Yeni sosial xidmət müəssisələri yaradılacaq

Bakının birləşdiriləcək bələdiyyələri məlum olub
Prezident İlham Əliyev Xocalıda soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü
Azərbaycan əhalisinin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ötənilki fəaliyyətinə və qarsıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının ötən il 5 dəfə genişləndiyini, 2021-ci ildə həmin kateqoriyalara aid şəxslərə 3 min, ümumilikdə ötən dövrdə isə 12,3 min mənzil və fərdi evin verildiyini bildirib. Nazir qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunduqlarını, sosial xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin, bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmətlər sistemində müasir texnologiyaların geniş tətbiqinin müvafiq sahədə fəaliyyətdə əsas prioritetlər olduğunu bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda 2021-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlər göstərildiyi qeyd edilib. Həmin müəssisələrdən biri olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən ilin iyul ayında Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi açılıb və həmin şöbədə 41 nəfər sosial xidmət və reabilitasiya dəstəyi ilə əhatə olunub.

Agentliyin dəstəyi ilə yaradılmış günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinə əsasən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 7 minədək uşaq cəlb edilərək onlara, habelə ailələrinə reabilitasiya dəstəyi göstərilib. Ötən ay isə qurumun Abşeron rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidməti göstərən yeni sosial xidmət mərkəzi fəaliyyətə başlayıb və artıq 40 uşaq mərkəzdəki xidmətlərdən faydalanır.

Əlilliyi olan şəxslər üçün Peşə-əmək Reabilitasiya Mərkəzinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin regionlarda filiallarının, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələrinin və s. yaradılması da nəzərdə tutulur.

AZƏRTAC