UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üzrə Komitənin 16-cı iclası işə başlayıb

Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib
Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi Komitəsinin 16-cı iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üzrə Komitənin üzvü kimi iclasda təmsil olunur.

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəfdaş dövlətlərin 9-cu iclasında qurumun Silahlı münaqişələr zamanı sərvətlərin qorunması üzrə Komitəsinə üzv seçilmiş Azərbaycanı iclasda ölkəmizin təşkilat yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev təmsil edir.

Komitə iclasında katibliyin hesabatı dinləniləcək. Həmçinin 1954-cü il Haaqa Konvensiyası ilə onun iki protokolu və UNESCO-nun digər mədəniyyət konvensiyaları arasında sinerjinin gücləndirilməsi, “Sülh naminə irs” tematik Proqramının həyata keçirilməsi müzakirə olunacaq. 1999-cu il tarixli İkinci Protokolun tətbiqinə dair təlimatlara düzəlişlər müzakirə olunaraq qəbul ediləcək.

İclasın gündəliyinə 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun (1954 və 1999) həyata keçirilməsi üçün resursların səfərbər edilməsi, Əfqanıstan, Barbados, Burkina-Faso və Meksikaya verilmiş beynəlxalq yardımların icrası haqqında hesabatın, 1954-cü il Haaqa Konvensiyasının və onun iki protokolunun (1954-cü və 1999-cu illər) həyata keçirilməsinə dair milli hesabatların dinlənilməsi, 1999-cu il İkinci Protokolunun icrasının izlənməsi və nəzarət mexanizmlərinin müzakirəsi kimi məsələlər də daxildir.

Qeyd edək ki, 1954-cü il Haaqa Konvensiyasının silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1999-cu il İkinci Protokolun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması Komitəsi on iki iştirakçı dövlətdən ibarətdir. Bu dövlətlər ildə bir dəfə toplanır.

Xatırladaq ki, ölkəmiz cari il noyabrın 17-də 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına, noyabrın 30-da isə qurumun Silahlı münaqişələr zamanı mədəni sərvətlərinin qorunması üzrə Komitəsinə 4 il müddətinə üzv seçilib.

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi Komitəsinin 16-cı iclası dekabrın 3-dək davam edəcək.

AZƏRTAC