“Xocalı…Sərsəng…davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib

Ombudsman Paşinyanın mina xəritəsi ilə bağlı çıxışına görə beynəlxalq təşkilatlara müraciət edib
Zəngilan rayonunun işğalından 24 il ötür
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) fevralın 24-də “Xocalı…Sərsəng… davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov qeyd edib ki, Ermənistan dövlətinin silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində misli görünməmiş faciə törətdi. Həmin gecə cəmi bir neçə saat ərzində törədilmiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

Bildirilib ki, AVCİYA-nın 12 illik fəaliyyətinin ana xəttini məkrli qonşularımızın bu kimi cinayətlərini ifşa etmək təşkil edir. Qurumun bu istiqamətdə ən böyük layihələrindən biri kimi “Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsini qeyd etmək olar. Bu layihə çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzası toplanılıb, 16 cildlik kitab nəşr etdirilib. Kitaba təkcə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı və bu faciə ilə bağlı tarixi-hüquqi sənədlər deyil, həmçinin Dağlıq Qarabağ probleminin tarixi kökləri, erməni millətçilərinin ötən əsrin əvvəllərində bir sıra bölgələrimizdə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, erməni terror təşkilatları, onların respublikamızda, eləcə də xarici ölkələrdə həyata keçirdikləri terror aktları haqqında materiallar daxil edilib. Kitab bir çox aparıcı ölkələrin milli kitabxanalarına, əksər dünya dövlətləri parlamentlərinin kitabxanalarına, dövlət arxiv idarələrinə və Haaqa Məhkəməsinə göndərilib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı ermənilərin terror və cinayətlərinin tarixindən söz açıb, Azərbaycan xalqına qarşı erməni kilsəsinin və siyasi partiyalarının soyqırımı aktlarının 1905-ci ildən başlandığını, daha sonra isə Ermənistan dövlətinin silahlı qüvvələrinin sistemli və davamlı şəkildə soyqırımı siyasətini davamı etdirdiyini vurğulayıb.

Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev soyqırımı və terror siyasətinin Ermənistanın milli ideologiyasının ana xəttini təşkil etdiyini vurğulayıb. O, Azərbaycan xalqına qarşı lap qədim zamanlardan törədilmiş soyqırımlarının və terror aktlarının bəşəri cinayət olduğunu söyləyib. Bu ədalətsizliyə dünya birliyinin laqeyd yanaşmasının ikili standartların bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

“İnsan Hüquqları XXI əsr Fondu”nun prezidenti Şahin Camalov işğal olunmuş ərazilərimizdə Ermənistan dövlətinin törətdiyi cinayətlərin beynəlxalq hüquqi təsnifatından danışıb. Qeyd edib ki, dinc əhaliyə qarşı törədilmiş hər hansı bir cinayət faktı beynəlxalq humanitar hüququn, eləcə də silahlı münaqişələrin həlli qaydalarında ciddi qanun pozuntusu kimi qiymətləndirilir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov “dəyirmi masa”da “Ermənistan dövlətinin işğalçı və soyqırımı siyasətinin beynəlxalq təşkilatlarda tanıdılmasının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, Sərsəng su anbarının Ermənistanın işğalı altında olmasının özü elə Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır. Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı qəbul edilən qətnamə Ermənistanın işğalçı olmasını bir daha təsdiqlədi.

“Sərsəng–Sos” layihəsinin əlaqələndiricisi Samir İsayev bildirib ki, Sərsəng su anbarı Ermənistanın işğalı altındakı ərazilərimizdə olan strateji obyektlərdən biridir. İşğalçı tərəf Sərsəng su anbarından suyu qışda çox buraxıb, yayda tamamilə kəsməklə cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurur, əkin sahələrinin suvarılmasında problemlər, bölgədə ciddi ekoloji, bioloji, iqtisadi gərginlik yaradır. Digər tərəfdən, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bütün bu faktlar Sərsəng təcavüzünün Ermənistanın Azərbaycan xalqına qarşı davamlı soyqırımı siyasətinin tərkib hissəsi olduğunu, Ermənistanın Sərsəng su anbarını Azərbaycana qarşı dəhşətli silah kimi istifadə etdiyini sübuta yetirir.

Mövzu ətrafında çıxışlar başa çatandan sonra AVCİYA adından xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan ərazilərdə davam edən cinayətlərlə bağlı müraciət qəbul olunub.

Tədbir iştirakçılarına Xocalıya həsr edilmiş kitablar və broşürlər paylanılıb.