ƏHMƏDOV Riad Fikrət oğlu

MİRZƏYEV Yusif Vəli oğlu
ŞÜKÜROV Şahlar Əvəz oğlu
MANSUROV Bəhruz Qəhrəman oğlu

(20.12.1956, Bakı ş. – itkin düşüb) – Azərbaycanın Milli Qəhrəmanı (7.7.1992, ölümündən sonra).

20 dekabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1972-ci ildə Bakıdakı 134 saylı məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti – red.) daxil olmuşdur. O, 1976-cı ildə hüquq fakültəsini bitirib, 1981-ci ilə qədər Respublika Ədliyyə Nazirliyində hüquq məsləhətçisi işləyir. İşlədiyi müddətdə kollektivin dərin hörmətini qazanır. Lakin bu iş Riadın ürəyincə deyildi. O, sərhədçi olmaq arzusunda idi. Onun ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda doğulsa da, 1918-ci ildə erməni daşnaqlarının təzyiqi altında Naxçıvana köçməyə məcbur olmuşdur. O, Azərbaycanın ilk sərhədçilərindən idi. Məhz bu peşədə o, Polkovnik-leytenant rütbəsinəcən yüksəlmiş, ad-san çıxarmışdı. Riadın ana babası Polkovnik-leytenant Məcid Məmmədov isə Böyük Vətən Müharibəsində həlak olmuşdu. Döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə iki dəfə «Qırmızı Ulduz» ordeni, «Qırmızı Bayraq» ordeni və çoxlu sayda medallarla təltif olunmuşdur. Bax elə buna görə də bu ailədə hərbçi peşəsinə böyük hörmət bəslənilirdi. Buna görə də Ali Hərbi məktəbdə təhsilini davam etdirməyi qərara alır. 1982-ci ildə Minsk Ali Hərbi Məktəbinin müdavimi olan Riad Əhmədov Bakıya qayıdır və Milli Təhlükəsizlik Nazirliyində əks-kəşfiyyatçı kimi fəaliyyətə başlayır.
Azərbaycan torpağında gedən müharibə bir zabit kimi onu rahat buraxmırdı. Elə buna görə də o,bütün bacarığını əsirgəmədən Milli Ordunun yaradılması işinə qoşulur.
Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez Qarabağın sərhəd bölgələrinə gedirdi. O, döyüşlərin fəal iştirakçısına çevrilmişdi. 1991-ci ildə erməni yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən biri sayılan Çaykəndin azad edilməsi əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görülür. O, artıq polkovnik-leytenant rütbəsində idi…
1992-ci ilin yanvarı… O, keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusi təyinatlı dəstə yaradır. Bu dəstə Şuşada, Goranboyda və Qarabağın digər döyüş bölgələrində böyük uğurlar qazanır. 1992-ci ilin yanvarın 22-i… polkovnik-leytenant R.Əhmədov öz dəstəsi ilə Şuşaya göndərilir. Onlar əvvəlcədən planlaşdırılan «Daşaltı» əməliyyatında iştirak edəcəkdilər. Bu əməliyyat Daşaltıda sayca 4-cü əməliyyat sayılırdı. Əvvəlki 3 əməliyyatdan 2-i tamamilə baş tutmamış, birində isə düşmən xeyli itki ilə üzləşmişdi. Lakin kəndi tutmaq mümkün olmamışdı.
Yanvarın 26-ı… Daha bir çətin döyüş tapşırığı… Riad dəstədən 11 nəfər götürərək Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltı kəndinə yollanır. Vəziyyət gözləndiyindən də ağır idi. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə Riad itkin düşür.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əhmədov Riad Fikrət oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.
 
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 71-72