Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirilib
Mikayıl Cabbarov: “Araz Vadisi İqtisadi Zonasının 70 hektarı minalardan təmizlənib”
Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərindən gətirilmiş abidəsi Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransa və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib. Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin belə bir tarixi gündə yenidən ucaldılmasının rəmzi əhəmiyyəti olduğunu bildirib.

Qeyd edib ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub. Eyni zamanda, İsmayıllı şəhəri tərəfindən Xurşidbanu Natəvanın heykəli Evyan-lö-Bən şəhərinə hədiyyə edilib. Abidə “Azərbaycan parkı”nda ucaldılıb. Ancaq 2023-cü ilin dekabr ayının 18-də radikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədib. Evyan-lö-Bən şəhəri meriyasının qərəzli mövqeyi bir neçə ay davam edib, abidənin bərpası və təmizlənməsi istiqamətində heç bir addım atılmayıb. Həmçinin, meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlanmayacağına zəmanət vermədiyi üçün Azərbaycan tərəfi həmin abidəni geri götürüb. Qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev “Sevgili canan” romansını ifa edib.

Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İsmayıllı rayon icra hakimiyyəti Evian-lö-Bənlə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.