XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”

Tanınmış amerikalı radioaparıcı dinləyicilərə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verəcək
Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib
Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr palatasının və Senatın sədrləri ilə görüşüb

“Beynəlxalq ictimaiyyətin lazımi praktik reaksiyasının olmaması Ermənistan tərəfində qələbə eyforiyası və hər şeyin mümkünlüyü ilə bağlı yalançı illüziya yaradıb”.

Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 27 sentyabr hadisələrinə səbəb olan amillər arasında beynəlxalq ictimaiyyətin kifayət qədər fəal olmayan mövqeyini də qeyd etmək lazımdır: “Azərbaycan ərazilərini hərbi işğal altında saxlamağa davam edən Ermənistan Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüququ kobud şəkildə pozub. Hətta BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi də Ermənistanın təcavüzünü dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün yetərli olmayıb”.

Nazir bir sıra beynəlxalq böhran və münaqişələrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin çox operativ və tam şəkildə yerinə yetirildiyini xatırladıb. “Ermənistanın təcavüzü məsələsində isə onlar, təəssüf ki, kağız üzərində qaldılar. Ermənistan BMT qətnamələrini yerinə yetirməkdən imtina etdi və dünyada heç kim təcavüzkar dövləti hesabat verməyə çağırmadı. Bu, ikili standartların tətbiq edilməsinin haqsız təcrübəsidir”, – C.Bayramov söyləyib.

“Paşinyan administrasiyası iki ildən çoxdur 27 sentyabr hadisələrinə doğru irəliləyirdi. Onları hər mərhələdə, növbəti təxribat xarakterli bəyanat və ya hərəkətdən sonra dayandırmaq olardı və bu, lazım idi. Bunun üçün bütün siyasi, diplomatik imkanlar var idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Ermənistan və Azərbaycana ünvanlanan, barışığa çağıran və tərəflər arasında tarazlığın qorunmasına yönəlmiş bitərəf bəyanatlar eşitdik. Bu yanaşma heç nəyə yaramadığını sübut etdi. Təcavüzkar ilə təcavüz qurbanını, işğalçı ilə işğal qurbanını müstəviyə qoymaq ədalətsizlik və səhvdir”, – XİN başçısı bildirib.

Report