Ümid edirəm ki, Xocalı soyqırımı cəlladlarının beynəlxalq mühakimə edilməsi günü uzaq deyil…

AVCİYA-nın vitse-prezidenti professor Asif Hacıyev Rusiya Federasiyasında keçirilən beynəlxalq tədbirdə çıxış etmişdir
Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib
Kür çayına 600 min balıq körpəsi buraxılıb

Azərbaycan xalqı 26 fevral tarixində Xocalı soyqırımının 29-cu ildönümünü qeyd edəcək. Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının dəstəyi ilə 29 il əvvəl 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşmiş Xocalı şəhərinə hücum etmiş, tarixin ən müdhiş və dəhşətli faciələrdən birini törətmişlər. Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum zamanı cəmi bir neçə saat ərzində şəhər əhalisinə etnik zəmində misli görünməmiş divan tutulmuşdur: 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin taleyi indi də məlum deyil. Xocalı şəhəri dağıdılaraq tamamilə yer üzündən silinmişdir. Xocalı faciəsinin qurbanlarından 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir: onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafiyə nayihələrinin və üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış, meyitlər təhqir edilmişdir.

Beləliklə,. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı davamlı şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsı kimi tarixə düşdü. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini, onun iradəsini qırmaq idi. Lakin, bu faciə bütün Azərbaycan xalqını sarsıtsa da, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, xalqımızın iradəsini qıra bilmədi.

Şəhərə hücum zamanı qısa bir müddətdə insanların kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirliməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi, qafiyə nayihələrinin və üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarın nahiyələrinin yarılması, meyitlərin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır.

Xocalı faciəsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılmış və şəhər əhalisi olan etnik azərbaycanlıların tam və ya qismən məhvinə yönəlmiş məqsədyönlü qanlı aksiya olmuşdur. Belə ki, Xocalının işğalı üçün rəsmi Ermənistan hələ 1989-cu ildən planlar həyata keçirməyə başlamışdı. Xocalı coğrafi vəziyyəti strateji əhəmiyyət kəsb edirdi, burada hava limanı mövcud idi və Xocalını ələ keçirməklə Ermənistan tərəfi Dağlıq Qarabağın hava məkanına nəzarəti ələ almaq məqsədi güdürdü. Eyni zamanda qeyd edilməlidir ki, Xocalı 1991-ci ilin oktyabr ayından mühasirədə idi, Xocalının Azərbaycanın digər əraziləri ilə quru və hava əlaqələri kəsilmişdi, axırıncı dəfə Xocalıda helikoter 1992-ci ilin yanvar ayında olmuşdu, əhali silahsız idi, şəhərin özünümüdafiə dəstəsi bir neçə avtomat və ov tüfəngləri ilə silahlanmışdı.

Silahsız Xocalı sakinlərinə qarşı cinayətlər təpədən dırnağadək silahlanmış Ermənistanın müntəzəm ordusu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış separatçı ermənilərin qeyri-qanuni silahlı birləşmələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq erməni terror qrupları ilə yanaşı keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə törədilmişdir. Belə ki, keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 2-ci batalyonu, Yevgeni Nabokixinin komandalığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşiklər Xocalıda insanlığa sığmayan cinayət əməllərini törədənlərdən olmuşlar.

Xocalı əhalisinin planlı şəkildə məhv edilməsi erməni birləşmələrinin hərbi komandiri olmuş və 2008-ci ildə Ermənistan prezidenti seçilmiş Serj Sarkisyanın ingilis jurnalisti Tomas de Vaalın faciə ilə bağlı sualına vediyi cavabı ilə bir daha təsdiqlənir. Tomas de Vaal yazır ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqda danışmağı xahiş etdikdə, o, baş vermiş hadisələrlə bağlı daha düzgün və daha sərt danışdı: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”. Qeyd edilməlidir ki, Xocalıda qırğınlar zamanı insanlar məqsəyönlü şəkildə etnik azərbaycanlı olduqlarına görə öldürülmüşlər, hücumlar zamanı şəhərin azərbaycanlı əhalisinin tamamilə və ya qismən məhv edilməsi Ermənistan silahlı birləşmələrinin əsas məqsədi olmuşdur ki, bu da Xocalida törədilən cinayətlərin soyqırım cinayətləri olmasını sübuta yetirir.

