Vatikanın internet portallarında Azərbaycan səfirinin məqalələri dərc olunub

Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
Mədəniyyət naziri Gəncədəki Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə maraqlanıb
Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevin Tovuz istiqamətində Ermənistanın törətdiyi hərbi təxribatla bağlı verdiyi məlumat əsasında Vatikanın Acistampa.com və “Giornalediplomatico” portallarında məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə cari ilin iyul ayında Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi təxribata əl atmasından və artilleriyadan istifadə edərək, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əlverişli mövqelərimizi ələ keçirməyə cəhd göstərməsindən danışılıb. Bildirilib ki, Azərbaycanın bölgədəki tərəfdaşlarını və Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edən, Tovuzdan bir neçə kilometr aralıda yerləşən neft və qaz infrastrukturu Bakı-Supsa (833 km.), Bakı-Tbilisi-Ceyhan (1768 km.) neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri (692 km.) açıq şəkildə hədəf alınıb.

Səfir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin hücumu qarşısında Azərbaycan ordusu adekvat tədbirlər görməyə və ölkəmizin ərazi bütövlüyünə qarşı bu yeni təcavüzə cavab verməyə məcbur olub.

Məqalədə göstərilib ki, Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alması çox narahatlıq doğurur. Tovuz istiqamətindəki döyüşlərdə hərbçilərlə yanaşı, mülki şəxs də həlak olub və mülki infrastruktura ziyan dəyib.

Azərbaycanın aktiv maliyyə dəstəyi ilə inşa edilmiş alternativ qaz kəməri açılış ərəfəsindədir və tədarüklərə başlanılıb. Bu kəmər Avropa bazarlarına qaz nəqlinin mənbələrini və marşrutlarını şaxələndirməklə Aİ-nin uzunmüddətli enerji təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.

“Buna görə də Azərbaycanın bölgədəki münaqişənin kəskinləşməsində maraqlı olmadığını başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Ancaq Ermənistan təxribatları ilə Azərbaycanı etibarlı qaz tədarükçüsü kimi gözdən salmağa və mümkün qədər Azərbaycan iqtisadiyyatına xələl gətirməyə çalışır”, – deyə səfir bildirib.

Qeyd edib ki, bu təxribatlar Ermənistan rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin həllində maraqlı olmadığını bir daha sübut edir. Ermənistan Azərbaycanla səmimi danışıqlar aparmaq əvəzinə, beynəlxalq birliyin laqeydliyindən, Minsk qrupu həmsədrlərinin passivliyindən və qətiyyətsizliyindən istifadə edir. İşğalın nəticələrini möhkəmləndirmək və etnik təmizləməni davam etdirmək, həmçinin danışıqlar prosesini ləngitmək və bu münaqişənin istənilən həllindən yayınmağa çalışır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan