Bakıdakı tıxacların ölkədaxili miqrasiya ilə bağlılığı və bu problemlərin həlli yolları

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Avropa Komissiyası: Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti cinayət məsuliyyəti yaradır
Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı

Son günlər paytaxt və paytaxt ətrafı yollarda nəqliyyat vasitələrinin yaratdığı tıxaclar, vətəndaşların ictimai nəqliyyatdan istifadə etməklə iş yerlərinə və işdən sonra evlərinə çatmaları ilə bağlı izdihamlar və sıxlıqlar problemi cəmiyyətdə ən çox müzakirə olunan məsələyə çevrilib. Doğrudan da insanların hər gün saatlarla yollarda qalması, Bakının küçələrində və şəhərətrafı yollarda nəqliyyat vasitələrinin hərəkətinin faktiki olaraq iflic vəziyyətə düşməsi az qala kollaps halını yaradıb. Bəs belə vəziyyətin yaranmasının səbəbləri nədir? Bu problemi necə həll etmək olar?

Qeyd edilməlidir ki, ölkə paytaxtında yaranmış belə bir ağır vəziyyətin müxtəlif səbəbləri var və bu vəziyyətdən çıxmaq üçün kompleks tədbirlərin görülməsi zəruridir. Bu problemi köklü şəkildə həll etmək və paytaxtın normal həyat ritmini təmin etmək məqsədilə qısa zaman ərzində həm infrastruktur səviyyəsində, həm də idarəetmə səviyyəsində bir sıra radikal və effektiv addımların atılmasına ehtiyac var.

Bununla yanaşı, Bakıda, əsasən də şəhərin mərkəzində insanların şəxsi avtomobillərdən istifadə olunmasından imtina etməsi üçün münbit şərait yaradılmalıdır. Bunun üçün müasir ictimai nəqliyyat infrastrukturunun qurulması ilə yanaşı, daha  sürətli, komfort, rahat və ən başlıcası, əhalinin bütün təbəqələri üçün əlçatan ictimai nəqliyyat şəbəkəsi formalaşdırılmalıdır. Eyni zamanda şəhərdə avtomobillərin parklanma siyasətinə yenidən baxılmasına, səkilər və əksər yolların parklanmadan təmizlənməsinə, insanlar üçün geniş və rahat piyada zonalarının qurulmasına ehtiyac var.

Bununla yanaşı, dövlət qurumları və universitetlər, elmi-tədqiqat institutları Bakıda yerləşir. Bakıda neçə illərdir müasir yaşayış komleksləri  tikilib istifadəyə verilir. Əvvəllər 2-5 mərtəbəli binaların olduğu və az insanın yaşadığı ərazilərdə indi 16-20 mərtəbəli çoxmənzilli binalar ucalıb və bu proses davam edir. Bu işlər sayəsində Bakı və Abşeronda hər kvadrat metrə düşən insanların sayının dəfələrlə artmasına gətirib çıxarıb, bir çox hallarda isə avtomobil yollarının, küçələrin eni dəyişməz olaraq qalıb. Bu isə yollarda tıxacların yaranmasını qaçılmaz edib.

Qeyd edilənlərlə yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, Bakı şəhərində yaranmış tıxacların və insan sıxlığının əsas səbəblərindən və bəlkə də ən həlledici amillərindən biri ölkə daxilində baş verən demoqrafik proseslər, daha konkret desək, ölkədaxili birtərəfli miqrasiya prosesidir. Belə ki, sovetlər dövründə Bakı şəhərinin infrastrukturu təxminən 1 milyon əhali üçün formalaşmışdı. Lakin  müstəqillik illərində müxtəlif səbəblərdən ölkənin regionlarından insanların Bakıya və Abşeron yarımadasına kütləvi yerdəyişmələri baş verdi. Bu gün bu ölkədaxili yerdəyişmələr nəticəsində Bakı və ətraf ərazilərdə məskunlaşmış insanların sayı dəfələrlə artmışdır, müxtəlif yaxınlaşmalara görə, hazırda ölkə əhalisinin təqribən 30-45%-i Bakı və Abşeronda yaşayır. Bu faktiki olaraq, ölkə ərazisi üçrə əhalinin paylanmasında tarazlığın pozulmasına gətirib çıxarıb.

Göstərilənlər nəticəsində Azərbaycanın rayonları, qəsəbələri və kəndləri de-fakto boşalma təhlükəsi ilə üzləşərək ciddi tənəzzülə məruz qalmış, həmin ərazilərdə əhalinin sayı ciddi şəkildə azalmışdır. Vaxtilə Azərbaycanın hər bir yaşayış məntəqəsində fəaliyyət göstərmiş mədəniyyət klubları ləğv edilmiş, kənd kitabxanaları bağlanmış, məktəblərdə şagirdlərin sayı azalmış, bir sıra kəndlərdə məktəblər bağlanmış və bir çoxlarında isə bağlanmaq təhlükəsi ilə üzləşmişdir. Kəndlərdə iş yerlərinin, istehsal müəssisələrinin olmaması səbəbindən iş qabiliyyətli cavan və orta yaşlı insanlar ailəsini dolandırmaq məqsədilə iş axtarışı ilə böyük şəhərlərə, əsasən də Bakı və Sumqayıt şəhərlərinə üz tutmuşdur.

Əsas sənaye və digər istehsal müəssisələrinin, iri özəl şirkətlərin Bakı, Sumqayıt və ətraf ərazilərdə yerləşməsi səbəbindən, ölkədə, faktiki olaraq, bir mərkəzli, elmi dildə desək, vahidmərkəzli inkişaf modeli formalaşmış və bu daxili miqrasiyanı daha da stimullaşdırmışdır.  Hazırda ölkə ərazisi üzrə əhalinin məskunlaşmasında şəhər-kənd arasında qarşılıqlı əlaqəni tənzimləyən tarazlıq pozulmuş vəziyyət halına gəlib.

Eyni zamanda qeyd etməliyik ki, bu vəziyyətdən çıxış yolu ölkənin regionlarında, rayon və kəndlərinə müxtəlif sahələrdə yeni həyat nəfəsi verilməsindən, kənd həyatının cəlbedici vəziyyətə qaytarılmasından keçir. Buna necə nail olmaq olar?

İlk növbədə, Azərbaycan rayon və kəndlərində mənsub olduqları iqtisadi rayonların profilinə uyğun dövlət və özəl istehsal müəssisələri, fermer təsərrüfatları təşkil edilməli, sənaye obyektləri — zavod və fabriklərin tikilməsi, həmin müəssisə və təsərrüfatların yerləşdiyi ərazilərin əhalisi işlə təmin edilməlidir. Rayon və kəndlərdə dövlət müəssisələrində və özəl təşkilatlarda çalışan əməkdaşların maaşlarına əlavələr tətbiq edilməli və insanların həmin müəssisələrdə çalışmaları stimullaşdırılmalıdır. Azərbaycanın regionlarında (rayon və kəndlərində) fəaliyyət göstərən müəssisələrə, fermer təsərrüfatlarında güzəştli vergi sistemi tətbiq edilməlidir, lazım gəldikdə isə subsidiyalar verilməlidir. Bu müəssisələrdə yeni işə düzələn gənc mütəxəssislərin sosial şəraitinin formalaşması, əsasən də mənzillə güzəştli şərtlərlə təmin edilməsi istiqamətində ciddi qərarlar qəbul edilməlidir. Kənd məktəblərində, mədəniyyət müəssisələrində çalışan əməkdaşların maaşlarına əlavələr verilməlidir, onlar müəyyən öhdəliklər müqabilində mənzillə təmin edilməlidir. Kənd təsərrüfatlarına, özəl sektora qısa və uzunmüddətli kreditlər yüksək deyil, aşağı fazilərlə verilməlidir. Sahibkarların və özəl sektorun qarşılaşdığı çatışmazlıqların həllində yerli hakimiyyət biganəlik göstərməməlidir.

Hazırda kənd əhalisi öz məhsullarını birbaşa bazara çıxarmaq imkanından məhrum edilmişdir, bir qrup işbazlar fermerlərin, kənd əhalisinin yetişdirdiyi məhsulları çox ucuz qiymətə (dempinq) alıb, Bakıda baha qiymətə bazarlara çıxarır. Bu isə kənd əhalisinin məhsullar yetişdirmək həvəsini öldürür. Belə ki, onlar ilboyu zəhmət çəkərək öz rifahlarını yaxşılaşdırmağa çalışsa da, onun maddi və maliyyə vəziyyəti daha da ağırlaşır. Buna görə də onlar kənd təsərrüfatı malları tədarük etməkdənsə, Bakıya üz tutaraq başqa işlə məşğul olmağa,  hətta fəhləliyə üstünlük verirlər. Belə halların qarşısını almaq üçün, zənnimizcə, rayonlarda yerli əhalidən və fermer təsərrüfatlarından kənd təsərrüfatı məhsullarının qəbulu üçün vahid mərkəzin yaradılmasına ehtiyac var.

Ümumiyyətlə, əhalinin kəndə qayıdışını stimullaşdırmaq üçün regionlarda istehsal müəssisəkərinin açılması, yeni iş yerləninin yaradılması ilə yanaşı dövlət səviyyəsində həmin müəssisələrdə istehsal olunan məhsulların bazarda rəqabət qabiliyyətliliyinin təmin olunması üçün ölkəyə xarici ölkələrdə istehsal olunan eyni çeşidli mallara nisbətən proteksionist siyasət aparılmalıdır. Daxili istehsalı stimullaşdırmaq üçün dünyanın bütün dövlətləri belə praktikadan geniş istifadə edirlər. Daxili bazarda ölkə regionlarında istehsal olunan mallara alıcılar tərəfindən üstünlük verilməsi məqsədilə eyni çeşidli idxal edilən mallara məhdudiyyətlər, yüksək gömrük rüsumları, müxtəlif tariflər tətbiq edilməsi geniş yayılmışdır. Azərbaycan, hesab edirəm ki, bu praktikadan yararlanaraq rayon və kəndlərdə istehsal sahələrinin genişlənməsinə, çoxsaylı iş yerlərinin açılmasına, həmin müəssisələrdə işləməyin rayon əhalisi üçün daha cəlbedici olmasına, rayonu tərk edərək şəhərlərə gəlmiş insanların öz evlərinə qayıtmasına, ən başlıcası isə, yeni nəsil üçün kəndlərdə yaşamağın daha motivasiyalı olmasına nail olmaq olar. Bu isə öz növbəsində, ölkədə vahidmərkəzli iqtisadi inkişaf modelinin qısa bir zamanda çoxmərkəzli iqtisadi inkişaf modelinə keçidini təmin etmiş olar. Belə bir yaradıcı yanaşma nəticəsində Bakı və ətraf ərazilərdə tıxacların və buna bənzər fəsadların aradan qaldırılmasına, rayonlarda və kəndlərdə həyatın müxtəlif sahələrinin canlanmasına nail ola bilərik.

Və, nəhayət, qeyd etməliyəm ki, regionların inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son onilliklər ərzində imzalanmış dövlət proqramlarının həyata keçirilməsi nəticəsində regionlarda müxtəlif infrastrukturlar formalaşmış, bu dövlət proqramlarının həyata keçirilməsi regionların iqtisadi inkişafında mühüm rol oynamışdır. Odur ki, yuxarıda qeyd edilən problemlərin kompleks həlli məqsədilə regionların inkişafına dair yeni dövlət proqramının təsdiqlənməsinə və həyata keçirilməsinə ümid edirəm.

Elxan Süleymanov,

AVCİYA prezidenti