Ermənistan silahlı birləşmələri Xocalıda azərbaycanlılara qarşı müxtəlif cinayətlər – silahlı təcavüz, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayətləri törətmişlər. Bu cinayətlərin törədilməsi Ermənistanın tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini doğurmuşdur.

Sözsüz ki, Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım cinayətləri kimi tanınması gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısının alınması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qərar və qətnamələrin qəbul edilməsi istiqamətində səylər göstərir və bu istiqamətdə bir sıra konkret nəticələr əldə edilib. Belə sənədlərin qəbulu tarixi həqiqətlərin bərpa edilməsi, erməni cinayətkarlarının əsl üzünün dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması, o cümlədən mənəvi baxımdan vacib əhəmiyyət kəsb edir.

Lakin beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı faciəsinə dair qəbul etdikləri sənədlər siyasi qiymətləndirmə xarakteri daşıyır. Odur ki, belə sənədlərin qəbul edilməsi zəruri olsa da, bu qanlı aksiyanı həyata keçirənlərin beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil. Belə ki, beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentləri tərəfindən sənədlərin qəbulu ilə bu cinayətləri törədənlər öz cəzalarına çatmış olmurlar və hər hansı ölkənin parlamentinin qəbul etmiş olduğu sənəd cinayətkarların ədalət qarşısında cəzalandırılması ilə nəticələnmir. Belə olan halda törədilmiş cinayət əməlləri özünün beynəlxalq-hüquqi qiymətini almamış qalır.

Digər tərəfdən, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırım cinayətləri kimi tövsif edilməsi müvafiq yurisdiksiyaya malik beynəlxalq məhkəmənin səlahiyyətlərinə aid edilə bilər. Məlum olduğu kimi, analoji cinayətləri araşdırmaq və müvafiq qərarların qəbul edilməsi üçün dünyada yəhudilərin II Dünya müharibəsi zamanı nasistlər tərəfindən kütləvi şəkildə məhv edilməsi (Xolokost), keçmiş Yuqoslaviyada və Ruandada törədilmiş soyqırım cinayətləri ilə bağlı beynəlxalq tribunalların təsis edilməsi praktikası mövcuddur. Odur ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün beynəlxalq ictimaiyyət qarşısında Dağlıq Qarabağ müharibəsi zamanı törədilmiş cinayətlər, o cümlədən Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi iddiasının qaldırması, müvafiq tribunalın yaradılmasına nail olunması və indiyədək azadlıqda gəzən, Ermənistanda müxtəlif yüksək səviyyəli vəzifələr tutmuş və ya tutan cinayətkarların ədalət məhkəməsinə cəlb edilməsi ən başlıca məqsədlərdən olmalıdır. Yalnız bu halda hüquqi müstəvidə Xocalı faciəsinin soyqırım kimi tanınmasına nail olmaq mümkündür.

Hazırda Xocalı soyqırımı törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün tarixi şərait yaranmışdır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi (2-ci Qarabağ müharibəsi) zamanı rəşadət nümayiş etdirərək, cəmi 44 gün ərzində beynəlxalq hüquq normalarının bölgədə pozulmuş normalarını bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin müddəalarını həyata keçirmiş və Azərbaycan ərazilərini işğaldan azad etmişdir. Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan dəfələrlə vurğulamışdır ki, Azərbaycan Silahlı Qüvvələri xalqımıza qarşı qanlı cinayətlər törətmiş Köçəryan və Sarkisyanın yaratdığı ordunu darmadağın etdi. Hazırda Azərbaycan Respublikası Ermənistana qarşı işğal etdikləri ərazilərdə törətdikləri cinayətlərə, ölkəmizə vurduğu maddi və mənəvi zərərə görə təzminatların ödənilməsi istiqamətində beynəlxalq hüquqi müstəvidə iddialar irəli sürməyə hazırlaşır. İnanıram ki, bu iddialar sırasında Xocalı soyqırımını törədən cinayətkarların da beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi də yer alacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti nəticəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edilməsi kimi tarixi reallığın şahidi olduq. İnanıram ki, biz beynəlxal-hüquqi müstəvidə də Azərbaycanın qələbələrinin sevincini yaşayacağıq və Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş erməni faşistlərinin məsuliyyətə cəlb edilərək mühakimə edilmələrinin də şahidi olacağıq. Ümid edirəm ki, Xocalı soyqırımı cəlladlarının beynəlxalq mühakimə edilməsi günü uzaq deyil…    

Elxan Süleymanov,

AVCİYA prezidenti