Ölkəmizdə yeni sosial xidmət müəssisələrinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılması ölkəmizdə müvafiq qruplardan olan şəxslərə Prezident qayğısının əyani təzahürü olmaqla, sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndiyini göstərir.
Prezident İlham Əliyevin iştirakı ilə Bakının Zabrat qəsəbəsində açılışı olan sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksindəki sosial xidmət müəssisələrində yüksək səviyyəli xidmətin göstərilməsi üçün bütün şərait yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb.
Məlum olduğu kimi, son illərdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda, onların sosial reabilitasiyayönümlü xidmətlərə cəlb olunmasına təminat yaradıb.
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın Nizamnaməsinə əsasən, daxili işlər və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbulu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Müraciətə əsasən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla və həmin Qanunun 11-ci maddəsi ilə müəyyən olunmuş meyarlar əsasında Fond tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina barədə qərar qəbul edilir.
Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilir, ilkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatanlar müəssisədən çıxarılır və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Həmin şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin öz ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilən daxili nizam-intizam qaydalarını pozanda müəssis rəhbərinin əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.
Saxlanma müddəti çatanın əlilliyi varsa və ya pensiya yaşına çatıbsa, öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna kömək göstərilməsi məqsədilə müəssisə onların şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə göndərəcək.
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olanlar istisna olunmaqla) qəbul edilirlər. Uşaqların müəssisəyə qəbuluna şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti əsasında baxılır.
Müraciət daxil olandan sonrakı 3 gün ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi, qohumları haqqında məlumatların təmin edilməsi üçün müvafiq orqanlara sorğular göndərilir, habelə sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssisələrinə müraciət edilir.
Müvafiq sənədlərə baxıldıqdan sonra uşağın müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina barədə qərar qəbul olunur. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da, onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq həmin müddət 180 günədək uzadıla bilər.
Həmin müddət bitəndən sonra uşağın sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, daimi yaşayış yeri ilə təmin olunması üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün müvafiq işlər görülüb.