ALLAHVERDİYEV Namiq Müslüm oğlu

ABDULLAYEV Rövşən Əbdülhüseyn oğlu
TAĞIYEV Şahin Talıb oğlu
ƏSƏDOV Əsəd Soltan oğlu

(5.10.1967, Beyləqan r. – 9.7.1992, Tərtər r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra), polis çavuşu.

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsində xidmət etmişdir. Tərtər rayonunun Cəmilli kəndu uğrunda gedən döyüşdə həlak olmuşdur.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1 cild, Bakı, 2009, s.335-336
1984-cü ildə Beyləqan şəhərindəki 1 saylı orta məktəbi bitirdikdən sonra fotoqraf kimi əmək fəaliyyətinə başlamışdır. 1985-ci ildə hərbi xidmətə çağırılmışdır. 1987-ci ildə xidmətini Moskva şəhəri ətrafında başa vuraraq, ata yurduna dönmüşdür.
1988-ci il… Qarabağ münaqişəsi… Bu, Namiqə gecə-gündüz rahatlıq vermirdi. Münaqişə isə getdikcə dərinləşir, əsl müharibəyə çevrilirdi. Ayrı-ayrı bölgələrdə yerli əhali könüllü müdafiə dəstələri yaradaraq, torpaqların müdafiəsinə qalxırdı. Könüllü müdafiə dəstəsinə ilk yazılanlardan biri də Namiq oldu. O, şərəfli döyüş yolunu 1990-cı ildə Qubadlı rayonunun Əliquluuşağı kəndindən başladı. N.Allahverdiyev neçə-neçə səngər yoldaşını itirsə də, heç vaxt ruhdan düşmür, hər yerdə azğın düşmənə layiqli cavab verməyə çalışırdı. O, 1991-ci il avqustun 31-dən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil oldu və yenidən döyüş meydanına atıldı, Şuşanın müdafiəsində fəal iştirak etdi. Cəsur əsgər Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmaqla yanaşı, neçə-neçə girovun geri qaytarılmasında da yaxından iştirak etdi.
Onun axırıncı döyüşü Tərtər rayonunda oldu… Azərbaycan Ordusunun birbirinin ardınca qazandığı parlaq qələbələr düşməni pərən-pərən salmışdı. Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndləri artıq düşmən tapdağından azad edilmişdi. 9 iyul 1992-ci ildə erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum etdilər. Namiq düşməni qabaqlamaq üçün döyüşçü yoldaşları ilə birlikdə yüksəkliyə qalxıb mövqe tutdu. Elə bu vaxt güclü partlayış eşidildi. Tankdan atılan mərmi Namiqin həyatına son qoydu.
Subay idi.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Beyləqan şəhərindəki 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Rayon mərkəzində büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 35