QASIMOV Muxtar Cahid oğlu

HƏSƏNOV Məhəmməd Ələsgər oğlu
ƏHMƏDOV Əsəd Cəlal oğlu
İSGƏNDƏROV Elton Xaləddin oğlu

(10.1.1958, Beyləqan r-nunun Kəbirli k. – 16.6.1992, Xocalı r-nunun Naxçıvanik k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).

10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Qasımovlar ailəsi 1963-cü ilda doğma ata-baba yurdu olan Ağdam şəhərinə qayıtmışdı. O, 1964-cü ildə atasımn işlədiyi 5 saylı orta məktəbə qədəm basmışdı. Sakit, təmkinli xasiyyəti ilə yoldaşlarından seçilən Muxtar 1974-cü ildə təhsilini əla qiymətlərlə başa vurmuşdu. O, həkimlik peşəsini çox sevirdi. Kamil həkim olmaq üçün bütün fənləri mükəmməl öyrənmişdi. Elə bu arzuyla sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna (red.-indiki Azərbaycan Dövlət Tibb Universiteti) vermişdi. Lakin həmin ili məktəbə daxil ola bilməsə də bu uğursuzluq onu əsla ruhdan salmadı. Bir müddət Ağdam Konserv zavodunda, sonra isə Tikinti-quraşdırma idarəsində əmək fəaliyyətinə başladı. Növbəti ildə isə o, Tibb İnstitutunun müalicə-profılatika fakültəsinə daxil oldu.

1981-ci ildə Universiteti bitirdikdən sonra M.Qasımovu təyinatla Dağlıq Qarabağa yolladılar. O, Xankəndindəki Təcili Yardım stansiyasında fəaliyyətə başladı. 1988-ci ildə erməni yaraqlılarının Azərbaycan torpaqlarına hücumu başlayanda o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olur. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışır. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəmir. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayır. İyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz bilik və bacarığını bir daha nümayiş etdirir. Lakin amansız ölüm ömrünü yarıda qırdı. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 156