Yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib

Ürəkləri fəth edən səs
Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Buraya Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqları və bölgələrdən gələn insanlar da gəlmişdilər.

Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.

1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı.

20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib, onlara Prezident təqaüdü təyin olunub.

AZƏRTAC-ın müxbirləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən anım mərasimlərinin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Anar Ağayev (Aprel döyüşlərinin iştirakçısı): Şəhidlər xiyabanını tez-tez ziyarət edirəm. Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Çünki onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Qanlı Yanvar hadisələrindən atam həmişə ürəkağrısı ilə danışardı. Həmin gecə atam öz dayısı ilə birlikdə yaşadıqları evin həyətində atəşə tutulub. İmperiya ordusu əsgərinin gülləsi dayısının həyatına son qoymuş, atam isə təsadüfən sağ qalmışdı. Mən şanlı Aprel döyüşlərində iştirak etmişəm və bundan qürur duyuram. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Ermənistan və onun havadarları başa düşdülər ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. İnanırıq ki, torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək. Şəxsən mən Vətən yolunda döyüşməyə həmişə hazıram.

Məşuqə Məmmədova (Füzuli rayon sakini): Qanlı Yanvar faciəsi törədilən zaman Azərbaycan informasiya blokadasına alınmışdı. Radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə baş verdiyindən biz də xəbərsiz idik. Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayəti ilk dəfə dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət və siyasi iradə nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. Bu cinayəti törədənləri ittiham etdi. Qəhrəman Vətən övladları öz həyatları bahasına 20 Yanvarı şərəf və ləyaqət tarixinə çevirdilər. Onlar hər bir azərbaycanlının ürəyində özlərinə əbədi abidə ucaltdılar. Bu gün Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımızın dərin ehtiramının ifadəsidir.

Rəhim Allahverdiyev (Əməkdar məşqçi): 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlasaq da, bu tarixi, eyni zamanda, Azərbaycan xalqının şanlı günü kimi qeyd edirik. Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmadı, azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!” – dedilər. Belə övladları olan xalq məğlubedilməzdir. Bu gün Şəhidlər xiyabanına axışan 10 minlərlə insan onların xatirəsinə dərin ehtiramını bildirir. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu bilməlidir. Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq.

Şövqü Bünyadzadə (20 Yanvar Fondunun sədri): Ulu öndər Heydər Əliyev bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar şəhidi” fəxri adını da təsis edib. Ümummilli Lider bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət hakimiyyətdə olduğu dövrdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində bir çox fərman və sərəncamlar imzalayıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının son dövrlərdə imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani nümunəsidir. Bütün bunlara görə şəhid ailələri adından Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Nübar Novruzova (Xalq artisti): Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq. 20 Yanvar faciəsi baş verəndə mən tələbə idim və o günləri yaxşı xatırlayıram. Yanvarın 20-də eşitdim ki, tanklar bacımın yaşadığı evi gülləyə tutub və onlardan xəbər tutmaq üçün küçəyə çıxdım. “Xəzər” kinoteatrının yaxınlığında tanklar dayanmışdı, yerdə şəhidlərimizin cəsədləri var idi. Hələ də inana bilmirəm ki, o canilər məni sağ buraxdı. O illər çox ağlayıb-sızlayırdım, xalqımızın düçar olduğu faciə məni sarsıtmışdı. Lakin indi bu günləri görüb deyirəm: biz çox xoşbəxt xalqıq ki, belə qəhrəman övladlarımız var.

Firəngiz Mustafazadə (Azərbaycan Dillər Universitetinin tələbəsi): Bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür. 29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdik. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir. Təqdirəlayiq haldır ki, buraya gələnlər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda yetişirlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı ərazilərimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik.

Zaur Mirzəzadə (Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri): Qanlı Yanvar xalqımızın azadlıq mübarizəsi salnaməsinin ən parlaq səhifəsidir. Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. Vaxtilə güvənib etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetirdi. Qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pislədi, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan etdi. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların axıtdıqları qan hədər getməyib. Azad Vətənimiz inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla addımlayır.

Erkan Özoral (Türkiyənin Azərbaycandakı səfiri): 20 Yanvar Azərbaycanın müstəqillik yolunda mühüm dönüş nöqtəsidir, onun tarixinə yazılan çox önəmli bir gündür. 29 il bundan əvvəl xalqın övladları Vətənin azadlığı naminə şəhid olublar. Bu günü həm Azərbaycan xalqı, həm də bütün türk dünyası milli qürur günü kimi qeyd etməlidir. 20 Yanvar günü biz qardaşlarımızı itirdik, onlar vətənləri uğrunda canlarını fəda etdilər. Eyni zamanda, Azərbaycanın müstəqilliyinə yol açdılar. Biz də həmin gün şəhid olanları ehtiramla anırıq.

Hüseyn Başağa (Türkiyə vətəndaşı): 20 Yanvar bütün türk dünyasının tarixində qanlı və şanlı bir səhifədir. 1990-cı ildə Azərbaycanın haqq səsini boğmaq üçün xalqa divan tutuldu. Hər birimiz bu günün ağrısını ürəyimizdə hiss edirik. Artıq beş ildir yanvarın 20-də Şəhidlər xiyabanına gəlirəm. 20 Yanvar hadisələri heç zaman unudulmamalıdır. Bu tarixi gənclərimizə, övladlarımıza çatdırmalı, şüurlara həkk etdirməliyik.

Bilal Yəhyayev (Xaçmaz sakini, şəhid qardaşı): Qardaşım Əfqan Yəhyayev 1992-ci ildə Xocavənd rayonunun Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bizim üçün bütün şəhidlərin xatirəsi əzizdir. 20 Yanvar hadisələri xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindəndir. Həmin gecə insanlar sovet tanklarının qarşısına silahsız, əliyalın çıxmışdı. Biz şəhidlərimizlə fəxr edirik. Bu gün onların sayəsində müstəqil, qüdrətli Azərbaycanda yaşayırıq. Bu xiyabanda mənim qardaşımla yanaşı, yüzlərlə xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. Onların hamısı mənim üçün doğmadır. Biz gənclər şəhidlərimizin haqq yolunu davam etdirməyə hazır olmalıyıq. Düşməndən qisas almalı, işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından azad etməliyik.

X X X

Bakıdakı Şəhidlər xiyabanında, bölgələrdəki xatirə kompleksləri önündə yaşanan izdihamı seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Yanvarın 20-də bütün yollar Şəhidlər xiyabanında birləşirdi. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar vardı. Onlar şəhid məzarları önündə həm kədər, həm də qürur hissləri keçirirdilər. Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirirdi.