Zəfərlə başa çatmış Vətən müharibəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki su ehtiyatları yenidən özünə qaytarıldı

 “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb
Vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağı üçün daha bir vəzifə
XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 6 yanvar 2021-ci il tarixində 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Cənab Prezident keçən ilin yekunlarına və 2021-ci ildə görüləcək işlərin müzakirəsinə həsr edilmiş müşavirəni giriş nitqi ilə açaraq vurğuladı ki, “keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.

Prezident İlham Əliyev geniş və əhatəli, proqram xarakterli nitqində vurğuladı ki, Ermənistan  işğal etdiyi bütün torpaqlarda vandalizm aktları törədib, bizim bütün tarixi abidələrimizi, məscidlərimizi dağıdıb və ya təhqir edib, bütün yaşayış binalarımızı dağıdıb, Ağdam, Füzuli şəhərlərini, kəndlərimizi dağıdaraq yox edib, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində yalnız işğalçı hərbçilərin yerləşdiyi tək-tük bina saxlayıb, bu ərazilərdə qanunsuz məskunlaşma aparıb, şəhərlərimizin adlarını dəyişdirib, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsinə çalışıb.

Sülhməramlıların fəaliyyətinə diqqət yetirən Prezident İlham Əliyev qeyd etdi ki, indi onlar hazırda orada humanitar işlərlə məşğuldurlar, amma noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib. Lakin “biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur”. Cənab Prezident eyni zamanda vurğuladı ki, “Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır”.

Müzakirələr zamanı Qarabağ bölgəsinin su ehtiyatları ilə zəngin olması və nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacağı xüsusilə qeyd edildi. Cənab Prezident bu kontekstdə bildirdi ki, “bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var və mənfur düşmən bizi bu mənbələrdən məhrum etmişdi. Bu ərazilərdə ən böyük çayımız olan Tərtər çayının mənbəyi Kəlbəcər rayonudur. Ancaq Tərtər çayının sularından biz məhrum idik. Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmışıq. Bunun da böyük maliyyə yükü var – həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb”.

Qeyd etmək istərdim ki,Sərsəng su anbarının işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşmişdi və onlara xidmət göstərilməməsinə görə qəza təhdidləri var idi. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində işğal altında qalmış Sərsəng su anbarı Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilməkdə idi. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və bölgədə yenidən humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqda idi.

Bundan əlavə, işğalçı tərəf suyu Sərsəng su anbarından qışda buraxırdı və bunun nəticəsində torpaqlar su altında qalırdı, yollar dağılırdı, sel baş verirdi. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə əksinə suyun qarşısını kəsirdilər. Bunun nəticəsində cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurulmuşdu, əkin sahələrinin suvarılmasında problemlər yaranmışdı, yaşıllıqlar quruyaraq məhv olurdu, torpağın bioloji strukturunda dönməz proseslər başlamışdı, bölgədə ciddi ekoloji gərginlik yaranmaqda idi, biomüxtəliflik ciddi təhlükə ilə üzləşmişdi.

Odur ki, mən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olarkən, cənab Prezident İlham Əliyevin göstərişi əsasında “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsi təqdim etdim. Biz AŞPA-da bu qətnamə layihəsinin qarşısını almağa çalışan ermənipərəst qüvvələrin güclü müqaviməti ilə üzləşsək də, gərgin mübarizədən sonra bu adlı məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinə nail olduq, Bosniya və Herseqovinalı deputat Miliça Markoviç  qətnamə üzrə məruzəçi təyin edildi.

AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistanın AŞPA katibliyinə cavabı qeyri-ciddi və gülünc idi. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət görmüşdü. Ermənistanın bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina etdi və onun beynəlxalq müstəqil ekspertlə birlikdə faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsinə imkan vermədi. Həmin dövrdə Ermənistan hakimiyyəti bütün resurslarını səfərbər edərək məruzəçiyə təzyiqlər göstərirdi və bu qətnamənin AŞPA gündəliyindən çıxarılmasına çalışırdı. Ermənistanın destruktiv fəaliyyətinə baxmayaraq, səylərimiz nəticəsində AŞPA-da xanım Markoviçin məruzəsi əsasında “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı 2085(2016) saylı qətnamə qəbul edildi. Bu qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi qeyd edilir, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənir, qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilir və, nəhayət, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilirdi.

Eyni zamanda qətnamədə göstərilirdi ki, su anbarı hər hansısa bir səbəb üzündən qəzaya uğrasa, yaranmış fəlakətin, faciənin məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür.

Əfsuslar olsun ki, digər beynəlxalq qurumların qəbul etmiş olduğu qərarlar kimi bu qətnamə də kağız üzərində qaldı. Bölgədə beynəlxalq hüququn pozulmuş normalarını yalnız rəşadətli Azərbaycan Ordusu bərpa etdi. Artıq Azərbaycanın tarixi qələbəsini və Ermənistanın məğlubiyyətini özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli bəyannamənin imzalanmasından sonra ölkəmiz yenidən özünün ayrılmaz hissəsi olan Qarabağ bölgəsindəki su ehtiyatlarından, o cümlədən Sərsəng su anbarından istifadə etmək imkanı əldə etdi.

Sonda, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi “beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır”.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! 

Elxan Süleymanov,

AVCİYA prezidenti