Ağ Evin saytına yerləşdirilən petisiya ilə bağlı İqtisad Universitetində görüş keçirilib

“Kimsəsiz Yeniyetmələr üçün Sosial İnteqrasiya İmkanları Yaradaq”
Sual-cavab
AVCİYA Saatlıda 2009 – cu ildə seçkilərlə bağlı ilk seminarını keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obamaadministrasiyasına ünvanlanan Dağlıq Qarabağa dair “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya çərçivəsində Azərbaycan İqtisad Universitetinin tələbələri ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, universitetin prorektoru, iqtisad elmləri namizədi Şaiq Əsgərov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya haqqında tələbələrə məlumat verib, layihənin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfüqarlı qeyd edib ki, Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində 142 min səs toplanıb: “Səsvermədə İqtisad Universitetinin tələbələrini fəal olmağa çağırırıq. Sizin hər bir səsiniz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır, bizim problemlərimizə diqqət çəkir. Səsvermə davam edir və inanıram ki, bütün Azərbaycan gəncliyi fəal olacaq”.

M. Zülfüqarlı əlavə edib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırırlar.  Səsvermə mayın 6-dək davam edəcək.  Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.