XİN: Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin qurumun qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib

Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnaməsi ilə əlaqədar KİV-lərin sualını cavablandırıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnaməsi qəbul edilib. Qeyd olunub ki, hər il ənənəvi hazırlanan hesabatla əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Sözügedən qətnamədə Ermənistan ilə Azərbaycan arasında baş vermiş döyüşlər kontekstində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin 2020-ci il sentyabrın 27-də Ermənistan ilə Azərbaycan arasında Qarabağ bölgəsində baş verən döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi qeyd olunur. Qətnamənin 11-ci bəndində isə bu fikirlər yer alıb: “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir, bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını, günahkarların mühakimə olunmasını gözləyir”.

Qeyd olunub ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda, vurğulanıb ki, yanvarın 25-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarımsessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan ilə Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, Avropa Şurasının səlahiyyətləri çərçivəsində hər iki ölkəyə postkonflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib.

AZƏRTAC