
İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı — 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və 10 noyabr 2020-ci ildə Azərbaycan tərəfinin qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Bu siyahı Azərbaycan tərəfinin həlak olmuş hərbi qulluqçuları barədə məlumatları əhatə edir. Məlumatların soyad, ad, ata adı, doğum tarixi bölmələləri Müdafiə Nazirliyinin rəsmi siyahısına əsasən tərtib edilsə də, qoşun növü, vəfat tarixi, vəfat yeri və SHXÇDX bölmələri açıq mənbələrə və əsasən Hərbi Komissarlığının rəsmi internet səhifəsində göstərilən məlumatlara əsasən tərtib edilmişdir.
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak oldu. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi. Əlavə olaraq 3 nəfər mülki qulluqçu idi. Həlak olanların 796 nəfəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), 1166 nəfəri isə çağırışçılar idi. Müharibə zamanı həminin 11 110 nəfər yaralandı, 7 nəfər isə itkin düşdü. Ümumi olaraq müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinə daxil olan yeddi qoşun növü itki vermişdi — Müdafiə Nazirliyinin Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu və Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti. Əlavə olaraq müharibəyə göndərilən Heydər Əliyev adına AAHM müəllim və tələbə heyətindən də 10 nəfəri həlak oldu, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər aldı. Həmçinin Bərdənin bombalanması zamanı Fövqəladə Hallar Nazirliyinin bir nəfər hərbi qulluqçusu da xidmət zamanı həlak oldu.
Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun 79 nəfər hərbi qulluqçusu müharibədə həlak oldu. Onlardan 2 nəfəri — Anar Əliyev və Nihad Babayev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən həlak olanlardan 14 nəfəri zabit, 4 nəfəri gizir, 4 nəfəri çavuş, 57 nəfəri isə əsgərlərdən ibarət idi. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər hərbi qulluqçu müharibə zamanı həlak oldu. Onların 6 nəfəri zabit, 8 nəfəri gizir, 42 nəfəri çavuş, 10 nəfəri isə əsgər idi. “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan mayor Şixamir Qaflanov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü, Şamil Babayev “Zəfər” ordeni, Tural Abdullayev isə “Qarabağ” ordeni ilə təltif edildi.
Dövlət Sərhəd Xidmətinin sıralarından 47 nəfər hərbi qulluqçu müharibədə həlak oldu. Onlardan 9 nəfəri zabit, 32 nəfəri gizir, 6 nəfəri isə əsgər idi. Dövlət Sərhəd Xidməti şəxsi heyətindən dörd nəfər – baş gizir Şahin Allahyarov, baş gizir Azər Yusifli, gizir Amin Novruzov və gizir Nail İbrahimli ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Gizir Mirağa Qasımov və gizir Orxan Quluzadə isə “Qarabağ” ordeni ilə təltif edildi.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Xüsusi Təyinatlı Dəstəsinin şəxsi heyətindən 9 nəfər hərbi qulluqçu mübahirəbə həlak oldu. Onlardan 1-i zabit, 8-i isə miçman idi. Miçman Fəqan Zalov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü, digər 8 nəfərin hər biri isə “Qarabağ” ordeni ilə təltif olundu. Azərbaycan Hərbi Hava Qüvvələrinın şəxsi heyətindən isə bir nəfəri — pilot Ramiz Qasımov həlak oldu və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Heydər Əliyev adına AAHM-dən həlak olan 10 nəfər müəllim və tələbə heyətindən isə zabit məüllim Zaur Nudirəliyev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.
https://mod.gov.az//images/pdf/dd9f576e1878889b988abcc106ccaf51.pdf
Vikipedia