AXUNDOV Səfa Fətulla oğlu

HÜSEYNOV Sadıq Dayandur oğlu
NƏSİBOV Mərifət Əhməd oğlu
ƏSƏDOV Malik Hamil oğlu
(19.6.1958, Masallı r. – 28.1.1992, Şuşa r.) – Azərbaycanın Milli Qəhrəmanı (25.11.1992, ölümündən sonra).

1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmişdir. Bir ildən sonra ailəsi Cəlilabad rayonuna
köçdüyündən, orta təhsilini buradakı 2 saylı orta məktəbdə davam etdirmişdir. Orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdur. Səfa hələ orta məktəbdə oxuyarkən təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Aeroportuna gətirib çıxardı. Bir il burada çalışdıqdan sonra Orenburq Mülki Aviasiya Məktəbinə daxil oldu. 1979-cu ildə həmin məktəbi bitirib Vətənə qayıtdı. Onu Yevlax Aeroportunda AN-2 təyyarəsinin pilotu təyin etdilər. Lakin Səfa öz təhsilini bununla yekunlaşdırmadı. Sonra Kiyev Ali Mülki Təyyarəçilər İnstitutunun qiyabi şöbəsi… O, 1987-ci ildə Riqaya köçmüş, gəmi tərsanəsində mühəndis işləməklə bərabər texnikumda müəllimlik də etmişdir. Qarabağ hadisələri başlananda bütün qeyrətli Azərbaycan oğulları kimi onun da dincliyi pozulur.
O, gecə-gündüz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü barədə düşünürdü. Səfa Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Latviyada ilk dəfə olaraq azərbaycanlıları öz ətrafında birləşdirən “Azəri” cəmiyyəti yaradır. Cəmiyyətin fəaliyyət dairəsi getdikcə genişlənirdi.
Səfa Latviyanı qarış-qarış gəzib, buradakı həmvətənlərini həmin cəmiyyətdə birləşməyə səsləyirdi. Cəmiyyətin genişlənməsi nəticəsində azərbaycanlılar Latviya Seymində 3 deputat yeri qazandılar. Bir müddətdən sonra Latviyada bütün müsəlmanları birləşdirən “Müsəlman” Liqasını yaratmağa nail olurlar. Liqa bütün müsəlmanların həyatında böyük rol oynayır, Riqada olan qədim məscidləri təmir edir, kasıblara yaxından köməklik göstərirdi.
Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün çətinləşdirirdi. Erməni quldurları bu siyasətdən istifadə edərək Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqın edirdilər.
Ermənilərin azğın hərəkətləri Səfanı Vətənə dönməyə sövq etdi. O, 1989-cu ildə Bakıya qayıdaraq Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olundu.
Səfa Bakı-Ağdam marşrutu ilə uçurdu. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi. O, yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı. Elə bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
Evli idi. İki oğlu həyatda yadigar qalıb.
Bakının Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuş, rayon mədəniyyət evinə və şəhərin küçələrindən birinə onun adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 27-28
AXUNDOV Səfa Fətulla oğlu 1958-ci il iyunun 19-da anadan olmuşdu. 1975-ci ildə Qubadlı Qəsəbə Orta Məktəbini bitirmişdi. Hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu 1975-ci ildə onu Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra, 1976-cı ildə Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. 1979-cu ildə həmin məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.
1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.
Qarabağ hadisələri başlananda qeyrətli Azərbaycan oğulları kimi Səfa Axundovun da dincliyi, rahatlığı pozuldu. Duz-çörəyimizi, haqq-sayımızı itirən nankor qonşularımızın əsassız torpaq iddiaları gənc Səfanı hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü: “Gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə birinci növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq”.
Səfa Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qürbət eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələri ilə çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu.
Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Moskva əsassız ərazi iddiaları qaldıran ermənilərə öz qəti sozünü demir, əksinə, millətlərarası ədavəti qızışdırır, Azərbaycanın daxili işlər orqanlarında avtomat silahların, hətta əhalidən ov tüfənglərinin yığışdırılması barədə qərar verir, bu sahədə Ermənistanda heç bir tədbir görülmürdü. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Səfanın səbrini tükəndirmişdi. O, cəmiyyətin 1990-cı ilin iyun ayında keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Şair demişkən, indi hünər vaxtı, qeyrət dəmidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”.
Səfa Axundov sözünə əməl etdi. 1990-cı il iyul ayının əvvəlində Vətənə yola düşdü. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Səfagilin həyəti yanvarın 28-də Şuşa şəhərinə iki dəfə müvəffəqiyyətli uçuş həyata keçirdilər. Üçüncü uçuşda Səfanı ehtiyat pilotla əvəz etmək istədilər. Lakin S.Axundov bu qərarla razılaşmadı.: “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” dedi. Mİ-8 vertolyotu Qarabağ səmasında 3000 m yüksəklikdə uçur, Şuşa şəhərinə yaxınlaşırdı. Uçuşu müşahidə edənlərin dediklərinə görə, yanvarın 28-də saat 16.20 dəqiqədə bizim vertolyot Xankəndi istiqamətindən atılan “Stinger” raketi ilə vuruldu. Güclü partlayış səsi eşidildi və vertolyotu tüstü bürüdü. Həmin anda vertolyot 2000-2200 m yüksiklikdə idi. Güclü atəşdən Mİ-8-in mühərriki alışıb yanırdı. İkiyə bölünmüş gövdədən 6-7 sərnişin yerə düşdü. Özlərini itirməyən heyət vertolyotu təhlükəsiz yerə Kərkicahan qəsəbəsi yaxınlığındakı yola endirməyə cəhd göstərdi. Lakin bu mümkün olmadı. Artıq idarə olunmayan vertolyot dağın sıldırım qayalarına dəyib parça-parça oldu. Üç heyət üzvü və 40 nəfər sərnişin faciəli sürətdə həlak oldu. Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. Günahsız adamların faciəli surətdə həlak olmasını gözləri ilə görən şuşalılar bu dəhşətli hadisəni unuda bilmirlər. Jurnalist Təranə xanım böyük ürək ağrısı ilə deyir ki, mən kişilərin sarsıldığını, ağladığını görməmişdim. Həmin gün hamı ağlayırdı, dağ-daş da qan yaş tökürdü. İnanıram ki, bu dəhşətli hadisə tarixin səhifələrinə düşəcək, gələcək nəsillər, dünyanın qeyri-türk millətləri də ermənilərin bu murdar, son dərəcə qəddar, superfaşist hərəkətlərini lənətləyəcəklər. Bu, əlbəttə, gələcəyin işidir. Ancaq biz qisasımızı bu gün almalıyıq.
