UNESCO-nun nəşr etdirdiyi kitabda “Azərbaycan xalçaçılıq ənənələrinin dirçəldilməsi” məqaləsi yer alıb

Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib
Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması və təhsil şöbəsinin Asiya-Sakit okean orqanı tərəfindən həyata keçirilən “Qeyri-maddi mədəni irsin davamlı inkişafı strategiyası: qorunub saxlanma və təhsil arasında əlaqə” layihəsi çərçivəsində təşkilatın xətti ilə “Qeyri-maddi mədəni irsin qorunması və təhsil arasında əlaqə” seriyasından “Davamlı inkişafa nail olmaqda qeyri-maddi mədəni irslə məşğul olan qeyri-hökumət təşkilatlarının strategiyası” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab UNESCO-nun Asiya-Sakit okean regionunda Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq mərkəzin (ICHCAP) layihəsi çərçivəsində yeddi ölkədən – Azərbaycan, Butan, Banqladeş, Hindistan, İndoneziya, Monqolustan, Filippindən olan 8 qeyri-hökumət təşkilatının iştirakı ilə hazırlanıb. Kitabda toplanan məqalələrdə davamlı inkişafa nail olunması istiqamətində bu təşkilatların fəaliyyətləri işıqlandırılıb.

Kitab “Azərbaycan xalçaçıları” İB-nin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, “NUR ART House” qalereyasının direktoru Röya Tağıyevanın “Azərbaycan xalçaçılıq ənənələrinin dirçəldilməsi” adlı məqaləsi ilə açılır.

Məqalədə 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan xalçasının inkişaf mərhələlərindən, ənənələrindən, azərbaycanlı alim, rəssam Lətif Kərimov tərəfindən işlənib hazırlanan xalça növləri, məktəbləri və təsnifatlarından ətraflı söhbət açılır.

Məqalədə 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə hökumətlərarası komitə tərəfindən akkreditə edilən “Azərbaycan xalçaçıları” İB-nin, həmçinin Azərbaycan xalçaçılığının qədim ənənələrini yaşadan, gənc nəsli bu sənətə cəlb edən “NUR ART House” qalereyasının fəaliyyətindən danışılır. Bu istiqamətdə məqsədyönlü işlər təkcə Bakıda keçirilmir. Regionlarda sərgilər, ustad dərsləri, xarici ölkələrdə isə simpoziumlar, seminarlar, konfranslar və festivallar təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi müsabiqənin qrantını qazanan “Azərbaycan xalçaçıları” İB “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsini uğurla icra edib. İlk dəfə olaraq, Nyu-Yorkda “Metropoliten Muzeyi”ndə “Azərbaycan xalçaçıları” İB-nin sədri Röya Tağıyevanın “Azərbaycan xalçası” ensiklopediyasının təqdimatı keçirilib. Kitab 2017-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən ingilis dilində çap edilib. Ensiklopediyanın təqdimat mərasimi muzeyin Toxuma Məmulatlarının Qorunması Departamentinin keçirdiyi “Qış-2018” simpoziumu çərçivəsində təşkil edilib.

1120 səhifədən ibarət olan böyük həcmə malik “Azərbaycan xalçası ensiklopediyası”na 990 illüstrasiya və 450-dən çox termin daxildir. Nəşrdə, ümumilikdə 400-dən çox xovsuz xalça, həmçinin toxuculuq alətləri barədə məlumat təqdim edilir.