Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edən CNN-in aparıcısı Antoni Bourdayna Xocalı soyqırımı zamanı bu şəhərin sağ qalmış qadınları və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi tərəfindən məktub ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Sizə XX əsrin ən dəhşətli müharibə cinayətlərindən olan Azərbaycanın Xocalı şəhərinin məhvi nəticəsində sağ qalmış analar, bacılar və qızlar adından yazırıq.
Müharibə cinayətləri, etnik təmizləmə, fərq qoyulmadan mülki vətəndaşlara qarşı zorakılıq Ermənistanın Azərbaycan Respublikasına davam edən təcavüzünün tərkib hissəsidir.
1991-1994-cü illərdə müharibənin fəal dövrü zamanı Azərbaycanın Xocalı şəhərinə Ermənistan silahlı qüvvələrinin hücumu xüsusilə amansız və faciəli idi. Münaqişədən əvvəl biz – qırğının qurbanları və digər 7 min sakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc şəraitdə yaşamışıq. 1991-ci ilin oktyabrından etibarən şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-də erkən saatlardan Xocalının kütləvi artilleriya atəşinə tutulmasından sonra müxtəlif istiqamətlərdən hücum başlandı. Nəticədə Ermənistan silahlı qüvvələri hazırda da bölgədə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb və mülki əhalini tamamilə məhv etdilər. Ermənistan silahlı qüvvələri xüsusi qəddarlıqla – diri-diri yandıraraq, baş dərisini soyaraq, boynu vuraraq, hamilə qadınların isə qarın boşluğunu süngü ilə yararaq vəhşiliklər törətdilər. Hətta uşaqlar belə istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər dinc sakin qətlə yetirildi. Digər 1000 sakin yaralandı, 1275 nəfər girov götürüldü, 150 insanın taleyi isə bu günədək naməlum qalıb. Azərbaycanın Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi onların irqi ayrı-seçkilik əsasında kütləvi şəkildə qırğınına yönəldilmiş soyqırımıdır”.
Məktubda qeyd edilir ki, Ermənistanın o vaxtkı müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Val ilə müsahibəsində Xocalıda törətdikləri soyqırımını etiraf edərək deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, … ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”. (Tomas de Val, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında ( Nyu-York və London, Nyu-York Universiteti mətbu orqanı, 2003) səh.172)
“Həqiqətən, Xocalı Azərbaycan torpaqlarının növbəti işğalı və etnik cəhətdən təmizlənməsi üçün ilkin mərhələ idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulmuş, torpaqlarının 20 faizi hazırda da işğal altındadır. Beynəlxalq humanitar hüququ pozmaqla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan bir milyon mülki azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Nəticədə dünya miqyasında adambaşına düşən məcburi köçkün sayına görə Azərbaycan ön sıralardadır”, – deyə məktubda bildirilir.
Antoni Bourdaynın peşəkarlığına və beynəlxalq mətbəx haqqında hazırladığı proqramlara hörmətlə yanaşdıqlarını bildirən Xocalı qadınları sülh şəraitində belə bir mətbəx mübadilələrinin xalqları bir araya gətirdiyini qeyd ediblər. Lakin davamlı müharibə və amansızlıq şəraitində belə bir mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirən bizim kimi insanlar tərəfindən etnik təmizləmə və güc yolu ilə torpaq əldə etmə siyasətinin dəstəklənməsi kimi başa düşülür. “Xahiş edirik başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə ziyarət etməkdən məhrum olunmuşuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq, viran qoyulmuş və əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şiləplovu uşaqlarımız üçün yenidən bişirmək həsrəti ilə yaşayırıq.
Əlbəttə ki, sizin hərbi helikopterlə Azərbaycanın işğal olunmuş Xocalı şəhərinə və ona yaxın ərazilərə səfəriniz, orada mətbəx şousu ilə bağlı apardığınız hazırlıqlar bizi ciddi olaraq məyus etdi, yaralarımıza duz səpdi. Biz çox inanmaq istərdik ki, sizi məsələyə dair reallıqlar barədə yanlış məlumatlandırıblar və sizin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriniz bilərəkdən həyata keçirilməyib. Bundan başqa, sizin faşist düşərgəsi yaxınlığında yeməkdən və ya hərbçilər tərəfindən kütləvi qətliam törədilmiş Srebrenitsa şəhərində nahardan zövq aldığınızı təsəvvür etmək çox çətindir.
Azərbaycan torpaqlarının, eyni zamanda, bizim doğma yurdumuz Xocalının Ermənistan tərəfindən qanunsuz, zorakı və uzun müddət ərzində işğalı Ermənistanın öz xalqına, ölkə iqtisadiyyatına və gələcəyinə ziyan vurdu. Ona görə ki, bizim əsrlərlə sülh şəraitində yaşadığımız və birlikdə sülhsevər region qurmağı arzu etdiyimiz erməni qonşularımız başa düşməlidirlər ki, başqasının faciəsi üzərində xoşbəxtlik qurmaq olmaz.
İşğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir. Əvəzində biz iki xalqa sülh əldə etmək üçün yardım etməli və beynəlxalq sülhyaratma cəhdlərini təşviq etməliyik.
Biz vəziyyətin həssaslığını və yaşadığımız əzabları nəzərə almağa çağırırıq. Həmçinin biz Azərbaycanın işğal olunmuş və etnik təmizləməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə çağırırıq. Anlayış və əməkdaşlıq göstərəcəyinizə inanırıq”, – deyə məktubda vurğulanır.