
Qərbi Azərbaycandan olan çoxlu sayda ziyalılarımız var ki, onlar haqqında bilgilər, məlumatlar olduqca azdır. Bu həmin bölgədən olan insanlarımızın acı taleyinin həm də bir gösdəricisidir. Ermənilərin törətdiyi cinayətlər nəticəsində doğma elindən, obasından didərgin düşən insanlarımızla yanaşı, eləcə də Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına böyük zərbə dəyirdi.
Boşalan yalnız yurdlarımız deyildi…
Sovet rejimi dövründə isə problemlər daha da kəskinləşirdi. Çar Rusiyasının ermənipərəst siyasətini yürüdən bolşeviklər (sonradan kommunistlər) eyni yanaşma və davranışı təkrarlayırdı. Yenə Qərbi Azərbaycan bölgəsi yerli azərbaycanlı əhalidən təmizlənir, hansı ölkələrdənsə gətirilən ermənilər həmin yerlərin ‘’sakinlərinə’’ çevrilirdilər.
Qərbi Azərbaycan bölgəsindən olan insanlarımız yalnız Azərbaycanda sığınacaq tapmırdı, onlar məcburiyyətdən Türkiyəyə, İrana, Rusiyaya, Avropa ölkərlərinə yaşamağa gedirdi. Bu insanlar isə yalnız unudulur, yaddan çıxırdı. Bütün çətinliklərə baxmayaraq onlar yaşadıqları ölkədə ‘’Azərbaycan’’ adını təbliğ edir,doğma yurd yerlərini unutmurdular. Onların fəaliyyətini araşdırarkən müxtəlif sahələrdəki çalışmaları ilə tanış olmaq mümkündür. Onlar həm məmur kimi dövlət idarələrində çalışır, həm kitablar yazır, qəzet, jurnallar çıxarır, siyasi fəaliyyətlə məşğul olur, tarixi ‘’Azərbaycan davası’’nın fəallarına çevrilirdi.
Həmin insanlardan olan Əkbər ağa Şeyxülislamov 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış siyasi xadimlərindəndir. O, 1919-cu ilin yanvarında Fransaya – Versal Sülh Konfransına göndərilən Azərbaycan Nümayəndə Heyətinin tərkibində olub. Azərbaycanın dünya dövlətlərinə tanıdılmasına Ə.M.Topçubaşov, C.Hacıbəyli və digərləri ilə yanaşı Ə.Şeyxülislamovun da əvəzsiz xidmətləri vardır. Lakin sonradan ağır mühacirət həyatı yaşayan Ə.Şeyxülislamovun çalışmaları ilə bağlı Azərbaycanın elmi, siyasi mühitində məlumatlar çox azdır.
Məhəmməd Sadıq Aran 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlament üzvü olsa da, əsas fəaliyyəti mühacirət illəri ilə bağlıdır.
M.S.Aran bu illərdə çox dəyərli kitablar yazır (‘’İran Türkləri’’,’ “Türkün Altun kitabı’’ və s.),’’Azəri Türk’’, “Türk yolu” ,‘’Yeni Turan’’, “Ərgənəkon Yolu’’ kimi qazet və jurnallar çap edir. M.S.Aranın imzasına ‘’Ulus’’, ’’Cumhuriyyət’’, ’’Şərq Yolu’’ qəzetlərində də rast gəlmək mümkündür.
M.S.Aranın vətənpərvərlik ruhunda yazılmış şeirləri də az deyildir.
Tağı Aranın Azərbaycan tarixi ilə bağlı maraqlı məqalələri vardır. Bu məqalələrdə tariximizin müəyyən dövrləri ilə bağlı dəyərli faktlar əldə etmək mümkündür.
Bu insanlar əsasən Türkiyədə yaşamış dəyərli ziyalılarımızdır.
Kitabda Heydər Hüseynov haqqında da ictimaiyyətə faydalı məlumatlar təqdim etməyə çalışdıq. Sovet rejimi dövründə akademik H.Hüseynov fəlsəfi və elmi araşdırmalarına görə təqib edildi və 1950-ci ildə özünü asıb öldürmək məcburiyyətində qaldı. Bu hadisədən sonra H.Hüseynovun nəinki adını çəkmək qadağan edildi, eyni zamanda onun araşdırmaları bir müddət nəşr edilmədi, yayılmadı. Kitabı nəşrə hazırlayarkən müəllifin dil, üslub qaydalarına çox da toxunmadıq. Bu yanaşmanın onların yazılarının daha təbii olaraq oxuculara çatdırılmasında önəmli rol oynuyacağını düşündük.
Mətndə bəzi Türkiyə türkcəsində olan sözləri isə Azərbaycan türkcəsində yazdıq.
Məsələn: bən-mən, övürdü-öyürdü, gediyordu-gedirdi, diyor-deyir, üzərə-üzrə, qəzetə-qəzet, şimdi-indi, kayıdsız-qeydsiz və s.
Çətin anlaşılan sözlərin isə mətn daxilində sözün qarşısında mötərizədə kursivlə çevirməsinin verdik.
Yazılarda çox az sayda olan müəyyən yanlışlıqları isə düzəldərək sonda “red’’, yən “redaktordan’’ olaraq təqdim etdik.
Qərbi Azərbaycan bölgəsindən olan bu ziyalıların, əsasən, yaradıcı fəaliyyətlərini əks etdirən kitabın (bu,həm də ilk təqdimatdır) oxucu auditoriyasında maraqla qarşılacağına inandıq.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor