işlər nazirinə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinə hərtərəfli hazırlaşmaq barədə tapşırıqlar verib. Vurğulanıb ki, qarşıdakı hadisə Xəzər dənizində və ətraf regionlarda iqtisadi, ticari və investisiya əməkdaşlığı prosesinə güclü qurucu impuls verəcək, Xəzər Avrasiyada yeni məkan formalaşmasında mühüm rol oynayan, müasir qlobal meyillərə cavab verən beynəlxalq əhəmiyyətli iri nəqliyyat-tranzit qovşaqlarından birinə çevriləcək.

Tədbirdə Birinci Xəzər İqtisadi Forumuna həsr edilmiş videofilm göstərilib. Sonra regional iqtisadi forum üçün hazırlanmış rəsmi saytın təqdimatı keçirilib.

Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDX) sədri Bekdurdı Amansarıyevin moderatorluğu ilə keçirilən “Xəzər dənizinin enerji və nəqliyyat sistemlərinin iqtisadi inkişafı” mövzusunda plenar iclasda Türkmənistan energetika nazirinin müavini Batır Xudayberdıyev, Beynəlxalq Neft və Qaz Universitetinin kafedra müdiri Nuryağdı Suvxanov, Türkmənbaşı Beynəlxalq Limanının marketinq şöbəsinin rəisi Əziz Nazarov və “Türkmənneft” Dövlət Konserninin hasilatın bölgüsü idarəsinin rəisi Şöhrət İlamonov məruzələrlə çıxış ediblər.

“Diyar” jurnalının baş redaktoru Qurbannəzər Orazquliyevin moderatorluğu ilə keçirilən “Xəzər dənizində turizm və ticari-iqtisadi əməkdaşlıq” mövzusunda plenar sessiyada Türkmənistan Dövlət Turizm Komitəsi sədrinin müavini Akınniyaz Ağamıradov, xarici iqtisadi əlaqələr idarəsi rəisinin müavini – Türkmənistan Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin xarici iqtisadi əlaqələrin təhlili şöbəsinin rəisi Sərdar Ataklıçev, “Rısqal” qəzetinin baş redaktoru Gülcemal Qurbanova və Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin dövlət maliyyəsinin cəmlənməsi və iqtisadi siyasət idarəsinin rəisi Qalina Romanova məruzələrlə çıxış ediblər.

Sonda KİV nümayəndələrini maraqlandıran suallara cavab verilib.