Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib
QHT dövlət qurumları ilə keçmiş məhkumların reabilitasiyası sahəsində əməkdaşlığı möhkəmləndirir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillər təqdim olunma mərasimində iştirak ediblər

Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkəmizin inkişafına öz töhfələrini verirlər.

AZƏRTAC xəbər verir ki, bu sözlər Şamaxıda keçirilmiş QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransında səsləndirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları davam edir. Bu dəfə Şamaxıda keçirilən zona konfransında Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin məsul əməkdaşları, Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Qobustan, Kürdəmir və Ucar rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək, tədbirin proqramı haqqında məlumat verib. A.Əliyeva bildirib ki, keçirilən zona konfransları QHT-lər ilə ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacaq və onlar vətəndaş cəmiyyətinin inkişafına birlikdə töhfə verəcəklər. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu işə lazımi metodiki, konsultativ dəstək verməyə hər zaman hazırdır.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər.

Onun sözlərinə görə, QHT-lər problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bu gün zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığının təmin edilməsi və fəaliyyət istiqamətlərinin daha da genişlənməsidir. Həm QHT-lər, həm də ictimai şuralar vətəndaşlarla sıx əlaqədə olmalıdırlar.

Çıxış edən digər natiqlər – Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.