Vətən müharibəsində şəhid olan təcili yardım sürücüsünün xatirə lövhəsinin açılışı olub

Milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib
Parlament payız sessiyasının ilk iclasında Azərbaycan xalqının Vətən müharibəsinin ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

Xətai rayonunda, Seyid Əzim Şirvani küçəsində Vətən müharibəsi şəhidi Fəxrəddin Yaqub oğlu Yaqubovun anım mərasimi və xatirə lövhəsinin açılışı olub.

“Report” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, 7 saylı Şəhər Poliklinikasının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış tədbirində Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin iş yoldaşları bildiriblər ki, F.Yaqubov həddindən çox yaxşı insan və yaxşı sürücü idi: “Özü də Qubadlı rayonundan idi. Vətən müharibəsi zamanı iki aydır yaralı daşıyırdı. Adətən, işçilər 10 günlük ezam olunurlar və qayıdırlar. Çox vətənpərvər insan idi, hamıya kömək etmək istəyirdi. Bütün kollektivimiz onun ölümündən çox sarsılıb”.

Qeyd edək ki, F.Yaqubov 1962-ci il sentyabrın 7-də Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Təcili Tibbi Yardım Stansiyasında 15 ildən çoxdur sürücü işləyirdi. Vətən müharibəsi zamanı hərbçilərə yardım apararkən noyabrın 22-də itkin düşüb. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu. Ancaq sonradan şəhid olduğu müəyyənləşib. F.Yaqubovun meyiti Azərbaycana təhvil verilib.

Report