Noyabrın 2-də “Yevronyus” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
AZƏRTAC reportajın mətnini və müsahibəni təqdim edir.
“Yevronyus”un müxbiri: Azərbaycan, Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini yekunlaşdırdılar. Onun təntənəli açılışı oktyabrın 30-da baş tutdu. 846 kilometr nəqliyyat yolları. Bu, qədim İpək Yolunun ən uzun sahəsidir. Yolun tikintisi praktiki olaraq 4 milyard dollara başa gəldi. Proqnozlara əsasən, 2034-cü ilədək bu relslərlə ildə 17 milyon tonadək yük daşınacaq.
Azərbaycan Prezidenti İlham Əliyev: Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Şübhəsiz ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var.
“Yevronyus”un müxbiri: Sərnişin qatarları ildə 3 milyonadək insanı daşıya bilər. Onlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2018-ci ildə hərəkətə başlayacaq. Perspektivdə turizmin güclü inkişafı gözlənilir. Bundan başqa, Avropa və Asiya daha yaxın olacaq və qarşılıqlı fəaliyyət üçün daha çox imkanlar yaranacaq.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili: Layihə təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar.
“Yevronyus”un müxbiri: Tarixi an – ilk yük qatarı Bakının Ələt limanını tərk edərək artıq Türkiyəyə yol alır. Bu vaqonlarda 3200 ton taxıl var. İndi digər müştərilərlə danışıqlar gedir. Bir çoxlarını sürət cəlb edir. Əgər əvvəllər Çindən Avropaya bəzi yüklər bir aydan çox müddətə çatırdısa, indi söhbət yalnız iki həftədən gedir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov: Taxıl var, Rusiya metalı var, Rusiya taxta-şalbanı var, Çin yükləri var… Biz hesabladıq, 5 milyon tona yaxın yük var. O, artıq gəlib çatır.
“Yevronyus”un müxbiri: Artıq digər ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Pakistan, Çin və Hindistan “Bakı-Tbilisi-Qars” layihəsində iştirak etmək istəklərini bildiriblər.
X X X
“Yevronyus” telekanalının müxbiri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
-Azərbaycan bu layihənin gerçəkləşməsi üçün həlledici rollardan birini oynayıb. İndi bizim müşahidə etdiklərimizin, bu dəmir yolunun işə salınmasının strateji əhəmiyyəti nədən ibarətdir?
Prezident İlham Əliyev: Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – Baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək.
-Bəs strateji vəzifələr nədən ibarətdir? Siz ondan nə gözləyirsiniz?
Prezident İlham Əliyev: Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.
-Sonuncu sual. Qlobal mənada sizin ölkələrin əməkdaşlığını gücləndirməkdən başqa, iqtisadi cəhətdən bu yol sayəsində dünyada hansı dəyişikliklər baş verə bilər?
Prezident İlham Əliyev: Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik.
-Sualım Prezident Ərdoğanadır. Bu gün bizim burada müşahidə etdiklərimizin – dəmir yolunun işə salınmasının Türkiyə üçün hansı əhəmiyyəti var?
Prezident Rəcəb Tayyib Ərdoğan: Hər şeydən əvvəl Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi. Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yəni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar.
-Bu layihədə Türkiyənin strateji və iqtisadi gözləntiləri nədən ibarətdir?
Prezident Rəcəb Tayyib Ərdoğan: Əvvəla, bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var. Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşınmaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki, yox dərəcəsindədir.
Sonra “Yevronyus”un müxbiri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşviliyə sual verib.
-Prinsipcə, artıq verdiyim eyni suallardır. Gürcüstan üçün bu strateji layihədə iştirakın əhəmiyyəti nədən ibarətdir?
Baş nazir Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars layihəsi həqiqətən strateji layihədir. Çünki o, strateji tərəfdaş olan üç ölkəni – Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın – Qazaxıstanın, Özbəkistanın Baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir. Çünki “Bir kəmər – bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir. Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bənddir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir. Sağ olun.