1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında məzara tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Səfa Axundov ailəli idi. Onun iki oğul yadigarı qalıb. Ata həsrəti ilə yaşayan Yusif və Emin orta məktəbdə oxuyurlar. Uzun illər milis sistemində işləmiş şəhid atası Fətulla Axundov və müəllimə işləmiş şəhid anası Maya Məmməd qızı təqaüdçüdürlər. Onlar ailənin sevimli oğlu Səfanın ətrini şirin-şəkər nəvələrindən alır, uşaqları ovundurur, xiffət etməyə qoymur, gələcəkdə ataları kimi qeyrətli vətəndaş olmaq ruhunda tərbiyə edirlər.
Səfa Axundov son dərəcə mehriban ailə başçısı idi. O, son illərdə çəkdirdiyi bir şəklin arxasında yazmışdır: “Nə vaxtsa oğlanlarıma acığınız tutub onları tənbeh etmək istəsəniz, o zaman məni gözlərinizin qarşısına gətirin və mənim xatirimə onlara toxunmayın”. Elə bil ki, Səfa dünyasını dəyişəcəyini bilirmiş. Ona görə də öz sevimli balalarının qəlbinə dəyməməyi vəsiyyət edirmiş. Bəlkə də buna görə, mehriban bir ailə başçısı, sədaqətli bir ər olduğuna  görə onun ömür yoldaşı da çox yaşamayıb, dünyasını dəyişdi. Atasız böyüyən uşaqlar ikinci zərbəyə məruz qalaraq analarını da itirdilər.
Səfa Axundov qeyrətli, vətənpərvər bir oğul olduğu kimi, həm də gözəl xasiyyətli bir insan idi. O, ailənin sevimli oğlu, qohum-əqrəbanın istəklisi idi. El-oba, dost-tanış və iş yoldaşları arasında böyük hörmət qazanmışdı. Qohumlar Səfanı, Səfa da qohumlarını hədsiz dərəcədə çox sevirdi. Amma bu mehribanlıq aləmində Səyyarə xanım-Səfa-xala-bacıoğlu istəyi xüsusi yer tuturdu. Bu istəkdən qohumlar nəinki incimir, Səfadan yerdən göyə qədər razı qalırdılar. Səfanın başqa xalaları da var. Bəs nə üçün birini daha çox istəyirdi? Bu istəyin qısa bir tarixçəsi var idi. Hələ uşaqlıq çağlarında Səyyarə xanım Səfanı öpüb əzizləyəndə bircə dəfə demişdi ki, sən mənim təkcə bacım oğlu yox, həm də oğlumsan, çünki mənim oğlum yoxdur. Bu sözlər Səfanın qulaqlarında qalmışdı. Ona gərə də sevimli xalasını hamıdan çox istəyirdi. Uzaq ellərdə olanda da Səfa Səyyarə xanımı bir an belə unutmur, onunla məktublaşır, telefonla danışır, tez-tez görüşünə gəlirdi. Buna görə də bu cür əvəzsiz insanı itirmək Səyyarə xanım üçün hədsiz dərəcədə ağırdır. Səfa barəsində nə qədər danışsa da, televiziya-radio verlişlərində çıxışlar etsə də, müxbirlərə müsahibələr versə də, bədii yazılar yazsa da, toxtamır, ürəyi soyumur. Səyyarə xanım deyir ki, Tanrı Səfanı yaradanda ondan heç nə əsirgəməmişdi. Ona uca boy, enli kürək, yaraşıqlı qamət, gözəl xasiyyət vermişdi. Gözəl şair və tərcüməçi idi. Namuslu, qeyrətli, vətənpərvər oğul idi. Səfa Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda özünü pərvanə kimi oda-közə vururdu. Vətən, xalq yolunda da öz canını əsirgəmədi.
Qədirbilən xalqımız öz qeyrətli oğlunun əməyini yüksək qiymətləndirmişdir. Cəlilabad Şəhər Mədəniyyət Evi və şəhərin gözəl küçələrindən biri onun adını daşıyır. Şəhər Mədəniyyət Evinin qabağında qəhrəmanın büstü qoyulmuşdur. Səfa Axundovun təşəbbüsü ilə yaradılmış Latviya-Azərbaysan Əlaqələr Cəmiyyətinə də onun adı verilmişdir.
Əd.: Tarıyel Cahangir “Vətən oğul istəyəndə”, “Günəş” nəşriyyatı, Bakı, 1998, s. 30-34