Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib

Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər
Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, pedaqoq, Xalq artisti Möhlət Müslümovun 70 illik yubiley tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Əkrəm Məmmədli çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Bildirilib ki, Möhlət Müslümov ölkəmizdə tar ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da musiqi mədəniyyətimizi layiqincə təmsil edib. Sənətkarın bir sıra ölkələrdə 20-dən çox musiqi albomu işıq üzü görüb.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə deyib ki, tarın ən gözəl ifaçıları sırasında yer tutan Möhlət Müslümov sənəti, ifaçılıq üslubu ilə xalqın sevgisini qazanıb. 30 ildən artıq rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə musiqi sənətinin inkişafına əvəzsiz töhfələr bəxş edib. Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının professoru kimi illərdir topladığı təcrübəni tələbələri ilə bölüşərək yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.

Çıxışlardan sonra tədbir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiətində geniş konsert proqramı ilə davam edib.

AZƏRTAC