“YAŞAT” Fondunun “Zəfər Yarmarkası” davam edir

Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı olub
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) də dəstək verdiyi “YAŞAT” Fondunun “Zəfər Yarmarkası” davam edir.

ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik açıq məkandakı reklam qurğularında yarmarka ilə bağlı posterlərin yayımını təmin etməklə yanaşı tərtibat işlərini də həyata keçirib. Ərazidəki bayraqlar və satış köşklərinin xüsusi dizaynla üzlənməsi ADRA əməkdaşlarının əməyi nəticəsində ərsəyə gəlib. Oktyabrın 29-da açılışı olan, Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazandığımız böyük Qələbəyə həsr edilən yarmarkada zəfər simvollu suvenirlərin və kitabların, müxtəlif şirkətlər tərəfindən qida məhsullarının satışı, konsert proqramı, hərbi texnika, geyim, silahların nümayişi və vətənpərvərlik mövzusunda yarışlar keçirilir. “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Yarmarka “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), “ABAD” Publik Hüquqi Şəxs, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “Azərişıq” ASC, 156 – Evakuasiya Xidməti, “NIGROUP” MMC, Bakı Strafor Kəsim Mərkəzi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə təşkil olunub.

AZƏRTAC